Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
“Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti

Ermənistanın hərbi eksperti Van Hambartsumyan Azərbaycanın REM (radio-elektron mübarizə) birliklərinin Ermənistan ordusunda çaşqınlıq yaratmasından danışıb.

O, 44 günlük əməliyyatlar zamanı yüksək məxfilik dərəcəsinə malik, xüsusi texnologiyalarla təmin olunmuş bu birliklərin onları necə çaşqın vəziyyətə saldığını, Ermənistan ordusunun tezliklərini ələ keçirərək artilleriya bölmələrinə yalnış koordinatlar ötürdüyünü vurğulayıb.

“Bu birlikləri hərbi paradlarda görə bilməzsiniz, formalarına nişan vurmurlar, çox məxfi birləşmədir. Həmin birliklərə Türkiyənin xüsusi xidmətləri tərəfindən təlimlər keçilib, ən müasir proqramlarla təmin olunublar. Bir insanın 100 sözünü yazsanız, onun səsi ilə proqramda başqa cümlələr qurmaq mümkündür. Azərbaycanın bu birlikləri illərlə bizim zabitləri, generalları dinləyiblər. Nəinki 100 söz, minlərlə söz yazıblar. Hətta bizim dildə dialekt fərqlərini də nəzərə alıblar. Onlar hansısa ərazidə bir “kvadrat”ı bloklayaraq bizim kəşfiyyatçıları “susdurur”, ​ artilleriya bölmələrinə ayrı koordinatlar verirdilər. Onlar hətta generalların səsi ilə bölmələrə fərqli-fərqli əmrlər verə bilirdilər”.

O, həmçinin Azərbaycan şəhərlərinə zərbə endirən zaman Ermənistan ordusunun vurduğu ​ dəqiq koordinatlara malik olmamasını, real zamana aid kəşfiyyat məlumatlarında axsadığını əlavə edib. Ekspertin sözlərindən belə anlamaq olar ki, dinc sakinlərimizi hədəfə alan Ermənistan ordusunun konkret olaraq hərbi hədəfləri belə yox imiş.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

Bizimyol.info xatırladır ki, sentyabrın 15-də hərbi ekspert Elxan Şıxəliyev saytımıza müsahibəsində demişdi: “Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrində çox ciddi məxfilik problemi var idi. Aprel müharibəsi zamanı isə şəxsi heyətlə bağlı problemlər özünü göstərdi. Lakin son müharibədə nəinki məxfiliyin qorunması, düşmənin tezliklərinin ələ keçirilməsi, radioelektron mübarizə ilə bağlı yüksək nəticə göstərdik. Demək olar ki, bütün hərbi hissələr ASELSAN istehsalı olan avadananlıqlarla, dördüncü nəsil texnologiya ilə təmin olunub. Hərbi təhsil verən müəssisələrimizdə dərsliklər NATO ədəbiyyatı əsasında tərtib olunub və artıq ABŞ-da müdavimlərin ingiliscə oxuduğu​ ədəbiyyatın eynisini bizim müdavimlər Bakıda öz dilimizdə oxuyurlar”.

Hambartsumyanın Azərbaycanın REM birlikləri ilə bağlı açıqlamasından sonra yenidən Bizimyol.info saytına danışan Elxan Şıxəliyev bildirib ki, Ermənistan ekspertinin danışdıqlarında həqiqətlər var.

​“Mən Hambartsumyanın bu və digər müsahibələri ilə tanış olmuşam. Yetərincə cəsarətli, ciddi açıqlamalar verir. Lakin onun bilmədiyi başqa məqamlar da var. Biz Azərbaycan ordusunun hansısa uğurlu əməliyyatı barədə danışa bilərik. Lakin elə təfərrüatlar var ki, onları deyə bilmərik. Çünki məxfiliyi pozmuş olarıq. Amma onların ekspertləri artıq bundan danışırsa, biz sadəcə, təsdiqləyə bilərik”, - deyə Elxan Şıxəliyev vurğulayıb.

O qeyd edib ki, həqiqətən də, Azərbaycanın məxfi REM birlikləri 44 günlük əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurub: “Bu birləşmələrdə xidmət edən igidlərimiz Ermənistan zabitlərinin kabusuna çevrilib. Elə şeylər var ki, hələ də açıqlamaq olmur. Lakin tam əminliklə deyə bilərəm ki, bu birliklərdə MDB məkanında ən fərqli, ən yüksək səviyyədə hazırlıq görmüş mütəxəssislər xidmət edirlər. NATO-nun qabaqcıl ölkələrində olan 5-ci nəsil texnologiyalarla təmin ediliblər”.

Elxan Şıxəliyev qeyd edib ki, istənilən hərbi əməliyyatlar zamanı REM birlikləri xüsusi rol oynayırlar: “Radio-elektron mübarizə birlikləri hətta savaşın axarını belə dəyişəcək qədər əhəmiyyətə malikdirlər. Müharibə ancaq topdan-mərmidən ibarət deyil. İnformasiya müharibəsi çox vacib amildir. Bu baxımdan, Azərbaycanın REM birləşmələri özünü çox yüksək səviyyədə göstərdi. Hazırda da bu birliklərin hazırlığına çox ciddi önəm yetirilir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »