Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mühafizə orderi" nədir və qadınlar onu necə ala bilərlər...
"Mühafizə orderi" nədir və qadınlar onu necə ala bilərlər...

Ötən il 73 mühafizə orderi verilib. Verilən orderlərin 4-ü uzunmüddətli, 69-u isə qısamüddətli olub. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir. 2020-ci ildə isə verilən mühafizə orderlərinin sayı isə 40 olub.

Nədir mühafizə orderi?

Yəqin ki, çoxunuz bu barədə məlumatsızsınız. Bəlkə baş verən qadın qətllərinin, qadına qarşı zorakılığın əsas səbəblərindən biri də elə bu məlumatsızlıqdır. Hüquqşünas Məmməd Səlimovun sözlərinə görə, mühafizə orderi zərərçəkmişi zorakılıq törədən şəxsdən qoruyan hüquqi aktdır. Yəni zərərçəkmiş müraciət edərək, qısamüddətli və ya uzunmüddətli mühafizə orderi əldə edə bilər. Qısa müddətli mühafizə orderi zərərçəkmişə icra hakimiyyəti orqanları tərəfindən verilə bilər. Bu zaman zorakılığı törədən şəxsə 30 gün müddətində zorakılığın təkrar törədilməsi, zərərçəkənin ünvanını axtarması və ona narahatlıq gətirən davranışlara yol verməsi qadağan edilir. Uzun müddətli mühafizə orderi isə 180 gün müddətinə verilir.

Hüquqşünas bildirir ki, mühafizə orderi əldə edən şəxs ona dəyən mənəvi və maddi zərərlərin qarşılığını tələb edə bilər: “Eyni zamanda Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə məhkəmə qətnaməsinin icra edilməməsinə görə zorakılıq törətmiş şəxs 3 ilədək azadlıqdan məhrum edilə biıər”.

Niyə qadınlarımız mühafizə orderi tələb etməkdə maraqlı deyillər?

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına müsahibəsində bildirib ki, zorakılığa məruz qalmış qadınlarda güclü qorxu və inamsızlıq olur. Psixoloji sarsıntı keçirmiş bu qadınlar hərhansı bir dövlət qurumuna müraciət edəcəyi təqdirdə müraciətinin cavabsız qalacağını düşünür.

“Hesab edir ki, ona zorakılıq edən şəxs daha güclüdür. Onu öldürə bilər. Ki, bu da çox zaman baş verir. Mütəmadi olaraq zorakılığa məruz qalan qadınların öz güvəni aşağı olur. Onları inandırmaq, sakitləşdirmək çətin olur. Sosial şəbəkələrdə zorakılıq görmüş qadınların müarciətlərinə fikir verin. Onlar hüquq mühafizə orqanlarına deyil, bütün hər kəsə müraciət edib yardım istəyirlər. Niyə?” - deyən psxioloq əlavə edib ki, mühafizə orderi haqqında çox zaman qadınlar məlumatsız olur. Onlara bu barədə məlumatı isə hüquqşünaslar və icra qurumları verməlidirlər.

“Baxırıq ki, zorakılığa məruz qalan qadınlar, əsasən iqtisadi asılılığı olan qadınlardır. Yəni boşanmaq, övladlarını qorumaq və s. proseslər üçün maddi imkanları olmur. Yəni bir tərəfdən maddi sıxıntılar, digər tərəfdən fiziki zorakılıqdan əziyyət çəkən qadın bu mövzuda sağlam formada düşünməyəcək hala gəlir. Öldürülən qadınların çoxu "nə edim ki, məni döyməsin, öldürməsin" - deyə düşünür. Və onlar məsələnin hüquqi tərəfinin olduğunu və bu tərəfin işə yarayacağını da ağıllarına gətirmirlər”,- deyən psixoloq qeyd edib ki, mühafizə orderi haqqında maarifləndirici yazılar hazırlanmalı və sosial çarxlar çəkilməlidir. Bu orderin varlığı ancaq bu şəkildə qadınlara çatdırıla bilər.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »