Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşları hədələyərək vergi tələb edirlər: "Tam qanunsuzdur"
Vətəndaşları hədələyərək vergi tələb edirlər: "Tam qanunsuzdur"
Bəzi bələdiyyələrin hər ilsonu qanunsuz bildirişlərlə yerli sakinləri hədələməsi və boğaza yığması, artıq dəb halını alıb. Xüsusilə Binəqədi rayonu Biləcəri qəsəbəsinin bələdiyyə sədri Ehtibar Cabbarov hər ilin sonunda bu qurumun ərazi müfəttişlərini Biləcərinin palçıqdan, gölməçələrdən yaranan “tank keçməz” yollarına salaraq, qanunsuz bildirişlər paylatdırır. İllik maliyyə hesabatı verməyən, amma hər ilin sonunda qəsəbə sakinlərindən vergi hesabatı tələb edən bələdiyyə sədri, həm də verdiyi sözləri tutmamaqla, problemləri gözardı etməklə özünü ciddi şəkildə nüfuzdan salıb.

Biləcərinin qəsəbədaxili yollarına asfalt çəkiləcəyi, işıq dirəkləri və zibil qabları qoyulacağını bildirən sədr Etibar Cabbarov haqqında redaksiyamıza hər gün yeni bir məlumat daxil olur. Rəhbərlik etdiyi bələdiyyənin telefonları işləmədiyi üçün həmin məlumatları da özü ilə dəqiqləşdirə bilmirik. Milli mentalitetimizdə isə susmaq, “qəbullanmaq” kimi şərh olunur...

Ötən yazımızda suallarımızı bələdiyyə sədrinin yerinə ərazi müfəttişi cavablandırmışdı. Ancaq o, bütün suallara cavab vermək iqtidarında deyil, bunu özü də etiraf edir. Ehtibar Cabbarovun verdiyi sözləri nə üçün tutmadığını, nə üçün maliyyə hesabatını açıqlamadığı, müfəttişləri hər ilsonu yerli sakinlərin canına nə üçün saldığını sıravi bir ərazi müfəttişi hardan bilsin ki?..

Söhbət həm də qanunsuz bələdiyyə bildirişlərindən düşmüşkən, bu barədə ekspert rəyinin həm bizi, həm də oxucularımızı aydınladacağı qərarına gəldim. Bunun üçün də əmlak eksperti Elnur Fərzəliyevlə söhbətləşdim. Ekspert bildirdi ki, bələdiyyələrin sakinlərdən vergi toplamaq hüququ var. Ancaq gərək, həmin ev və torpaq sahələrinin çıxarışı olsun:

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Çıxarışı olmayan əmlak qanunvericiliklə vergi ödəməməlidir. Amma torpaqlar var ki, onlar əvvəllər bələdiyyə torpaqları olub və həmin qurumlar tərəfindən satılıb. Vətəndaşlar həmin ərazilərdə mənzillər inşa ediblər. İndi bələdiyyələr öz torpaqları olduğu üçün həmin ərazilərdən vergilər yığır. Bəs bələdiyyənin çıxarışı olan torpaq və mənzildən hansı halda vergi almaq hüququ var? Buna aydınlıq gətirək: icarə müqaviləsi ilə verdiyi ərazilər ki var, həmin yerlərdən vergi yığmaq hüququ var, icarə pulunu nəzərdə tuturam. Amma təəssüflər olsun ki, bu gün həmin ərazilərdə çıxarışların olmaması səbəbindən həm vətəndaşlar əziyyət çəkir, həm də bələdiyyə və dövlət büdcəsi vergilərdən yararlana bilmir. Bəli, qanunvericilikdə çıxarış olmalıdır ki, bu sənəd üzərindən bələdiyyə vergi toplaya bilsin. Əgər bu sənəd yoxdursa, bələdiyyə vətəndaşdan vergi tələb edə bilməz. Bələdiyyələrin şəhərtipli ərazilərdə gözlə görülən bir funksiyası olmasa da, yaşayış yerləri olan ərazilərdə onların görməli olduqları işlər çoxdur. Yəni indi nə işlər görürlər, deyə bilmərəm, ancaq görməli olduğu işlər, gördüyü işlərdən çoxdur”.

Ekspert Elnur Fərzəliyev bələdiyyənin vətəndaşa 15 illik vergi hesablamasının da qanunsuz olduğunu da bildirib: “Bu, tam qanunsuz fəaliyyətdir. Bələdiyyə vətəndaşdan bu cür vergi öhdəliyi tələb etdiyi zaman, vətəndaşın tam hüquqla məhkəməyə müraciət etmək səlahiyyəti var. Çünki bu cür məsələlər məhkəməlikdir. Əgər bələdiyyə üç il yerinə, on beş ilin vergisini vətəndaşdan tələb edirsə, onda həmin qurum qanun qarşısında cəzalandırılmalıdır”.

Biləcəri Bələdiyyəsinin vergisini ödəməyən vətəndaşları İcra və Probasiya şöbəsinə verəcəyi ilə bağlı təhdid etməsi və vergilərin həmin şöbə yolu ilə qəsəbə sakinlərindən məcburi şəkildə alınacağı məsələsi barədə ekspert bildirib ki, bələdiyyə həmin şöbəyə birbaşa müraciət edə bilməz: “Probasiya şöbəsinə o halda müraciət edə bilərlər ki, ortada məhkəmə məsələsi var və həmin məhkəmə qərar çıxarır. Yalnız həmin qərarın icrası üçün adıçəkilən şöbəyə müraciət oluna bilər. Əgər ortada bir məhkəmə qərarı yoxdursa, Probasiya şöbəsi vətəndaşdan nəsə tələb edə bilməz”.

Qeyd edək ki, vergi tələb olunan vətəndaşlar Biləcəri Bələdiyyəsindən maliyyə hesabatı tələb etsə də, Bələdiyyə imtina edir. Çünki bələdiyyənin sədri hesabat verməyə yox, "hesab" almağa fokuslanıb...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »