Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bayraq Meydanı"nda nə zaman bayraq asılacaq... - Fotolar
"Bayraq Meydanı"nda nə zaman bayraq asılacaq... - Fotolar

“Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq öz yurduma öz hakimliyim!”

Bu gün 9 noyabr Dövlət Bayrağı günüdür. Əlamətdar günlə əlaqədar, mərhum şair Bəxtiyar Vahabzadənin “mənliyimiz”, “kimliyimiz” kimi qeyd etdiyi üçrəngli bayrağımızın sorağına çıxdıq. Ölkəmizdə, cəmiyyətimizdə şanlı bayrağımıza olan sevgi və sayğını demək olar ki, hər addım başı müşahidə etmək olur. Şəhərboyu hara göz gəzdirsən, orada sənə gülümsəyən üçrəngli bayrağı mütləq görərsən. Böyük və kiçik mağazalarda, avtobuslarda, bir çox dövlət və özəl şirkətlərində binalarında, habelə, sosial şəbəkələrdən istifadə edən bir çox vətəndaşımızın profillərində və sair. Xalqımızın şəhid qanı ilə daha da müqəddəsləşmiş üçrəngli, şanlı bayrağımıza sevgisi hər addım başı həm paytaxt, həm də digər bölgələrimizdə açıq-aşkar görsənir. Bu sevgi isə təkcə həmin bu əlamətdar günlə yekunlaşmır.

Dövlət Bayrağı Meydanı

Ancaq biz bu günkü əlamətdar gün münasibətilə hələ 2007-ci ildə tikilməsi üçün prezident tərəfindən sərəncam imzalanmış və 2008-ci ildə təmir işlərinə başlanılmış Dövlət Bayrağı Meydanını ziyarət etməyə getdik. Xatırladaq ki, buradakı meydanın ərazisi 20 min kvadratmetrdir və həmin il bu meydanın inşasına dövlət büdcəsindən nə az, nə çox, 20 milyon manat vəsait ayrılıb.

Dövlət Bayrağı Meydanı

Həmin zamandan demək olar ki, artıq 15 ilə yaxın vaxt keçir. Paytaxt sakinləri isə son iki ildir ki, eni 35 metr, uzunluğu 70 metr, çəkisi isə 350 kq olan bayrağımızdan bixəbərdirlər. Əvvəllər Dənizkənarı Milli Parkdan baxdıqda, qürurla dalğalanan o bayraq, iki ildir,sanki qeybə çəkilib. Biz isə mənliyimizin, kimliyimizin rəmzi olan bu bayrağın, nə səbəbə, hansı şəkildə, kimlər tərəfindən “yoxa çıxarıldığı”nı öyrənmək istədik.

Meydana doğru qalxan hündür pilləkənlərə yaxınlaşmaq istəsək də, pilləkənlər üzərinə qoyulmuş dəmir manelər onu göstərirdi ki, buraya giriş qadağandır. Amma biz bir yolunu tapıb, dəmirləri aşdıq və yuxarı istiqamətə - Bayraq Meydanına qalxa bildik. Burada bizi mühərrikdən yatmış iki ekskavator, bir neçə sement kisəsi, sement-palçıq topaları və bir də bir neçə fəhlə qarşıladı.

Dövlət Bayrağı Meydanı

Mənzərənin şəklini çəkmək istədikdə, oradakı nəzarətçi bizi xəbərdar edərək, bildirdi ki, burada şəkil çəkmək qadağandır. “Niyə?” deyə soruşduqda, bildirdi ki, rəhbərlik belə tapşırıb: “Bura heç kəsi buraxmırıq, yalnız işçilər keçə bilər. Onlar da həmin bu tikinti işi üçün. Xahiş edirəm, şəkilləri silin, ya da şəkil çəkmək üçün mühafizə rəisindən icazə alın”.

Biz həmin mühafizəçiyə buranın hər hansısa hərbi obyekt, xüsusi əhəmiyyətli strateji məntəqə olmadığını, burada şəkil çəkməyin hər hansısa qanunazidd əməl olmadığını, bura ayrılan vəsaitlərin Xalqın ödədiyi vergilər hesabına başa gəldiyini bildirsək də, o, əlindən bir şey gəlməyəcəyini bildirib, bizi mühafizə rəsinin olduğu yerə yönləndirdi.

Dövlət Bayrağı Meydanı

Mühafizə rəisi ilə görüşdük. Bu bölgədə şəkil çəkib-çəkməməyin qanuni olub-olmadığını, ümumiyyətlə, bu məsələnin hansı qanuna, qanunun hansı maddəsinə dayandığını soruşduqda, bildirdi ki, burada bayrağımız dalğalanmadığından, Bayraq Meydanı naqis görkəmdədir və bu mənzərənin şəklinin çəkilməsi, paylaşılması etik deyil: “Biz sadəcə olaraq, mühafizə işçiləriyik. İşimiz, təyin olunduğumuz ərazinin və orada olanların təhlükəsizliyini təmin etməkdir. Şəkil çəkmək məsələsinə gəldikdə isə bildirim ki, bu, hər hansısa qanunla qadağan deyil. Sadəcə olaraq, orada bayrağımız dalğalanmadığından, həmin ərazinin şəklinin o vəziyyətdə - təmir gedə-gedə çəkilməsini rəhbərliyimiz münasib bilmir” – deyə, mühafizə rəisi bildirib.

Dövlət Bayrağı Meydanı

Onu da qeyd edək ki, mənliyimizin, kimliyimizin rəmzi olan bayrağımızın 2 ildir onun şərəfinə tikintisi üçün start verildiyi Dövlət Bayraq Meydanından “qeybə çəkilməsi” bir yana dursun, Dənizkənarı Milli Parkdan həmin meydana gedən yol üfunət əlindən keçilmir. Kanalizasiya sularının açıq-aşkar dənizə axıdıldığı bu yerdə yığılmış insan nəcislərindən artıq “torpaq parçası” formalaşmışdı. Həmin “torpaq parçası”nda isə qağayılar məskən salır, qamışlar uzanıb, boy göstərir. Ümumi mənzərə ondan xəbər verir ki, şanlı bayrağımız, onun ayağı altında olan mavi Xəzərin üfunətli qoxusundan, insan nəcisləri ilə formalaşmış “torpaq parçaları”nın artmasından, iki ildir təmiri bitmək bilməyən , yaxud da bitirilməsi istənilməyən meydandan, onun bu kökdəki varlığından utanaraq, ilahi dərgaha çəkilib.

Dövlət Bayrağı Meydanı

Mühafizə rəisi gələn ilin noyabr ayında - Dövlət Bayrağı Günündə bayrağımızın yenidən öz dirəyində dalğalanacağını bildirdi.

Bizə isə səbrlə gözləmək qalır. Otuz ildir Qarabağ torpaqlarına, Şuşa qalasına şanlı bayrağımızın sancılmasını gözləyən bizlər, yəqin ki, paytaxt Bakımıza da bayrağımızın sancıldığının şahidi olacağıq. Hərçənd, “Bayraq Meydanı”nı bu vaxtadək bayraqsız qoymaq ən azı doğru olmayan hərəkətdir . Yəqin ki, uyğun qurumlar çox yaxın zamanda Bayraq Meydanındakı bu "bayraqsızlığa" son qoyacaq.

Mətin Şükürlü, bizimyol.info (Fotolar müəllifindir)

Son xəbərlər
Bütün xəbərlər »