Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyaya gələn övladını görə bilməyən şəhid... - Fotolar
Dünyaya gələn övladını görə bilməyən şəhid... - Fotolar

Ağlaya-ağlaya şəhid oğlnun məzarı ətrafında olan çiçəklərə su verib nəsə pıçıldayırdı. Yaxınlaşıb “Allah səbr versin” dedim.

“Səbrim bitib, hər gün qayıtmasını gözləyirəm. Evimin kişisi idi” deyə göz yaşlarını silir Mingəçevir şəhidi Məhəmməd Məmmədlinin anası. Bakıdan gəldiyimizi biləndə başlayır şəhid balasından danışmağa. Sözünün birini deyib, birini unudur.

Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlu

Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlu 1994-cü il avqustun 22-də Mingəçevir şəhərində anadan olub. 1997-ci ildə ailə Rusiyanın Volqoqrad şəhəri Srednyaya Axtuba qəsəbəsinə köçür. Məhəmməd orta məktəbi burada oxuyur. 2005-ci ildə ailəsi Azərbaycana qayıdır və Məhəmməd Mingəçevir şəhərində 18 nömrəli tam orta məktəbdə təhsilinə davam edir. 2006-cı ildə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbinə daxil olur, 2011-ci ildə Uşaq İncəsənət məktəbinin tam kursunu Fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirir. 2012-ci ildə Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbdən məzun olur. Elə həmin il oktyabr ayının 12-də Mingəçevir ŞHK tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır.

“N saylı hərbi hissənin 2-ci Artilleriya Divizionun 6-cı Artilleriya Batareyasında Baş Tuşlayıcı vəzifəsində xidmət edən Məhəmməd 2014-cü il aprel ayının 4-də müsbət xidməti xasiyyətnamə ilə ordudan tərxis olunur.

Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlu

Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlu

"2017-ci ildə atası dünyasını dəyişəndən sonra ailənin bütün yükü onun üzərinə düşmüşdü. Hər yerdə işləyirdi ki, ailəyə baxa bilsin. Oğlum sakit təbiətli, gülərüz, zəhmətkeş, qayğıkeş idi"- deyən şəhidin anası Mehriban xanım bildirir ki, Məhəmməd İkinci Qarabağ Müharibəsi başlamazdan əvvəl 2020-ci il sentyabrın 21-də hərbi təlimə çağırılır və 27 sentyabr 2020-ci il Vətən müharibəsi başladığı andan Suqovuşan ərazisində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılır. Ananın sözlərinə görə, hərbi vəzifəsi Baş Tuşlayıcı olmasına baxmayaraq döyüş yoldaşlarına kömək etmək məqsədi ilə könüllü olaraq döyüşlərə kəşfiyyatçı kimi qoşulur. Döyüş yoldaşları onu “Balaca Kəşfiyyatçı Maqa" deyə çağırırdılar.

Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlu

Oktyabrın 1-də Suqovuşan Gülüstan ətrafında Ağucuq deyilən ərazidə gedən döyüşlərdə döyüş yoldaşları ilə birlikdə mühasirəyə düşür. “Mənim kaskam, bronejiletim var, mənə heç nə olmaz, siz arxada gəlin...” deyib öndə gedən Məhəmməd bu dəfə də düşmənlə üzbəüz döyüşə ən ön sıralarda girir. Sağ ayağından aldığı qəlpə yarasına baxmayaraq son nəfəsinə qədər vuruşur, bir neçə işğalçını məhv edir. Oktyabrın 2-də qarın nahiyəsindən ikinci dəfə ağır güllə yarası alır. Döyüş yoldaşlarına son nəfəsində “Uşaqlar mən vuruldum...bərk olun, möhkəm olun ki, burdan çıxa biləsiniz...” deyib, şəhid olur.

Yaxınlarının sözlərinə görə, sözügedən qanlı döyüş ərazisi əl çatan mövqedə olmadığı üçün Şəhidimizin nəşini döyüş bölgəsindən çıxartmaq mümkün olmur. İki ay sonra Şəhidimizin nəşi döyüş bölgəsindən götürülür və 1 Dekabr 2020-ci ildə Şəhidimiz Mingəçevir Şəhər Şəhidlər Xiyabanında dəfn olunur. Şəhid Məhəmməd Məmmədli Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“Yeni ailə həyatı qurmuşdu. Ölümündən sonra ilk övladı dünyaya gəldi. Heç bilmirdi qızı olacaq. Amma deyirdi ki, əgər qızım olsa adını dini ad qoyarsınız. Biz də uşağı Fatimə adlandırdıq. Təsəvvür edin bir övlad heç bir zaman ata olmağın nə olduğunu bilməyəcək. Bir oğul atalıq hissini yaşamadan dünyadan köçdü” - deyən Mehriban xanım gözyaşlarını saxlaya bilmir.

Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlunun ailəsi

Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlunun övladı

Şəhidin anası deyir ki, onun bu həyatdan heç bir istəyi qalmmayıb. Tək arzusu balasının geri qayıtmasıdır, o da mümkün deyil:

"Mənim oğlumun 4 dostu var idi. Həmişə 5 nəfər bir yerdə dərdləşərdi. Demişdilər ki, kim şəhid olsa, sağ qalan şəxs onları unutmamalıdır. Oğlumla birlikdə 3 dostu da şəhid oldu. İndi biri Tural adlı bir dostu qazi olub. O istəyir ki, 4 dostu üçün bulaq tikdirsin. Bulağın tikilməsinə də başlanılmışdı. İcra hakimiyyətindən gəlib sökdülər. Balalarımıza qiymət vermədilər. Biz can itirmişik, bir bulaq nədir ki, buna icazə verilmir? Biz şəhid analarının tək istəyi o bulaqdır. İstəmirik övladlarımız unudulsun. Məhəmmədin avqustun 22-də ad günüdür. Heç olmasa ad gününə qədər bulaq tikilsə, ürəyim bir az sakitləşər".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »