Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heç bir din əslində sonuncu din deyil"
"Heç bir din əslində sonuncu din deyil"

Bu yaxınlarda Bəhailik ideologiyasının 205 yaşı tamam olub.

Bizimyol.info olaraq, Azərbaycan Bəhai Dini İcmasının İctimai əlaqələr ofisinin koordinatoru, dosent, fəlsəfə doktoru Azər Cəfərovla əlaqə saxlayıb, yubiley münasibətilə təbrik ünvanladıq.

Təbrikimizi səmimiyyətlə qarşılayan fəlsəfə doktoru, təbrikimizlə yanaşı, həm də ictimaiyyət üçün maraqlı olan bəzi suallarımızı da cavablandırdı. Azərbaycanda müxtəlif dini icmalar və onların fəaliyyəti üçün şərait yaradılsa da, bizim üçün Bəhai dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə və eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi ilə olan münasibətləri, dövlət tərəfindən adı çəkilən icmaya ayrılan vəsait və digər məsələlər barədə fəlsəfə doktoru Azər Cəfərov suallarımızı cavabladı. O, bildirdi ki, dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə işləyir və eyni zamanda icma üçün müəyyən dövlət vəsaiti də ayrılır: “Dini icmalara ayrılan vəsaitlərdən bizə də ayrılır. Kitablarımızın nəşrinə icazə verilib, jurnal buraxılışı edirik. Çoxlu saytlarımız var” – deyə icma nümayəndəsi bildirib. Daha sonra biz ideoloji və dini nöqteyi-nəzərdən İslam dini ilə Bəhailik arasında hər hansısa bir bağlantının olub-olmaması barədə icma nümayəndəsinə sual ünvanladıq. Ümumiyyətlə, İslam dininə görə, həzrəti Muhəmməd peyğəmbərlərin sonuncusu və İslam dini də sonuncu səmavi dindir. Hansı ki, bu barədə Quran-i Kərimin Ali İmran surəsinin 19-cu ayəsində belə buyurulur: “Şübhəsiz, Allah yanında qəbul olunan son din, İslamdır”.

Daha sonra isə Əhzab surəsinin 40-cı ayəsində belə deyilir: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir”.

Fəlsəfə doktoru sualımıza cavab verərək bildirdi ki, heç bir din əslində sonuncu din deyil: “Bəşəriyyət nə qədər ki, mövcuddur, Allahdan hər zaman dinlər-kitablar gələcək. Biz həzrəti Əlinin “Nəhcül-Bəlağəsinə baxsaq, orada heç bir yerdə İslam dinin sonuncu din olduğu qeyd edilmir. Ümumiyyətlə, İslamın konsepsiyası elə qurulmuşdur ki, müsəlmanlar ən azından zühuru - Mehdinin gəlişini gözləyirlər. Əgər O da Allahdan gəlirsə və Allahın qanununu gətirirsə, nə olsun ki, ona peyğəmbər demirlər? Bu, onu göstərir ki, İslam da bəşəriyyətin Allahla münasibətində sonsuzluq konsepsiyasından çıxış edir. Sonrakı əsrlərdə insanlar onu axırıncı din hesab ediblər. Ancaq biz Quran-i Kərimə dərindən yanaşsaq, anlayarıq ki, Allahla bəşəriyyət arasında münasibətlər heç bir zaman bitən deyil. Günəş də sönsə, bəşəriyyət qalacaq. Bu, Allahın himayəsində olan məsələdir”,- deyə Azər Cəfərov əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »