Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Dövlət Musiqili Teatrda "Bir nəfəs qədər” adlı tamaşanın premyerası olub
Azərbaycan Dövlət Musiqili Teatrda "Bir nəfəs qədər” adlı tamaşanın premyerası olub

44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizə, qazilərimizə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşası Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulub.

Tamaşanın əsas obrazı oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən anadır. O, inanır ki, oğlu nə vaxtsa sağ-salamat qayıdacaq. Oğlunun şəkli əlindən düşməyən ana uzun gecələrin birində "arzusuna çatır": oğlu gəlir... Şəhid balasıyla danışan, bağrına basaraq qoxusunu içinə çəkən ana onun daha heç yerə getməməyini, daim yanında qalmağını arzulayır... Bu nisgilli arzunun qoynunda qəfildən, balasının gəlişinin xəyal olduğunu dərk edir...Anlayır ki, bundan sonra oğlunun xəyalı ilə yaşamağa məhkumdur... Yeganə təsəllisi isə balasının Vətən torpağıyla bütövləşməsidir.

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşada SSRİ Xalq artisti Fikrət Əmirovun musiqi irsindən, habelə, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.

Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Rollarda Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev çıxış ediblər.

Sonda Musiqili Teatrın direktoru Əliqismət Lalayev xalqımızın Vətən müharibəsindəki əzmindən, qürur mənbəyi olan igidlərimizdən danışdı. Şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğuladı. Tamaşanın yaradıcı heyətinə və tamaşaçıların hər birinə təşəkkür edən Əliqismət Lalayev teatrın şəhid olmuş əməkdaşı Əliağa Məmmədovu yada saldı, şəhid anasının tamaşaçılar arasında olduğunu bildirdi. Hamı şəhid anasını ayaq üstə alqışladı...

Aktyorların böyük məharətlə ifa etdiyi "Xudayar təsnifi"nin sədaları altında pərdələr endi...

Qeyd edək ki, "Bir nəfəs qədər" tamaşası 12 dekabrda saat 13:00 və 19:00-da təkrar səhnəyə qoyulacaq.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Leyla Turan

Son xəbərlər
Bütün xəbərlər »