Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çay dəstgahımız brend olub” – Əcnəbilər Bakıda daha çox nələrə maraq göstərir
“Çay dəstgahımız brend olub” – Əcnəbilər Bakıda daha çox nələrə maraq göstərir

Qapanmalar getdikcə yumşalır. Ümid edirik, tezliklə dünya köhnə qaydalarla həyat tərzinə geri dönər. Turizmin yenidən vüsət alması həm ölkəmiz, həm də dünya iqtisadiyyatı üçün önəmlidir.

Elə Bakı küçələri də rəngarəng insanlar, özləri ilə fərqli abu-hava gətirən turistlər üçün darıxıb. Hərçənd artıq yollar yavaş-yavaş açılır. Kütləvi şəkildə olmasa da, insanlar bütün risklərə baxmayaraq, səfər planları cızırlar. Elə biz də qonaqlarımızı qarşılamağa hazır olmalıyıq.

İçərişəhərdə xüsusiən turistlərlə alış-veriş üçün nəzərdə tutulmuş küçə ticarəti obyektlərinin işçiləri artıq giley-güzar edirlər.

Rəhman Mehdiyev deyir ki, 2 ildir demək olar ki, ticarət "ölüb", tək-tük turist olur, onlarla da görülən iş alver sayılmaz. Bununla belə, Rəhman bəy deyir ki, artıq turistlərin gəlişinə hazırlıq görüblər.

"Bakıya, ümumiyyətlə, Azərbaycana gələn qonaqlara elə şeylər satmalıyıq ki, həm bizi sevgi ilə xatırlasınlar, həm məmnuniyyətlə, almaq istəsinlər. Həm ziyarət olsun, həm də ticarət",- deyə Rəhman Mehdiyev bildirir.

Turistlərə satılası maraqlı əşyalardan danışarkən Rəhman çox maraqlı məqamlara toxunur.

Məsələn, bizdən milli kişi və qadın baş örtüklərini məmnuniyyətlə, alırlar. Mən heç inanmazdım, Rusiyadan gələn kişilər bizim milli papaqlarımızı, qadınlar kələğayılarımızı sevərək alırlar. Yəqin papağımızı qoyub bizim kimi igid olmaq istəyirlər. Bundan başqa, onlar həvəslə qədimi formada tikilmiş, zərli işləmələri olan çarıqlara üstünlük verirlər. Rusiyadan gələlər, burdan şərabsız qayıdalar. Bu, inanılacaq iş deyil. Azərbaycan şərablarını brend kimi alıb aparırlar. Məncə, şərablarımız üçün xüsusi qablaşdırmalar olsa, əla görünər",- deyə o qeyd edir...

Milli geyimlərimizə əsasən, xaricdən gələn soydaşlarımız üstünlük verirlər. Ona görə hər ölçüdə milli geyimlər tikdirib hazır saxlayırıq. Milli geyimli kişi və qadın oyuncaqlarını da məmnuniyyətlə alırlar.

Aksessuar olaraq milli ornamentli bilərziklər, üzüklər, kəmərlər, sinəbəndlər, təsbehlər alınır. Araqçınlara da həvəs böyükdür. Hələ mən nərd taxtanı demirəm. Əl işi olan nərd taxtalarıını həvəslə alırlar. Ümumiyyətlə, taxta oyma işlərinə həvəs böyükdür. Xalçalarımıza dəyər verirlər, məmnuniyyətlə alırlar. Milli qablarımız, mis ləyənlər, sinilər, stəkan altlıqları, armudu stəkan dəstləri, qazan və samovarları alıb həm bəzək əşyası, həm məişət əşyası kimi işlədə bilirlər. Bir də Bakının simvoluna çevrilmiş aerodrom kepkalara da MDB ölkələrindən gələn turistlər maraq göstərirlər. Bu, yəqin onlarda nostalji duyğular yaradır.

Rəhman Mehdiyevin dediyinə görə, Bakının çay dəstgahı istənilən xarici qonaqda çox maraq oyadır. Ona görə üstü buta rəsmli çayniklərlə yanaşı, armudu stəkan dəstləri, samovar, üstəlik, quru yemiş , ləbləbi, paxlava, şəkərbura, müxtəlif mürəbbələr alıb aparan turistlər də az olmur. "Qısası, çay dəstgamız artıq milli brendimiz olub" deyə o qeyd edir.

Cənnət kimi ölkəyik, daşı , torpağı da qazanc gətirər. Yetər ki, biz düzgün istifadə etməyi bilək. Turistlər gəlsinlər, biz də öyünə- öyünə olan nemətlərimizdən həm süfrəyə düzək, həm də piştaxtalara. Bu da olsun həm ziyarət , həm ticarət.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »