Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qələbənin yaratdığı korrupsiya fürsətləri: "Texnikalar Qarabağdadır, bir az da dözək"
Qələbənin yaratdığı korrupsiya fürsətləri: "Texnikalar Qarabağdadır, bir az da dözək"
Binəqədi rayonu Biləcəri qəsəbəsində qəsəbədaxili yolların bərbad gündə olması və illərdir bu yollara bir əncam çəkilməməsi ilə bağlı problemə ötən yazılarımızda dəfələrlə toxunmuşduq. Müxtəlif yerli televiziya kanallarının əməkdaşları bu problemi çəkiliş və reportajlarla işıqlandırıb, ictimaiyyəti, eləcə də aidiyyəti qurumları xəbərdar etsə də, vəziyyət yenə həminki kimidir. Biləcəri qəsəbəsi necə deyərlər, yerində saymaqda davam edir.

Ötən ay dövlət büdcəsindən AAYDA-ya ayrılan və Biləcəri qəsəbəsi də daxil olmaqla, başqa üç belə qəsəbənin də daxili yollarının asfalt örtüyü ilə təmin edilməsi üçün 5,3 milyon manat vəsaitin hara xərcləndiyi, bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də nə üçün heç bir iş görülmədiyi qeyri-müəyyən olaraq qalır. AAYDA və bu kimi “puləritmə maşını” olan qurumların hər il dövlət büdcəsindən ayrılan vəsaiti bir qurtumda udması, ilk belə hadisə deyil. Ancaq bu problemin artıq sonuncu belə hadisə olması üçün nəzarət qurumlarının, eləcə də Baş Prokurorluq və aidiyyəti hüquq-mühafizə orqanlarının hər il dövlət büdcəsindən ayrılan bu milyonlarla manat vəsaitin hara xərclənməsi ilə bağlı ciddi təftiş aparmasına, hesabat tələb etməsinə ehtiyac var.

Problemə qarşı göstərilən laqeydliyə yerli sakinlərdən biri etiraz edir: "Bir aydan çoxdur, dövlət sənin qurumuna 5,3 milyon manat vəsait ayırıb ki, qəsəbədaxili yolları abadlaşdırıb, əhalinin bu yöndə narazılıqlarına son qoyasan, gördüyün iş hardadır? Vəsaitdən xərcləmisənmi? Xərcləmisənsə, hesabatını ver, yox, xərcləməmisənsə, onda nəyi gözləyirsən? Nə üçün bu qədər etiraza, narazılığa tədbir görmürsən? Vətəndaşları dövlətdən niyə narazı salırsan? Sənə dövlət maliyyə ayırır ki, insanları gözlədib, səbr kasasını daşırasan, ya məqsədli şəkildə öz dövlətinə qarşı süni narazılıqlar yaradasan? Nə üçün verilən tapşırığı vaxtında və vicdanla icra etmirsən?!"

Təbii ki, bütün bu sualları yönləndirməli olan yerli qəsəbə sakinləri yox, dövlətin həmin qurumlara nəzarət mexanizmini həyata keçirən şöbələr və hüquq-mühafizə orqanları olmalıdır. Amma görünən odur ki, yanıb-sönən, səs-küy salan bu “həyəcan siqnalı” yuxarılardan heç kəsi ayılda bilmir.

İllərdir Brazilyanın Pantanal bataqlığını xatırladan, aylardır telekanalın biri gəlib, o biri gedən Biləcəri qəsəbəsində nəhayət ki, bələdiyyə sədri ilə görüşüb, reportaj hazırlamaq imkanım da oldu. Yuxarıdakı suallarla bərabər Biləcəri bələdiyyəsi ilə bağlı ictimaiyyətdə tez-tez hallanan, amma rəsmi cavabı olmayan sualları da bələdiyyə sədri Ehtibar Cabbarova yönəltdim. Səmimiyyətlə bütün suallarımızı cavablandıran sədr, həm də bələdiyyənin nə üçün maliyyə hesabatı verməməsi, eyni zamanda qəsəbədaxili yollara nə üçün asfalt örtüyü çəkilməməsi ilə bağlı sualları da cavablandırdı. Bələdiyyə sədri qeyd edir ki, ötən ay 5,3 milyon manat vəsait bələdiyyəyə yox, AAYDA-ya ayrılıb və yolları çəkməli olanlar da onlardır:

Etibar Cabbarov, Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov

“Bildiyiniz kimi, bələdiyyə orqanı vergi sistemi ilə özü-özünü idarəedən qurumdur. Yol problemi ilə əlaqədar mənə dəfələrlə müraciət olunub ki, pul yığaq, bu məsələni həll edək, amma mən razı olmamışam. Əhalidən pul yığılmasının əleyhinəyəm, o işləri görməli olan bələdiyyədir. Amma bələdiyyənin həmin problemləri aradan qaldırması üçün maliyyə imkanına ehtiyacı var. Məndən əvvəlki bələdiyyə sədrinin zamanında Vergi Xidmətinə ciddi vergi borcu yarandığı üçün bu gün bizim bələdiyyənin hesabı bağlıdır, ona görə də dolğun hesabat verə bilmirik. Mənim zamanımda isə vergi yığımı 170% artırıldı. Biz vergilərlə büdcəmizi formalaşdırıb, yol, infrasturuktur və bu kimi problemləri həll etmək niyyətindəyik. Hesabımız qapalı olduğundan, həm dövlət tərəfindən subsidiya ayrılmır, həm də maliyyə hesabatı vermək çətinləşir. Biz bu yollarla bağlı AAYDA-ya “Azəryolservis”ə dəfələrlə müraciət etmişik ki, bu yolları da öz qaydasına salsınlar, abadlaşdırsınlar. Çünki bu işlərə onlar baxır. Bu qurum olmadan bələdiyyə yollara asfalt çəkə bilmir. Həm də asfalt çəkmək çox maliyyə vəsaiti tələb edən bahalı bir işdir. Mən də Biləcəridə yaşayıram, öz məhəlləmizin də yolları bərbad gündədir, amma nə etmək olar? Sadəcə səbrli olub, bir az da dözməliyik. Hal-hazırda işğaldan azad olunmuş torpaqlarımızda geniş abadlıq, quruculuq işləri gedir, yol-tikinti texnikalarının da hamısı həmin ərazilərə cəlb olunduğundan, burdakı aidiyyəti qurumların əlində yetərincə texnika qalmayıb. Yəqin ki, ordakı işlər yekunlaşandan sonra həmin texnikalarla burdakı yol problemi də öz həllini tapacaq. Söz verilib ki, ordakı işlər bitəndən sonra bütün texnikalar Binəqədi ərazisinə cəlb olunacaq, nə qədər problemli yollar varsa, hamısı həll ediləcək, sadəcə bir qədər də səbrli olmaq lazımdır”,– deyə Biləcərinin bələdiyyə sədri Ehtibar Cabbarov yol problemi ilə bağlı suallarımızı cavablandırarkən bildirib.

Səmimi cavablara görə sədrə minnətdarıq, amma texnikaların işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi ilə bağlı ortaya bəzi suallar çıxır. Məsələn, oktyabr ayında dövlət rəhbərliyi AAYDA-ya 5,3 milyon manat vəsait ayırıb, qəsəbədaxili yolların abadlaşdırılması yönündə tapşırıq verəndə, bəyəm bilmirdi ki, texnikalar Qarabağda tikinti-quruculuq işlərinə cəlb olunub və indi həm bələdiyyənin, həm də AAYDA-nın əlində yetərincə texnika yoxdur? Əlində heç bir texnikası olmayan quruma milyonlarla manat vəsait niyə və nə səbəbə ayrılmalıdır? Sədrin gətirdiyi arqumentdən bu nəticə hasil olur ki, dövlət özü bilə-bilə maliyyə yeyintisinə şərait yaradır.

Biləcəri sakinləri isə elə sədrin də qeyd etdiyi kimi səbrli, təmkinli olmalıdır. Eynilə 30 il ermənilərlə səbr və təmkinlə davrandığımız kimi. Bəlkə bir gün Binəqədini də azad edərik...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »