Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu qələbədə diasporun çox böyük dəstəyi və faydası vardı" - Video
"Bu qələbədə diasporun çox böyük dəstəyi və faydası vardı" - Video

İstanbul-Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) 2010-cu ildə yaradılıb. Dərnəyin yaradılmasında məqsəd Türkiyə və Azərbaycan arasında olan dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək olub.

Dərnəyin başqanı Səfər Qaraqoyunlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dərnəyin yaradılması zamanı əsas missiyası həmin dövrlərdə hər kəsin yaralı yeri olan Qarabağ məsələsini dünyaya gündəmə gətirə bilmək idi.

“Azərbaycan diasporu bütün dünyada güclüdür. Biz bu gücün sayəsində Qarabağı ala bildik. Hardasa 30 il dünyanın hər yerində hər kəs Qarabağ məsələsini gündəmə gətirdi. 2020-ci ildə 30 illik işğal sona çatdı. Azərbaycanın igid oğulları, Azərbaycan xalqının dik duruşu və Türkiyənin mənəvi dəstəyi ilə qələbə çaldı. Bu qələbədə diasporun çox böyük dəstəyi və faydası vardı” - deyə Səfər Qaraqoyunlu bildirib. Onun sözlərinə görə, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin illərlə mübarizə aparan diaspor təşkilatları ilə güclü əlaqəsi yoxdur. Qaraqoyunlu deyir ki, bu laqeyd davranış Türkiyədə yaşayan Azərbaycan Türkləri olaraq onları küsdürmür. Çünki bu missiyanı onlar könüllü şəkildə qarşılarına qoyublar.

“Heç bir yerdən dəstəyimiz və ya gözləntimiz yoxdur. Biz bu mübarizəni ürəkdən aparırıq. Bəzən məndən soruşurlar ki, “Səfər bəy, siz hər zaman aktiv fəaliyyət göstərmisiniz, niyə sizlər Diaspor Komitəsi tərəfindən Şuşaya dəvət edilmədiniz? Bu suala cavabı mən özüm də tapa bilmirəm. Dövlət səlahiyətlilərindəndən də soruşmaq istəyirəm “Bizi niyə Qarabağa dəvət etmədiniz?” Məni başqa qurumlar dəvət etdi. Gedib gəzdim Qarabağı, göz yaşlarımı saxlaya bilmirdim. Amma Diaspor Komitəsi dəvət etmədi. Və mən dövlət səlahiyətlilərindən bu sualıma cavab vermələrini tələb edirəm” - deyə dərnək başqanı əlavə edib.

Səfər Qaraqoyunlu “Xocalı” soyqırımı səbəbkarlarının cəzasız qalması məsələsindən də danışıb. O, bildirib ki, bu gün Zori Balayan istədiyi kimi yaşayırsa, bu bizim laqeydliyimizdən irəli gəlir.

“Niyə onu Avropa İnsan Haqları Məhkəməsinə vermirik? Niyə məhkəmələr davam etmir? Edirsə, niyə bizim xəbərimiz yoxdur? Bir məlumat da ala bilmirik? Əslində, bu baxımdan bizim hüquqi savaşımız hələ bitməyib. Biz sadəcə bundan sonra savaş və gözyaşı olmasın deyirik. Amma savaş cinayətkarlarının cəzalandırılmasını istəyirik” - deyə Səfər Qaraqoyunlu qeyd edib.

Səfər Qaraqoyunlu müsahibəsində çox maraqlı məqamlara toxunub. Müsahibənin davamını aşağıdakı videodan izləyə bilərsiniz:

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »