Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turizm cənnətində postpandemiya gündəmi - Foto
Turizm cənnətində postpandemiya gündəmi - Foto

Antalya: yenilənən qədim şəhərdən yol qeydləri

Türkiyənin Azərbaycandakı Səfirliyinin təşəbbüsü, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Move səyahət şirkəti vasitəçiliyi ilə 21-25 iyun tarixlərində qardaş ölkənin ən məşhur turistik şəhərlərindən biri olan Antalyada səfərdə olduq. Səfər gündəliyini açıb sizinlə bölüşməyə hazırıq.

Qardaş Türkiyənin dəyərli qurumları tərəfindən təşkil olunan və dəstəklənən bu səfərin əsas məqsədi Antalya şəhərini və onun timsalında Türkiyənin turizmindəki yenilikləri və pandemiya sonrası dəyişiklikləri yaxından görmək və gördüklərimizi media platformalarımızda işıqlandırıb səyahətsevərləri aydınlatmaq idi. Və bu gün bu məqsədin son mərhələsindəyik. 5 günlük səfər çərçivəsində biz Antalyanı yenidən tanıdıq, yenilənən Antalyanı tanıdacağıq.

Dünyanı hörümçək toru kimi çevrələyən və artıq 1 ildən çoxdur başımızın üzərində qara bulud kimi pusquda dayanan Covid-19 virusu yaşam standartımızı və "normal" adlandırdığımız həyatımızı dəyişdi. Bu dəyişiklik həm fiziki, həm də psixoloji izlər qoydu. Pandemiya qəfəsinin qapısını aralayıb yavaşca yeni normal həyatımıza addımlamağa başladıq. Bu addımların başlanğıcında virus testləri və vaksinasiya gəlir. Biz də səfər öncəsi səyahət qaydalarının tələblərinə uyğun olaraq, koronavirusa yoluxub-yoluxmadığımızı öyrənmək məqsədiylə 1 saylı poliklinikada testdən keçdik. Neqativ nəticəni aldıqdan sonra operatorundan baş redaktoruna qədər fərqli vəzifələrə sahib bir qrup media işçisinin iştirakıyla Antalya istiqamətində yola çıxdıq. Türk Hava Yolları Bakı-İstanbul-Antalya səfəri müddətində pandemiya sonrası tədbirlərindəki xüsusi diqqəti və yüksək keyfiyyətli xidməti ilə yoldaşlıq etdi.

21 iyun səhəri yola çıxdığımız Bakıdan eyni tarixdə saat 5 radələrində Antalya şəhərinə çatdıq. Yay fəslinin başladığı ilk günlərdə ölkəmizdə ləğv olunan açıq havada maskadan istifadə məcburiyyəti Antalya şəhərində davam etdiyindən bizi qarşılayan tur rəhbərlərimiz polislərdən öncə xəbərdarlıq etdi. Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə rəhbərlik üçün göndərilən peşəkar tur rəhbəri Məltəm Karamete və Move səyahət şirkətinin üzvü Evren Çınar, Türkiyədə maskasız gəzinti qadağasının davam etdiyini xüsusilə qeyd edərək polisin də bu mövzuda diqqətli olduğunu dedilər. Yerli vətəndaş və ya turist olmasından asılı olmayaraq hər kəsin maska taxmalı olduğunu və əks halda polisin cərimə cəzasıyla qarşılaşa biləcəyimizi deyən yeni yol yoldaşlarımız, bu qayda və qadağaların əslində hamımızın sağlamlığı üçün tətbiq olunduğunu vurğuladılar.

Antalyadakı ilk gün bizə yol yoldaşlığına başlayan, illərini öz karyerasında təcrübəyə xərcləmiş, peşəsini sevən tur rəhbərimiz Məltəm xanım, yerləşdiriləcəyimiz otel yolunda bizə mediatur proqramımızdan bəhs etməklə yanaşı, Antalya haqqında təsəvvür formalaşdırmaq məqsədiylə tanıdıcı informasiya verdi. Pandemiya dövründə turizmin dayandığını və artıq 1 ildən çox müddətdə turist üzünə qismən həsrət qalan bu şəhərə yenidən turist axını olacağını qeyd edən Məltəm xanım, Rusiyadan səfərlərin başladığını da dedi.

"Rusiya ilə siyasi əlaqələrin normallaşması və pandemiya qadağalarının nisbətən də olsa, yumşaldılması Antalya şəhərinin turizmini yenidən canlandıracaq Artıq 1 ildən çox müddət qapısı bağlı qalan bir çox ticarət və əyləncə yerləri yeni qaydalar çərçivəsində tədbir görərək turistləri qarşılamağa hazırlaşır. Almanyadan və İngiltərədən gələnləri tam olaraq turist saymaq olmaz. Hətta onlara artıq buranın yerlisi də demək olar. Çünkü bu ölkələrdən olan bəzi vətəndaşların yay tətillərini daimi keçirdikləri, əsasən, sahilkənarı fərdi yaşayış evləri var." - deyən Məltəm xanım, şəhərdə pandemiya sonrası yeniliklərin də olduğunu vurğuladı. Pandemiya dövründə bağlanan ticari obyektləri yeniləri əvəzləyib, şəhərdə yenidən bərpa məqsədiylə yeni yaşayış binaları da gözə çarpmağa başlayıb. Yenilənmə çərçivəsində şəhərə gözəl görüntü verməsi məqsədiylə bina rənglərinə də xüsusi diqqət yetirilib. Yol boyu Şəhər İcra Hakimiyyəti, Şəhər və Rayon Bələdiyyələrinin bu mövzuda ciddi hazırlıqlar gördüklərinin şahidi olduq. Əkilən ağaclardan ticari obyektlərin yerləşdirilməsinə kimi müəyyən nizam vardı. Şəhərin xüsusi və anlamlı bir məqsədlə seçilmiş göz oxşayan rənglərlə dizayn edildiyini aşağıdakı şəkildən görə bilərsiniz.

Antalya binaları

Antalya, sadəcə, qızmar günəşi və duzlu dənizi ilə deyil, eyni zamanda əsrarəngiz təbiəti və tarixdən bu günə gözəllikləri ilə də məşhurdur. Yol uzunu salınan portağal və limon istixanalarını, qarğıdalı və pomidor tarlalarını göstərən Məltəm xanım, şəhərin portağal istehsalında ölkə üzrə ciddi payı olduğunu vurğuladı. Elə bu səbəblə portağal şəhərin simvoluna çevrilib. Hətta ölkənin ən məşhur festivallarından biri - "Antalya Qızıl Portağal Film Festivalı" öz adını simvollaşmış bu meyvədən götürüb. Şəhərdə yetişən meyvələr, sadəcə ölkənin dörd bir yanına paylanmır, həm də mürəbbəsi hazırlanır. Bu meyvələrdən başqa badımcan və qarpız mürəbbəsi də yerli əhalinin menyusunda önəmli yer tutur.

Beynəlxalq Qızıl Portağal Film Festivalı

Yollar uzandıqca söhbətlər də uzandı. Səfərimizin ilk günü oteldə Türk mətbəxinin ləziz təamlarıyla başa çatdı. Davam edən günlərdə şəhərin bir ucundan başqa bir ucuna səfər etdik. Tarixin izlərini daşıyan Perge şəhəri, hələ də torpağının altında necə tarixi əsərlər gizlədən Side şəhəri, səsiylə insana hüzur verən Düden şəlaləsi, Cumhuriyyət ruhunu əks etdirən Atatürk evi, qədim Türk və əcnəbi millətlərin əsərləri qorunan Kaleiçi və begonvil ətirli bu şəhər haqqında bir yazı kifayət etməz. Tarixdən bu günə Türkiyədə "Cənnət" adlandırılan Antalyanı başqa yazılarda sizə tanıtmağa çalışacağıq.

Orxan Musa

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »