Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın zorakılıqla üzləşdiyi zaman hara müraciət etməlidir?
Qadın zorakılıqla üzləşdiyi zaman hara müraciət etməlidir?

Qadın qarşı zorakılıq halları bütün dünyada olduğu kimi Azərbaycanda da əsas problemlərdən biri hesab edilir. Mütəxəssislərin fikrincə, qadınlar cəmiyyətdə bir çox zorakılıqla qarşılaşsalar da, ancaq fiziki zorakılıq olduğu halda yardım çağırışlarına başlayırlar. Fiziki zorakılıq qadını döymək, hərhansı xəsarət yetirmək hesab edilir. Yəni Azərbaycan qadınları təhqirə, hədə-qorxuya, iqtisadi asılılığa, psixoloji zorakılığa dözə bilir. Fiziki zorakılıq isə, zorakılığın son həddindən əvvəlkidir. Yəni qadının canı yananda yardım axtramağa başlayır.

Bəzən qadınlar ailədə və ya cəmiyyətdə hərhansı zorakılıqla qarşılaşdıqları zaman kimə, hara müraciət edəcəklərini bilmir. Onların ilk sirdaşı yaxınları, valideynləri olur. Əksər hallarda qadınlar, zorakılıqla bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edirlər. Amma bəzən belə hallarda cinayət işləri açılmadan bağlanır. Qadını sakitləşdirib evinə göndərirlər: “ərindir, bu gün dalaşar, sabah barışarsınız, eldən ayıbdır”.

Bir müddət əvvəl Nizami Rayonu Polis İdarəsində baş verən qadın cinayətinə nəzər salaq. Uzun müddət əri tərəfindən döyülən qadın, Nizami Rayon Polis İdarəsində çalışan ərindən idarəyə vətəndaş kimi şikayətə gedir. Hadisə yerinə çağrılan və vəzifəcə polis olan ər, elə çalışdığı idarədə həyat yoldaşını öz xidməti silahı ilə öldürür. Yəni bu kimi hadisələrdən sonra zorakılıqla üzləşən qadın, hara müraciət edəcəyini bilmir.

Qadın zorakılıqla üzləşdiyi zaman hara müraciət etməlidir?

Qadın zorakılığa məruz qalırsa, ya müvafiq hüquq-mühafizə orqanına, ya Daxili İşlər Nazirlyinin 102 qaynar xəttinə müraciət etməli və yaxud da mia.gov.az saytına daxil olub onlayn şəkildə müraciət etməlidir.

Qadın təkcə fiziki deyil, eyni zamanda psixoloji, iqtisadi və s. digər zorakılıq növləri ilə üzləşən zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin gender əsaslı zorakılıqla bağlı 860 nömrəli Qaynar Xəttinə də müraciət edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Qaynar Xətt pilot layihəsinin icrasına başlanıb. Pilot layihə olan 860 Gender-əsaslı zorakılıqla bağlı Qaynar Xətt, 01.11.2020-ci ildən fəaliyyətə başlayıb və 01.12.2020-ci ildən etibarən məişət zorakılığından zərər çəkən şəxslərin zənglərini qəbul edir. Qaynar Xəttin icrası “Genesis Psychology” təşkilatı tərəfindən həyata keçirilir. Qaynar Xəttin heyəti 1-i menecer, 3-ü operator olmaqla 4 nəfərdən ibarətdir.

Pilot layihə çərçivəsində operatorlar tərəfindən zənglər saat 09:00-18:00 arası qəbul edilir. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (012) 498 00 92 nömrəsinə də zəng etmək mümkündür.

Zorakılığa məruz qalan qadınlar qeyri hökumət təşkilatlarından “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə (055) 314 35 15 nömrəsinə müraciət edə bilərlər.

Zorakılığa məruz qalan qadınlar eyni zamanda;

  • Baş Prokurorluğun qaynar xəttinə 961 nömrəsinə zəng edə bilərlər.
  • Ombudsmana 916 qaynar xəttinə müraciət edə bilərlər.
  • Gəncədə yaşayan və zorakılığa məruz qalan qadınlar “Təmas” İctimai Birliyinə (050) 753 28 01 nömrəsinə və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacağının 142 çağrı mərkəzinə müraciət edə bilərlər.
  • Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlar, zorakılığa məruz qaldığı zaman Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə komitənin (036) 545 39 75 telefon nömrəsinə və ya 102 qaynar xəttinə zəng edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »