Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirayə bazarında bahalaşmanın səbəbi nədir? - Video
Kirayə bazarında bahalaşmanın səbəbi nədir? - Video

“Ötən il və əvvəl ki il pandemiya olduğuna görə kirayə bazarında daha çox təlabat bağ evlərinə olub. Paytaxt ərazisində yaşayan sakinlər daha çox bölgələrə üz tuturdular. İş yerlərinin bağlanması və bölgələrdən iş dalıyca gələnlərin geri dönüş etməsi, həmçinin xarici tələbələrin belə öz ölkələrinə geri dönməsi paytaxt Bakı ərazisində çoxmənzilli yaşayış binalarında demək olar ki, əksər mənzilləri boş vəziyyətdə qoydu”.

Bu barədə Bizimyol.info xəbər portalına əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb. Onun sözlərinə görə, bağ evlərinə təlabatın artması bağ evlərində qiymətin kəskin artmasına səbəb oldu. Hazırda isə, tam fərqli tendensiya baş verir. Belə ki, normalda hər il iyun ayından başlayaraq, avqust ayının sonuna qədər Abşeron ərazisində və dənizkənarı ərazilərdə bağ evinə təlabat həddindən artıq çox olur. Lakin ötən illərə nisbətən bu il bağ evini paytaxt ərazisində deyil, Azərbaycanın digər turistik ərazilərində kirayələməyə üstünlük verirlər.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Bu gün turistik zonalarımıza da demək olar ki, paytaxt və Azərbaycanın digər bölgələrindən ciddi şəkildə axınlar müşahidə edilir. Bu təbii ki, Azərbaycanın digər bölgələrində iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olur. Digər tərəfdən istirahət məqsədi ilə gedən insanlar həmin ərazilərdə torpaqları və bağ evlərini nəğd şəkildə almaqla həmin ərazilərdəki daşınmaz əmlak bazarında da canlanma yaratmış olurlar”,- deyə ekspert bildirib. Onun sözlərinə görə, Bakı şəhərində söküntülər səbəbindən bir çox ərazilərdə 5 mərtəbəli binalardakı kirayə mənzillərin sayı kəskin surətdə azalıb. Bu azalma təxminən 300-500 manat arası kirayə verilən mənzillərin sayında müşahidə olunur.

Ekspert hesab edir ki, bu proses sürətlə davam edərsə, söküntü işləri daha sürətlə gedərsə, yaxın 10 il ərzində Bakı şəhərində ucuz kirayə mənzillər əlçatan olmayacaq. Sökülən köhnə yaşayış binalarının yerində tikilən yeni binalardakı kirayə mənzillər köhnə evlərlə müqayisədə 2 dəfəyə qədər baha təklif olunur.

“Kirayə mənzil təlabatının artması daha çox sentyabr ayında tələbələrin gəlişi ilə müşahidə edilir. Hər il avqustun sonundan başlayaraq sentyabrın 15- nə qədər kirayə bazarında ciddi canlanma baş verir və qiymətlərin artmasına səbəb olur. Hər il demək olar ki, bölgələrdən minlərlə tələbənin gəlməsi kirayə bazarında cüzi də olsa, qiymət artımına gətirib çıxarır”,- deyən ekspert əlavə edib ki, buna əsas səbəb ölkəmizdə tələbə yataqxanalarının sayının məhdud olmasıdır.

“Digər tərəfdən kirayə mənzil bazarında mənzil qıtlığı və qiymət artımına səbəb olan başqa bir amil də ondan ibarətdir ki, evləri sökülən sakinlər onlara veriləcək mənzillər təhvil verilənə qədər məcburən 2 və ya 3 il ərzində kirayə qalmış olurlar”,- deyə E.Fərzəliyev əlavə edib.

Ekspert bildirib ki, halhazırda köhnə tikili binalarda 1 otaqlı mənzillərin kirayə qiyməti 300-400 manat, 2 otaqlı mənzillər təxminən 350-500 manat, 3 otaqlı mənzillərin isə, qiyməti 450-600 manat arası dəyişir. Onun sözlərinə görə, qiymət mənzilin təmirinə, ev əşyalarının şəraitinə və metroya uzaq və yaxın məsafədə yerləşməsindən asılı olaraq dəyişir. Yeni binalarda daha çox metroya yaxın ərazilərdə,mərkəzə yaxın ərazilər də 1 otaqlı kirayə qiymətləri təxminə 500 manatdan 600 manata qədər dəyişə bilir. 2 otaqlı mənzillər təxminən 600-800 manat, 3 otaqlı mənzillər təxminən 600 manatdan 1500 manata qədər məbləğ qarşılığında kirayə verilir. Mərkəzə daha yaxın ərazilərdə isə mənzillərin qiymətləri daha baha təklif olunur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »