Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin məşhur alimi peyğəmbərdən danışdı, istintaqa cəlb olundu
Türkiyənin məşhur alimi peyğəmbərdən danışdı, istintaqa cəlb olundu

İstanbul Prokurorluğu Cəlal Şengörü istintaqa cəlb edib. Səbəb isə professorun bir televiziya proqramında səsləndirdiyi ifadələrdir. İddia olunur ki, Cəlal Şengör fikirlərini çatdırarkən cəmiyyətin müəyyən kəsiminin qəbul etdiyi dini dəyərləri aşağılayıb.

Bizimyol.info xəbər verir ki, türkiyəli alim yaxın günlərdə İstanbulda məhkəmə qarşısına çıxa bilər. Şengörün mayın 23-də “Habertürk” kanalının verilişlərindən birində səsləndirdiyi aşağıdakı fikirlər diqqəti çəkib: “Yazılanların hamısı nağıldır. İbrahim peyğəmbər adlı adamın yaşadığı məlum deyil. Bütün bu adları çəkilən insanlar tarixdə olmayıb. Burası çox əhəmiyyətlidir. Suriya dini ənənəsi Mesopotamiya dini ənənəsindən irəli gələn kiçik bir qoldur. Bizim bu gün İbrahim dinləri dediyimiz şey musəvilikdir. İslama, musəviliyə baxırsan, Musaya peyğəmbər deyirlər, tarix bu adamı tanımır. Belə bir ad yoxdur. Musəvilərin kitabında Misirdən çıxarış var. Belə bir hadisə olmayıb”.

Cəlal Şengörü ifadə verməyə Türkşad Kunthan Uçuk çağırıb. Bu prokuror bir neçə gün əvvəl müğənni Gülşən haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat vermişdi. Onun təqdimatı təmin olunsa da, Gülşən bir neçə gün sonra ev dustaqlığına buraxılmışdı. Müğənniyə görə ictimai etirazlar nəticə vermişdi.

Cəlal Şengörün istintaqa cəlb edilməsi sosial mediada böyük müzakirəyə səbəb olub. Professoru müdafiə edənlər çoxdur. Amma tənqidçilərin sayı da az deyil. Onu daha çox dinə qarşı saymazlıqda ittiham edirlər. Hərçənd, Cəlal Şengör bu istiqamətdə açıq mətnlə danışmağı xoşlamır. “Habertürk”dəki çıxışda da diqqət tarixi səhihliyə yönəldilmişdi.

Türkiyəli alimin sosial mediadan mümkün qədər uzaq dayandığı məlumdur. Amma ortaya onun adına “Tvitter”də açılmış səhifələrdə fikirləri də qoyulub. Burada cəmiyyətdə dindarların sayının artmasından narahatlıq ifadə olunur. Yazılarda Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün adı müsbət mənada çox çəkilir, onun yaratdığı dəyərlərin itməsinə görə təəssüf hissi vurğulanır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »