Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yolu keçərkən canını ortaya qoyan piyadanı necə maarifləndirmək olar?
Yolu keçərkən canını ortaya qoyan piyadanı necə maarifləndirmək olar?

Bu ilin 9 ayı üzrə paytaxt ərazisində 354 yol nəqliyyat hadisəsi baş verib. Hadisələr zamanı 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP)- nin açıqlamasında deyilir. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni, paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir. Statistikaya nəzərə salanda vəziyyətin həqiqətən acınacaqlı olduğunu görmək mümkündür. Piyada vurulma halı üzrə 20 dən çox faktın piyada səhlənkarlığından baş verildiyi qeyd edilir. Bəli, bu gün piyadalar yollarda yol hərəkət qaydalarına əməl etmirlər. Böyük əksəriyyət sanki, hər zaman yol onun imiş kimi hərəkət edir. Piyada keçidi olduğu halda keçiddən keçməmək, işıqforun işıqlarına önəm verməmək, avtomobillə olan məsafəsini nəzərə almamaq və s. səhlənkarlıqlar qəza ilə nəticələnir.

Paytaxtın avtomobil yolları sürücülər üçün təhükəli vəziyyət alıb. Mütəxəssislərin fikrincə, piyadaların 80 faizi bilərəkdən qaydalara əməl etmir. Onlar hesab edir ki, hərəkət zamanı hərhansı vəziyyətdə yol piyadanındır. Bu isə maarifləndirmənin olmamasından irəli gəlir.

Bəzi xarici ölkələrdə piyada vurulması daha dəqiq araşdırılır, qəza piyadanın səhlənkarlığından baş veribsə, piyada cəzalandırılır, ona protokol tərtib edilir, hətta avtomobilə dəymiş zərər belə piyada tərəfindən ödənilir. Azərbaycanda isə, qəzalar piyada səhlənkarlığından baş versə belə, nadir halda qəzalarda piyadalar günahkar çıxarılır. Məsələn; ötən il ABŞ-da aparılan araşdırmalara görə, piyadaların vurulması ilə nəticələnən yol qəzalarında əsas səbəb piyadaların telefona baxaraq və ya telefonda qulaqcıqla musiqi dinləyə-dinləyə yolda hərəkət etməsi olub. Bir neçə ildir ki, bu tendensiya Azərbaycanda da müşahidə edilir. Sürət həddi 90 olan bir yolda yolu keçməyə çalışan, qulağında qulaqcıq olan piyadalarla əksər sürücülər qarşılaşıb. Və yaxud H.Əliyev prospektində, Mərdəkan-Hava limanı yolu istiqamətində yolu keçməyə çalışan, özünü avtomobillərin qarşısına atan kifayət qədər piyada var.

"Tələsirdim, piyada keçidi uzaqdır", "Avtomobillə aramızda çox məsafə var", "Piyada keçidi çox yüksəkdədir, kimdir ora gedən" və s. bəhanələr gətirib yol hərəkət qaydalarını kobus şəkildə pozan piyadalar cərimə edilsə də, yenə eyni hərəkətlər təkrarlanır.

Eyni şəkildə, 20 Yanvar metrosu yaxınlığında piyadalar piyada keçidinə və ərazidə xidmət göstərən polis əməkdaşlarına məhəl qoymadan yolu keçirlər. DYP reydlər keçirir, cərimələr tətbiq edir, amma nə fayda.

Bir çox ekspertlər deyir ki, cərimə qurtuluş yolu deyil, əhali maarifləndirilməlidir. Xeyr, cərimə ən uyğun çıxış yoludur və miqdarı nə qədər çox olsa, piyadalar bir o qədər diqqətli olar.

Düşünün yolu keçərkən canını ortaya qoyan piyadanı necə maarifləndirmək olar?

Xatırladaq ki, İnzibati Xəatalar Məcəlləsində piyadaların yol hərəkət qaydalarını pozması ilə bağlı məsələlər yer alır. Piyadalar yolun sürət həddinə uyğun olaraq cərimə edilir. Məsələn; sürət həddi 80 dən yuxarı olan yolları keçən piyadalar 40 manat məbləğində cərimə edilir. Çox zaman piyadalar deyir ki, "sürücülük vəsiqəm yox, avtomobilim yox, cəriməni ödəməyəcəm, nə ola bilər ki?"

Nəzərinizə çatdıraq ki, sizə yazılmış cəriməni ödəməsəniz müəyyən müddətdən sonra qapınızı məhkəmə icraçısı döyə bilər.

Hər halda; yol keçərkən diqqətli olun, yol hərəkəti qaydalarına əməl etməyə çalışın. Bu həm sizin canınızı, həm də cibinizi qoruyacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »