Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müqayisədə Azərbaycanda insan hüquqlarının qorunmasına daha çox önəm verilir”
“Müqayisədə Azərbaycanda insan hüquqlarının qorunmasına daha çox önəm verilir”

BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə müraciət ünvanlayıb. O, qeyd edib ki, dünyamız yolayrıcındadır. Belə ki, COVID-19 pandemiyası, iqlim böhranı və rəqəmsal texnologiyanın həyatımızın bütün sahələrinə yayılması insan hüquqları üçün yeni təhlükələr yaradıb. Təcrid olunma və ayrı-seçkilik geniş vüsət alıb. İctimai fəaliyyət üçün imkanlar daralır.

“Yoxsulluq və aclıq son onilliklər ərzində ilk dəfədir ki, artmaqdadır. Milyonlarla uşaq təhsil hüququndan məhrum olur. Bərabərsizlik dərinləşir. Lakin biz fərqli yol seçə bilərik” - deyə baş katib qeyd edib.

Xatırladaq ki, 73 il əvvəl bu gün BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. Bu sadə Bəyannamədə öz əksini tapan müddəalar hər kəs üçün bütün insan hüquqlarını, o cümlədən mülki, iqtisadi, mədəni, sosial və siyasi hüquqları ilə təmin etmək üçün əsas vasitə olaraq qalır.

Quterreşin fikrincə, pandemiyadan bərpa prosesi insan hüquqları və azadlıqlara dair imkanları genişləndirmək, həmçinin inamı bərpa etmək üçün fürsət olmalıdır:

“Qanunlar və təsisatların ədalətinə və qərəzsizliyinə inam. Ləyaqətli bir həyatın əlçatan olmasına inam. İnsanlara ədalətli məhkəmə araşdırması və şikayətlərinin dinc yolla həll olunmasına inam. BMT bəşəriyyətin hər bir fərdinin hüquqları üçün mübarizə aparır.

Bu gün və hər gün biz hamı üçün ədalət, bərabərlik, ləyaqət və insan hüquqları uğrunda çalışmağa davam edəcəyik. İnsan Hüquqları Gününüz mübarək”.

Hüquqşünas Fərid Həmidovun sözlərinə görə, Azərbaycan insan hüquqları Konstitusiya ilə qorunur: “1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasını təmin edir”.

Hüquqşünas bildirir ki, insan hüquqları ilə bağlı 1948-ci ildə BMT tərəfindən bəyannamə qəbul edilib və bundan iki il sonra 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

“Azərbaycanda insan hüquqları, insan haqları konstitusiyanın müəyyən müddəaları ilə qorunur. Müqayisədə Azərbaycanda insan hüquqlarının qorunmasına daha çox önəm verilir” - deyə ekspert bildirib.

P.S. Bəli, Azərbaycanda insan hüquqları “qorunur” Konstitusiya ilə.

Qadınların hüququ “qorunur”. Elə məhz hüquqlarımızın qorunduğu üçündür ki, qadınlarımız zorakılığa məruz qalır, döyülür, söyülür, öldürülür, intihara sövq edilir.

Bəli, Azərbaycanda insan-qadın hüquqları o qədər mükəmməl qorunur ki, dərdimizi danışdığımız bütün dövlət qurumları anında problemimizə reaksiya “verir”, bizi “qoruyur”. Hüquq Mühafizə Orqanları bizi təhdidlərdən, şantajdan “qoruyur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə bizi intihar etməkdən “çəkindirir”, riskli ailələrlə “maraqlanıb” problemləri vaxtından “aradan qaldırır”. Buna görə də Azərbaycanda qadınlar “döyülmür”, “söyülmür”, “öldürülmür”…

Bayramınız mübarək, "hüquqları qorunan" əziz qadınlar! Ya biz insan deyilik, ya da… Qərar sizindir.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »