Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artıq çəkisi olanların “patı” imtahanı: “Dişləri tökülür, sifətlərində çürümə gedir”
Artıq çəkisi olanların “patı” imtahanı: “Dişləri tökülür, sifətlərində çürümə gedir”

Artıq bir çox dünya ölkələrinin vətəndaşlarını ağuşuna alan piylənmə ə artıq çəki xəstəliyi postpandemiya dövründə tətbiq olunan sərt karantin rejimləri, onlayn iş sektorları və distant üsula keçmiş təhsillə insanlar arasında daha çox yayılmağa başladı.

Bu xəstəlikdən əziyyət çəkən ölkələrin vətəndaşları arasında ən böyük pay ABŞ sakinlərinə düşsə də, təəssüf ki, bu problem heç də okeanın o tayında qalmayıb. İnsanların “fast food” qidalara, onlayn iş rejiminə və distant təhsilə üstünlük vermələri onlarda bir növ tənbəllik psixologiyası yaradır ki, bu da artıq çəki problemlərinin yaranmasına ciddi zəmin hazırlayır. Günümüzdə artıq çəki və piylənmə ilə necə mübarizə aparılır? İnsanlar öz sağlamlıqları naminə əl çəkə bilmədikləri dadlı yeməklərdən müvəqqəti olaraq uzaqlaşmağa cəsarət edə bilirlərmi? Gecə-gündüz, nə zaman acsaq, mətbəxə gedib, soyuducunu açır və orda nə var, nə yox hamısını tükətməyə çalışırıq. Daha sonra heçnə olmamış kimi gəlib, yenə yatırıq. Bəzi dietoloq və qida məsləhətçilərinin fikrincə, insan bədənində həzm prosesinin gücləndiyi gecə saatlarında belə ağır qidalar yeyib, yatmaq həm ciddi çəki probleminə, həm də digər mədə-bağırsaq problemlərinə, eyni zamanda, qara ciyər xəstəliklərinə gətirib çıxara bilər.

Qida məsləhətçisi Türkanə Babayeva Türkanə Babayeva

Türkiyədə yaşayan azərbaycanlı qida məsləhətçisi Türkanə Babayeva mövzu ilə əlaqədar Bizimyol.info saytının suallarını cavablayıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

  • Türkanə xanım, insanlarda artıq çəki yaradan əsas amillər hansılardır və sağlam qidalanma ilə çəki vermək dedikdə, nə nəzərdə tutulur?

- İnsanlarda artıq çəki yaradan əsas amillərdən birincisi, qidalanmanın payına düşür ki, bu da məsələnin ümumi 75%-ni təşkil edir. Digər 6%-i stresin, 11% ekoloji mühitin və 8%-i də genetikamızın payına düşür.Günümüzdə düzgün seçilməyən qida rasionu artıq çəkinin yaranmasına gətirib çıxarır. Sağlam qidalanma dedikdə isə ac qalmamaq, düzgün qidalanmaq anlaşılmalıdır. Bəs düzgün qidalanmaya nələr daxildir? Biz zülalımızı, karbohidratımızı, lifləri, suyu doğru şəkildə və qədərində qəbul edərək, artıq çəkidən azad ola bilərik. Əlavə olaraq, son dörd illik təcrübəmdən çıxış edərək, onu da qeyd etmək istəyirəm ki, insanlar ailəsində, xüsusilə də ata-anasında və ya qohumlarının arasında artıq çəkiyə malik insanları bəhanə gətirərək, qeyd edirlər ki, onların nəslində artıq çəkili insanlar çoxluq təşkil edir. Amma bunu da nəzərə almaq lazımdır ki, elə insanların qida rasionlarına – dolablarına, soyuducularına baxdığımız zaman, ailədən gələn, hansı ki, bunu biz “qida tərbiyəsi” də adlandırırıq, həmin “qidalanma tərbiyəsi” ata-anadan öz övladlarına ötürülür. Valideynlərinin necə qidalandığını görən uşaqlar da, getdikcə, onlar kimi qidalanmağa, həmin qidalara üstünlük verməyə çalışırlar. Ancaq valideynlərin qida rasionuna və həmin “qidalanma tərbiyəsi” adlandırdığımız anlayışın mövcud olmasına baxmayaraq, həmin insanlar içərisindən çoxlu sayda böyük çəkilərdən azad olmuş kifayət qədər şəxslər də var. Burdan bu nəticəyə gəlmək olar ki, genetikamız, valideynlərimiz və digər yaxınlarımız arasında çəki ilə bağlı problemləri olanların mövcud olması, heç də artıq çəkidən azad olmaq istəyənlərə problem yaratmır. Bununla bağlı kifayət qədər yaxşı nəticələrlə qarşılaşmışıq və həmin insanların əksəriyyəti bu gün də öz ideal çəkilərini qoruyub, saxlaya biliblər. Qohumlarımızda çəkisi çox olan insanların varlığı bizə bəhanə törətməməlidir.

  • Bəs insan bədəninin ən böyük düşməni olan qidalar hansılardır?

- İnsan bədəni üçün böyük düşmən hesab ediləcək qidaların siyahısında insanların yaşayış, iş şəraiti ilə əlaqədar hazır və ayaqüstü yeyilən qidalardır. Dünya ölkələrinin bir çoxunda, hətta Azərbaycanda belə həmin qidalara üstünlük verən insanlar çoxluq təşkil edir. Həmin qidalar isə dəfələrlə istifadə edilən yağlardan hazırlanır, bəzi hallarda dondurulmuş, konservləşdirilmiş qidalardan istifadə olunur. Bu da öz növbəsində yağ, şəkər, eyni zamanda unlu, duzlu qidalar olaraq bədənimizə daxil olub, piyə çevrilir. Beləliklə də, biz öz daxilimizdə özümüzə qarşı bir qatili bəsləmiş oluruq. Təbii ki, burda söhbət həm də xolestrindən gedir. Çünki Azərbaycanda son vaxtlar ürək-damar xəstəlikləri geniş yayılıb və biz bunu epidemiyaya oxşatsaq, heç də yanılmarıq. Azərbaycanda orta yaş ömrünün Avropa insanları ilə müqayisədə 10-15 il az olduğunu nəzərə alsaq, xolestrin bizim üçün olduqca qorxuludur. Bunun da əsas səbəbi ayaq üstə yeyilən tezhazırlanan qidalar, unlu, şəkərli məhsullardır. Bununla yanaşı, gecə qəbul etdiyimiz həmin qidaların da yan təsiri xolestrol olaraq özümüzə qayıdır.

  • Artıq çəki hansı ciddi xəstəliklərin yaranmasına zəmin yaradır?

- Artıq çəki bizlərdə iki cür olur: biri dərialtı piylənmənin səviyyəsinə görə, digəri də daxili orqanlarda olan piylənmənin artmasına görə. Bu iki çəki probleminə görə ciddi xəstəliklər yarana bilir. Qeyd etmək istəyirəm ki, orqanizmimizdə mövcud olan dərialtı piy səviyyəsi düzgün olmayan qan dövranı, şəkərli diabet, xərçəng kimi xəstəliklərin yaranmasına gətirib çıxara bilir. İkinci problem – daxili orqanlarda piy səviyyəsinin artması, qarın nahiyəsindəki həyati-vacib orqanları əhatə edir. Qarın nahiyəsində piyin yüksək səviyyədə olması, hipertaniya, ürək-damar xəstəlikləri, şəkərli diabet və sair kimi problemlərin riskini artırır.

  • El arasında tez-tez çəkilən bir misal var: “üç ağdan uzaq dur – undan, duzdan və şəkərdən” Həqiqətənmi bu üç nemət insan bədəninin düşmənidir?

- Bəli, bu fikirlə tamamilə razıyam. Üç ağdan uzaq durun: un, duz və şəkərdən. Bəli, bu qidalar demək olar ki, bədənimizin ən böyük düşmənləridir. Bir araşdırmanı qeyd etmək istərdim, Lozanna universitetinin professoru Luc Tappy hesab edir ki, diabet, piylənmə və yüksək təzyiqin səbəbi olduqca kalorili yeməklərdədir, şəkər isə onların tərkib hissələrindən yalnız biridir. İnsanlar şəkər dedikdə, çox zaman qəndi, şəkər tozunu nəzərdə tutaraq, onlardan uzaq olmağa çalışır. Halbuki, vaxtsız yeyilən meyvənin tərkibində də şəkər var, bu da qədərindən artıq tükədiləndə, çəki artımına səbəb olur. Bundan əlavə, insanlar özlərini pis hiss etdikləri zaman şəkərdən, unlu və duzlu qidalardan istifadə edirlər. Yəni bununla özlərini bir növ sakitləşdirdiklərini düşünürlər. Həmçinin onun da qeyd edim ki, şəkərli qidaların tez-tez tükədilməsi, şəkər, piylənmə, diabet və ürək-damar xəstəlikləri riskini artırır, eyni zamanda immun sistemimizə də mənfi təsirini göstərir. Bədənimizdəki bakteriyaların da şəkərlə qidalandığını unutmayaq. Hansı ki, həmin bakteriyalar şəkərlə qidalanır, böyüyür, güclənir və xəstələndiyimiz zaman infeksiyalara zəmin yaradırlar. Şəkər həm də tez yaşlanma, dəri sallantısına, dişlərin çürüməsinə gətirib çıxarır. Uşaqlarda anlama-qavrama qabiliyyətinə mənfi təsir edir. Şəkər həmçinin yalançı toxluq hissi də yaradır ki, onu qəbul etdiyimiz zaman özümüzü doymuş hiss edirik, amma üstündən bir qədər keçəndən sonra bərk aclıq hissi keçiririk. Həmin aclıq hissi ilə necəgəldi qidalandığımızdan, nəticə etibarilə yanlış qidalanma yaranır. Araşdırmalar göstərir ki, həddindən çox şəkər qəbul edən insanlarda A,B,C vitaminləri və kalsium əksikliyi olur. Bu, xüsusilə uşaqlarda və yeniyetmələrdə müşahidə olunur.

  • Tez-tez eşitdiyimiz qəribə və bir o qədər də çətin pəhriz növləri var. Məsələn, su pəhrizi, xurma pəhrizi, sirkə pəhrizi və sair. İnsanlar gün ərzində yalnız adı çəkilən bu qidalardan istifadə edərək, arıqlayacaqlarını düşünürlər. Bu üsulla artıq çəkidən azad olmaq mümkündürmü?

- Təcrübələrimə əsasən deyə bilərəm ki, bu cür pəhrizlərlə özünü arıqladacağını zənn edib, sonu fəsadla bitən, hətta xurma pəhrizindən istifadə edib, avtobusda halı pisləşən vətəndaşlarımız da olub. Hansı ki, daha sonra bizlərə müraciət etdikdən sonra onun bu etdiyinin ciddi təhlükə olduğunu özünə izah etmişdik. Biz bu cür “pəhriz” üsullarının tətbiqini yanlış hesab edirik və düşünürük ki, artıq çəkidən əziyyət çəkən şəxslər bununla bağlı özbaşlarına qərarlar verib, həyatlarını təhlükəyə atmasınlar və mütəxəssislərə müraciət etsinlər.

  • Onlayn iş rejimləri və distant təhsil artıq çəki xəstəliklərindən əziyyət çəkən insanların işlərini ikiqat çətinləşdirib. Heç şübhəsiz ki, bu problemlərin yaranmasında postpandemiya dövründəki karantin rejimlərinin də əvəzsiz rolu olub. İndi insanlar fiziki iş rejimindən daha çox, onlayn iş rejimlərinə üstünlük verirlər və bu da hərəkətsizliyə, “fast food” qidalanmanın artımına, ən əsası da ciddi çəki probleminə gətirib çıxarır. İş rejimləri bu şəkildə olan insanlar üçün qidalanma hansı formada aparılmalıdır?

- Mən bu fikirlə heç də razı deyiləm. İnsanlar məqsədli olduğu zaman, doğru şəkildə qidalanmağa üstünlük verdikdə, heç də artıq çəki problemi yaşamayacaqlar. Bütün bunları sadəcə bəhanə hesab etmək olar. Onlayn iş, yaxud distant təhsil məqsədi və iradəsi olmayan insanlar üçün bəhanədir. Evdə olanlar işlərinin çoxluğundan şikayət edib, yeməklərinə fikir vermirlər və bildirirlər ki, vaxtları olmadığından, düzgün qidalana bilmirlər. Adamlar telefon başında saatlarını keçirirlər, özlərinə düzgün yemək hazırlamaq istəmirlər, necə deyərlər, “hazıra-nazır” görmək istəyirlər. O baxımdan da yemək vaxtı gəldikdə, “fastfood” qidalar alıb, tükədirlər. İş qrafiki belə olan insanlara axşam saat 19:00-dan sonra qida qəbulunu məsləhət görmürəm. Həmçinin su balansına da diqqət yetirilməlidir. Onu da qeyd edim ki, su balansı xanımlarda kq×0,030 ml, bəylərdə kq× 0,040 ml-dir. Ancaq bildirək ki, ortaya çıxan su litrajını bir dəfəyə içib bitirmək olmaz. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl və 30 dəqiqə sonra prinsipini unutmaq olmaz. Suyu isə ayaqüstə deyil, oturaraq içməyi məsləhət görərdik. Əgər şirniyyat, yaxud xəmir məmulatları qəbul etmək istəsələr, məsləhətdir ki, bunu günorta vaxtına salsınlar, boşqablarını isə kiçik ölçülərlə əvəz etsinlər. Oxucularınıza da məsləhət bilərdim ki, süfrəyə oturduğunuz zaman əgər süfrədəki bütün təamlardan dadmaq istəyirsinizsə, bir qədər böyük boşqab götürün və həmin yeməklərdən az-az qarşınıza qoyun. Bu üsul ilk öncə həm göz psixologiyanızın, həm də mədənizin tez dolmasına gətirib çıxaracaq. Adətən, yeməklər insan gözünə çox göründüyü zaman, psixoloji olaraq tez doyduğunu hiss edir. Bunun özünü alternativ üsul hesab etmək olar.

  • Nə üçün ən kompleksli insanların artıq çəkili insanlar olduğu söylənilir? Belə şəxslər bəzən sağlam şəkildə artıq çəkidən azad olma təklifini gərginlik və əsəbiliklə qarşılayır, çox zaman da şiddətlə rədd edirlər. Bu psixologiyanın altında yatan gizli məqamlar nələrdir?

- Həmin kompleks probleminin altında duran məsələ insanların bir-birinə təzyiq etməsidir. Belə ki, misal olaraq, Azərbaycanda kök insan arıq birinə, “niyə kökəlmirsən?”, yaxud arıq biri kök birinə “niyə arıqlamırsan?” deyə psixoloji olaraq təzyiq göstərdikdə, həmin insanda kompleks formalaşır və o, istər-istəməz növbəti dəfə belə suallarla, hətta təkliflərlə qarşılaşdıqda, olduqca gərgin və əsəbi hislər keçirirlər. Odur ki, insanlar gərək bir-birlərinin həyatlarına bu şəkildə müdaxilə etməsinlər. Şübhəsiz ki, çəkisi artıq olan da, az olan da öz probleminin nədən ibarət olduğunu yaxşı bilir. Bunu tez-tez ona bildirməklə, sual verməklə, sadəcə olaraq, psixoloji gərginliyə salmış olursunuz. Təəssüf ki, bu, ölkəmizin acı reallıqlarından biridir. Bu insanların emosional qida vərdişləri pozulur və onlar öz üsulları ilə özlərinə arıqlama yolları tapmağa cəhd edirlər. Mən bu “emosional qida vərdişi” ifadəsini çox sevdiyim “sevgi aclığı” ifadəsi ilə əvəzləmək istərdim. Hansı ki, həmin sevgi öz ailəsindən, ata-anasından, həyat yoldaşından, sevdiyi birindən istəyib də görə bilmədiyi sevgidir. Elə məhz bunun özü də qida vərdişinin pozulmasına gətirib çıxarır.

  • “21 gün qanunu” adlı bir anlayış var və hətta bununla bağlı kitab da yazılıb. Orda qeyd olunur ki, əgər bir insan hər hansısa xoşagəlməz vərdişindən 21 gün uzaq dura bilsə, onu tərgidə bilər. Bu üsulu pəhrizdə də tətbiq etmək olarmı? Məsələn, çəki problemi yaşayan biri 21 gün heç bir xəmir məmulatı qəbul etməsə, yaxud şəkərli qida qəbul etməsə, bədəni buna öyrəşə bilərmi?

- Bu mövzu ilə tamamilə razıyam. Çünki mən özüm də işlədiyim müddət ərzində sağlam qidalanmağa başlayan insanlarda baş ağrısı, ürəkbulanma, halsızlıq halları müşahidə etmişəm. Həmin adamlara üç-dörd gün sonra özlərini yaxşı hiss edəcəkləri barədə məsləhətlər verirəm və bu məsləhətim həmişə öz yerini tapıb. Çünki həmin insanlar sağlam qidalanmağın onların həyatındakı rolunu 21 günün sonunda çox rahatlıqla görə bilirlər. Bəli, insan 21 gün etmədiyi vərdişini 22-ci gün artıq unutmuş olur və 22-ci gündən etibarən 21 gün ərzində etdiyi vərdişləri rahatlıqla mənimsəyir, həyatına tətbiq edir. Bu da eyni zamanda xəmir, şəkərli qidalar olsun, fərqi yoxdur, bədən buna öyrəşir, adaptasiya olur . Bunu mən 2019-cu ildə öz təcrübəmdə də görmüşəm. Həmin təcrübəni elə öz üzərimdə apararaq, 20 günə yaxın heç bir un məhsulu qida qəbul etməmişdim. Pəhrizimin sonunda hər zaman sevərək yediyim makaronu özümə pəhriz hədiyyəm kimi qarşıma qoyub yemək istəsəm də, heç yarısını belə yemək mümkün olmadı, nəticədə ürəkbulanma baş verdi. Çünki mədə günlərdir bu rejimə alışır və daha sonra həmin qidaları “zəhərli, zərərli qida” kimi anlayaraq, orqanizmimizə buraxmaq istəmir, özünüqoruma metoduna keçir, onu bədəndən uzaqlaşdırır. Bu üsulu öz həyatında tətbiq edəcək insanlara demək istərdim ki, belə bir iradə nümayiş etdirmək istəyirlərsə, özləri üçün şəkəri, unu, duzu əvəz edəcək zərərsiz qidalar qəbul etməlidirlər. Məsələn, xurmadan, banandan, kakaodan, kəsmikdən və digər bu kimi qidalardan həmin şəkəri, unu, duzu əvəz edəcək vasitələr kimi istifadə edə bilərlər. Həmçinin, həmin əvəzedici qida vasitələrindən özləri üçün dadlı, amma kalorisi az şirniyyat reseptləri hazırlaya bilərlər.

  • Bir çox dünya ölkələrində, eyni zamanda Azərbaycanda əksər insanların artıq çəkidən əziyyət çəkdiyi hər birimizə məlumdur. Ancaq elə insanlar var ki, onlar öz çəkilərinə görə kompleks yaşayırlar və bu problemi özbaşlarına, qulaqdandolma üsullarla, hansısa saytlarda, videolarda gördükləri yollarla həll etməyə çalışırlar. Bu,özü ilə birgə hansı ciddi təhlükələri yaradır?

- 2019-cu ildə Belarusiyada qatıldığım bir seminarda 15 postsovet respublikaları arasında ölkə vətəndaşlarının piylənmə statistikası qeyd olunmuşdu. Həmin statistikada azərbaycanlı bəylər 7-ci, xanımlar isə təəssüf ki, 3-cü yerdə idi. Bəli, doğru vurğulayırsınız ki, bizim əhalidə özbaşına pəhrizlər qəbul etmə, çəkiatma halları ilə tez-tez rastlaşılır. Onlar həm də qulaqdandolma sözlərlə, üsullarla öz həyatlarını təhlükə altına atırlar. Hansı ki, az defisitli qidaların qəbul olunması təzyiqin aşağı düşməsinə, azkalorili qidalarda bədənin zəifləməsi, immun sisteminin aşağı düşməsinə gətirib çıxarır. Daha sonra həmin insan qan azlığı problemi ilə üzləşə bilər. Bu da üzdə solğunluq, gözaltı qaralmaların yaranması, saçların tökülməsi, dırnağın sınması, halsızlıq yorğunluq kimi özünü göstərir. Təbii ki, bu üsullarla aylıq 10-15 kq arıqlayan insanlar var, amma təəssüf ki, daha sonra onlar itirdikləri çəkini artıqlaması ilə, hətta ikiqat geri alırlar. Burda da qida məsləhətçisi və dietoloqun varlığının vacibliyi yenə özünü göstərir. Mənim həmin insanlara məsləhətim o ola bilər ki, onlar bir vərəq götürsünlər və “niyə çəkidən azad olmaq istəyirəm: yaxşı və fit görünmək üçün, özümü yaxşı hiss etmək üçün, daha enerjili olmaq üçün, özgüvənim artsın deyə, daha uzun ömür yaşamaq üçün” deyə, özlərinə sual verib, fərqindəliklərini tapsınlar. Hədəflərinə doğru məqsədli şəkildə irəliləsinlər...

  • Sağlam pəhrizlə ideal çəkisinə düşən insanlar hansı üsullarla öz çəkilərini qoruyub saxlaya bilərlər?

- Şərt arıqlamaq deyil, nəticəni qoruyub saxlamaqdır. Bəs bunun üçün nə etməliyik? İlk öncə onu qeyd edim ki, bunun üçün ayrı bir proqram olmalıdır- Qorunma proqramı. Siz bu proqram vasitəsilə nəyi necə edəcəyinizi öyrənə bilərsiniz. Əldə etdiyiniz ideal çəkini qoruyub saxlamalısınız. Bu haqda az da olsa məlumat verəcəm. İlk öncə protein və karbohidrat miqdarını balansda saxlamaq lazımdır. Bir öyün tərəvəzli qida qəbul olundusa, digər öyündə toyuq əti/ mal əti/ balıq və s. kimi proteinli qidalar qəbul olunmalıdır. Yetərincə maye qəbul etmək lazımdır. Bu əsas şərtlərdən biridir. Maye qəbulunun miqdarı çəkiyə görə dəyişir. Yetərincə fiziki aktivlik lazımdır. Yürüyüş yalnız çəki atmaq dönəmində deyil, bunu vərdiş halına gətirmək lazımdır. 1günlük “qanun pozuntusu” oldusa növbəti gün qidanıza diqqət edib biraz daha aşağı kalorili qidalar qəbul etməlisiniz(Detoks proqramı əla seçim ola bilər). Hər gün tərəziyə çıxmayın. Həftədə 1dəfə, yaxud 10 gündə bir dəfə eyni yerdə tərəziyə çıxın. Amma bədən ölçülərinizi götürməyi daha çox məsləhət bilərəm. Ən önəmlisi, balansı qorumaqdır. Yuxarıda da qeyd etdiyim kimi protein və karbohidrat balansı mütləqdir. “Qanun pozuntusu” olduğu halda, ertəsi gün bunu təkrarlamaq əvəzinə, yüngül kalorili qidalar qəbul etmək, ev şəraitində kokteyllər hazırlayıb içmək, yaxud fərqli detokslar etmək. Hər şeydən norması qədər qəbul etsəniz, problem də olmaz. Maye və fiziki aktivliyi mütləq bilib,vərdiş halına gətirin. Həm sağlam olun,həm də o qədər çəkdiyiniz əziyyət boşa getməsin.

  • Son olaraq, günümüzün və gəncliyimizin bəlasına çevrilmiş “patı”, “kakos” bir çoxları tərəfindən çəki atmaq üçün ideal vasitə hesab edilir və bəzi məlumatsız insanlar bu yolla arıqlayacaqlarını zənn edib, bədənlərini bu zəhərli maddənin yuvasına çevirirlər. Həmin insanlara nə demək istərdiniz?

- Təəssüf ki, bu cür narkotiktərkibli vasitələr müasir cəmiyyətimizin, xalqımızın, həmçinin dünyamızın qlobal problemlərindən biridir. Həmin vasitələr insanların nəinki çəki vermələrinə, hətta dişlərin tökülməyinə, əllərdə və üz nahiyəsində yaralara, sifətdə çürümələrə səbəb olur. İnsanı o qədər bərbad vəziyyətə gətirib çıxarır ki, həmin insan sözün əsl mənasında ayaq üstündə çürüyür. Bu insanlar həmin zaman əgər istəsələr, çox rahatlıqla həmin qara rəngli həyatlarına xət çəkib, güclü bir iradə ilə cəmiyyətə qayıda bilərlər. “Patı”, “kakos” və bənzəri zərərli narkotik maddələrinin çəkivermədə effektiv üsul kimi bəzi insanlara satılması, həmin insanların bu vasitələrə aldanması, həm də cəmiyyətdə mövcud olan müəyyən savadsızlığın da göstəricisi, qapısıdır. Heç tanımadığın, təlim-təhsilinə, həyat tərzinə bələd olmadığın birindən çəki atmaq üçün belə maddələr almaq, qəbul etmək, bir daha onu göstərir ki, insanlar hələ də düzgün, peşəkar, işinin əhli olan mütəxəssislərə yönələ, dərdlərini onlarla bölüşə bilmirlər. Mən bu yolda işini bilən, düzgün şəkildə işləyən hər kəsə uğur və bol səbr arzu edirəm.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »