Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partiya sədri Xızıdakı helikopter qəzası ilə bağlı təqsirləndirilən şəxs kimi məhkəməyə cəlb olundu
Partiya sədri Xızıdakı helikopter qəzası ilə bağlı təqsirləndirilən şəxs kimi məhkəməyə cəlb olundu

Xızı rayonu ərazisində - Qaraheybət poliqonunda qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxan hərbçilərin xüsusi ittiham qaydasında qaldırdıqları iddialar üzrə məhkəmə prosesi başlayıb. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbsini tələb edən DSX hərbçiləri - Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilovun iddiasına Yasamal rayon Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, yanvarın 7-də hər iki zabitin iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Yasamal rayon Məhkəməsində Emil Cəfərovun iddia ərizəsinə hakim Hüseyn Səfərov, Ramin Ədilovun iddiasına isə Rauf Daşdəmirov baxır.

Əli Əliyev Əli Əliyev

Partiya sədrinə qarşı həbs tələbinin səbəbi onun qəzadan sonra “Youtube” paltformasındakı internet televiziyalarından birində hadisəni şərh edərkən səsləndirdiyi fikirlərdir. O, helikopter qəzası haqda danışarkən bildirib ki, oradan sağ çıxdığını deyərək, bu barədə efirdə müsahibələr verən şəxslərin əslində, orada olmasına inanmır. Əli Əliyev efirdə yayımlanan görüntülərdə Emil Cəfərov və Ramin Ədilovun üzündə adi cızıq, çapıq izlərinin olmamasına diqqət çəkib: “Huşunu itirmiş, 3000 metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması, o adamın həmin vertolyotda olması inandırıcı deyil. Sərnişin qəzanın səbəbini bilə bilməz. Yalnız pilot - idarə edən pozuntunun uçuşda olan problem haqda ehtimal irəli sürə bilər. Bu adamlar isə məhz o məsələni vurğulayırlar. Bu da bir daha göstərir ki, onlar öyrədilib”.

Xüsusi ittihamçı zabitlər isə iddia edir ki, Əli Əliyev onların barəsində bu cür fikirlər səsləndirməklə şərəf və ləyaqətlərini alçaldıb, nüfuzlarına zərbə vurub. Onlar iddia ərizələrində vurğulayıb ki, Əli Əliyev onları xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı yalan məlumat verməkdə ittiham edir, cəmiyyət və kollektiv arasında nüfuzdan salır.

Yanvarın 7-də məhkəmənin hazırlıq iclasında Əli Əliyevin vəkili Toğrul Babayev bu işlərin bir icraatda birləşdirilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, hər iki iddia ərizəsinin mahiyyəti də, tələbi də eynidir və birlikdə baxılmalıdır. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Partiya sədri özü də məhkəmədə çıxış edib. O, haqqındakı iddia ərizələrinin məhkəmə baxışına verilməsinə etiraz edib. Əli Əliyev bildirib ki, siyasətçidir və vertolyot qəzasını şərh edib. Bu zaman düşündüklərini, versiyalarını səsləndirib. Onun sözlərinə görə, çıxışında ona qarşı iddia qaldırmış hərbçilərin heç birinin adını çəkməyib. Onları tanımır, onlara qarşı heç bir qərəzi də yoxdur.

Partiya sədri vurğulayıb ki, insanın düşüncəsinə görə cinayət təqibinə məruz qalması yerli və beynəlxalq qanunlarla təminat verilən söz və ifadə azadlığının pozulmasıdır.

Əli Əliyev həmçinin məhkəməyə təqdim edilən iddia ərizəsi və ona əlavə edilmiş diskdə çıxışının montaj edildiyini və fikirlərinin təhrif olunduğunu vurğulayıb.

Əli Əliyevin etirazına baxmayaraq, hər iki məhkəmə iclasında hakimlər onun təqsirləndirilən şəxs qismində tanınması və iddiaların məhkəmə baxışında araşdırılması haqda qərar qəbul edib.

Məhkəmələrdən biri yanvarın 11-nə, digəri isə yanvarın 13-nə təyin edilib.

Noyabrın 30-da baş vermiş qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli şəxslər həlak olub. Baş Prokurorluğun hadisənin istintaqıyla bağlı məlumatında deyilir ki, qəzaya pilotların səhvi - eniş zamanı küləyin istiqaməti və sürətininin  nəzərə alınmaması səbəb olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »