Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəxtiyar Hacıyev həbsdə aclığa başladığını açıqladı
Bəxtiyar Hacıyev həbsdə aclığa başladığını açıqladı

İctimai fəal Bəxtiyar Hacıyevin vəkilləri onun haqqındakı həbs qərarından apellyasoya şikayəti vermişdi. Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Qapalı keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyevin özü də iştirak edib. İctimai fəalın vəkilləri Elçin Sadıqov və Aqil Layıcın Bizimyol.info-ya verdiyi məlumata görə, Bəxtiyar Hacıyev bu gündən aclığa başladığını elan edib. O, barəsindəki cinayət işinin əsassız olduğunu və bu üsulla baş verənlərə etiraz etdiyini bildirib.

Bundan başqa, Bəxtiyar Hacıyev ailə üzvlərilə ünsiyyət imkanlarının da məhdudlaşdırılmasından gileylənib. O bildirib ki, həbsdə olmasına baxmayaraq, həftədə iki dəfə telefonla danışmaq, ailə üzvlərilə görüşmək hüququ var. Lakin dekabrın 9-da həbs olunandan bu yana yaxınlarıyla nə görüşə bilib, nə də telefonla danışıb.

Məhkəmədə çıxış edən müstəntiq isə Bəxtiyar Hacıyevin iddialarının əsassız olduğunu, onun konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edildiyini söyləyib.

Məhkəmə iclasında Bəxtiyar Hacıyevin hüquqlarını 7 vəkil müdafiə edib. Onlar bildirib ki, Hacıyev haqqında həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas yoxdur. Çünki o, istintaqdan yayınmayıb, yaşayış yeri məlumdur, ittiham olunduğu cinayət ağır cinayətlər kateqoriyasına aid deyil və s. İctimai fəalın təqsirsiz olduğunu vurğulayan vəkilləri vurğulayıb ki, məhkəmə öz təşəbbüsüylə alternativ qətimkan tədbiri (ev dustaqlığı və s.) də seçə bilər.

Lakin apellyasiya məhkəməsi birinci instansiyanın qərarını dəyişməyib. Bəxtiyar Hacıyevin istintaq dövründə həbsdə saxlanması haqda Xətai rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bəxtiyar Hacıyevin aclığa başlaması haqda dediklərinə hələlik Penitensiar Xidmət heç bir münasibət bildirməyib.

Xatırladaq ki, dekabrın 9-da Xətai rayon Məhkəməsində Bəxtiyar Hacıyev barəsində ilkin istintaq dövrü üçün 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Uzun müddətdir ki, Bakı şəhər Baş Polis İdarəsində bu məsələ ilə bağlı araşdırma gedirdi. Bəxtiyar Hacıyev və jurnalist Ülviyyə Alovlu bir-birindən şikayətçidir.

Ülviyyə Alovlu Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevin onu vurduğunu iddia edirdi. Hacıyev isə qarşı tərəfin ona böhtan atdığını deyirdi. İctimai fəal iddia edir ki, onun həbs edərək cəzalandırmaq üçün Alovludan istifadə olunur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »