Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisə zor tətbiq etməkdə təqsirli bilinən keçmiş deputata hökm oxunub
Polisə zor tətbiq etməkdə təqsirli bilinən keçmiş deputata hökm oxunub

2010-cu ildən deputat olan və son seçkidə 55 saylı Xaçmaz şəhər dairəsindən parlamentdə təmsil olunan Eldəniz Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, Eldəniz Səlimova həbs cəzası verilməklə yanaşı, o, 2 il 6 ay müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsilə - Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda təqsirli bilinib.

İttihama əsasən, deputat hadisə vaxtı sərxoş vəziyyətdə olub. Hadisə isə iyulun 29-da gecə saatlarında Xaçmazda baş verib. Polis əməkdaşı deputatın qohumuna məxsus “Starıy Dvor” restoranına gələrək, pandemiya ilə əlaqədar gecə saat 12-dən sonra fəaliyyət göstərməməsini tələb edib. Bunu eşidən Səlimov həmin polisi evindən çağırtdırıb və “Starıy Dvor” restoranında mübahisə zəminində onu təhqir edib, vurub.

Eldəniz Səlimov özünü qismən təqsirli bilib. Həbsindən əvvəl yaydığı açıqlamada əməlinin yanlış olduğunu etiraf edərək üzr istəsə də, bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da qeyd etmişdi: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub”.

Deputatın işi üzrə məhkəmə prosesi gizli keçirilib. Onun məhkəməsinə jurnalistlərin girişinə qadağa qoyulduğuna görə, orada baş verənlərdən ictimaiyyətin xəbəri olmayıb.

Hadisədən sonra Baş prokuror Kamran Əliyev Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi üçün Milli Məclisə müraciət edib. Müraciət təmin olunub və onun deputat toxunulmazlığı ləğv edilib. Daha sonra Eldəniz Səlimov təqsirləndirilən şəxs qismində tanınıb və avqustun 3-də onun barəsində həbs qərarı çıxarılıb.

55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunan Səlimov bu hadisədən bir neçə gün sonra YAP-dan da çıxarılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »