Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kimdir günahkar: "Greencard Azərbaycan", yoxsa ABŞ səfirliyi - Video
Kimdir günahkar: "Greencard Azərbaycan", yoxsa ABŞ səfirliyi - Video

Azərbaycanda fəaliyyət göstərən “Greencard Azərbaycan” MMC-dən dəfələrlə narazılıqlar olub. Bu dəfə isə Elxan Sərxanov Bizimyol.info-ya müraciət edərək, şirkətdən narazılğını bildirib. Onun sözlərinə görə, o 2012-2018-ci ilə qədər greencard.az saytından davamlı olaraq, qeydiyyatdan keçib.

“İlk vaxtlar marağında olduğum üçün hətta sığortalı (60 azn) qeydiyyatdan keçirdim ki, qalib olduğum halda təyyarə biletimi pulsuz versinlər. 2017-ci ilin sentyabr-oktyabr aylarında mənimlə əlaqə saxlayıb, şəklimi yeniləməyimi istədilər. Mən də yenisini çəkdirib gönərdim. Həmin dövrdə mən Azərbaycanda yaşamırdım. 2018-ci ilin may ayında mənə zəng edib qalib olduğumu dedilər. Əvvəlcə inanmasam da, sonradan adımı siyahıda gördüm və çox sevindim. Bir müddət araşdırma etdikdən sonra "whatsapp" qruplarının birində greencard.az qeydiyyatdan keçənlərdən "confirmation number" (dosye nömrəsi) almaq üçün 800 dollar ödəniş tələb edildiyini eşitdim.

Açığı bunu mən qeydiyyatdan keçən zaman deməmişdilər. Onlar mənə zəng edəndə, mən iş nömrəmi soruşdum. Çünki sıra nömrəsi 30000-dən yuxarı olan şəxslərin səfirlikdə müsahibəyə düşməmək kimi problemi var. Mənə ortalarda olduğumu və görüşmək üçün Bakıya gəlməli olacağımı dedilər”.

E.Sərxanov deyir ki, Bakıya gəldiyi zaman ofisdə ona 800 dollar ödəməli olduğu bildirilib. Qeyd edilib ki, əks təqdirdə ona dosye nömrəsi verilməyəcək, şəxsi məlumatları şirkətdə qalacaq və greencardan imtina ediləcəyi bildirilib:

“Təbii ki, razılaşdım. Öncə pulun yarısını 500 manat ödədim. Mənə bildirildi viza səndləşmə zamanı dəstək veriləcək. Hətta mənə pul qarşılığında bir xanımla evlənib, onunla da greencard almasına yardım edə biləcəyimi təklif etdilər. Mən imtina etdim.

Bir müddət sonra greencard.az saytından qeydiyyatdan keçən insanların viza görüşməsindən imtina aldığını eşitdim. Səbəb kimi isə konsulun greencard.az-da bəzi şəxslərin qeydiyyatı zamanı fotoşəkillərini yeniləmədiyi iradı göstərilirdi. Mənim fotom yeni olduğu üçün rahat idim. Səfirliyə dəvət edilən zaman bütün sənədlərimi qaydasına saldım. Səfirlikdə konsul mənimlə uzun söhbət etmədi. Fotomun yeni olduğunu soruşdu. Mən də əminliklə yeni olduğunu dedim. Mənə greencard.az-dan qeydiyyatdan keçənlərin bəzilərinin fotoşəkillərinin köhnə olduğunu və məndən də şübhə edildiyi bilirildi. Mən özümü müdafiə etmək üçün telefonumu tələb etdim ki, fotoşəklin tarixini göstərim. Lakin mənə bunu özlərinin araşdıracağı bildirildi. Və qeyd edildi ki, mənə "mail" vasitəsilə məlumat veriləcək.

Mən Gürcüstandan Bakıya gələrək "mail" gözləməyə başladım. Bu müddət ərzində greencard.az mənə heç bir kömək etmədi. Halbuki bu problem onların problemi idi. Mən imtina mesajı aldım. Çox yerə mraciət etsəm də, faydası olmadı. Sonra greencard.az-a verdiyim 800 dolları geri aldım. Heç kim mənə təəssüf etdiyini belə demədi. Onlar mənə viza alana qədər dəstək olacaqlarına söz vermişdilər. Təbii ki, mənim 800 dollardan başqa da xərclərim çıxmışdı. Sənədləşmə, tibbi arayış, Gürcüstana gedib-gəlmək və s. xərclərim çıxmışdı.” - deyə şikayət edən E.Sərxanov “Greencard Azərbaycan” şirkətinin hələ də vətəndaşları aldatdığını iddia edir. O bildirir ki, vətəndaşlardan tələb edilən 800 dollar qanunsuz olaraq tələb edilir. Belə ki, konsulla müsahibə zamanı da, konsul bu məbləğin tələb edilməsinin qeyri-qanuni olduğunu qeyd edib.

“Greencard Azərbaycan”-ın rəsmi saytının müştəri xidmətləri üzrə mütəxəssisi Rüfət Piriyev bildirib ki, saytda qeydiyyatdan keçən zaman “xidmətlər və şərtlər” bölümü ilə tanış olmaq lazımdır:

“Xidmətlər və şərtlər bölməsinin 8-ci bəndində belə bir maddə var ki, həmin şəxs qeydiyyatdan keçərkən sığortalı və ya sığortasız qeydiyyat haqqında məlumat alır. Bizdə 2 cür qeydiyyat var. Birincidə qeydiyyat zamanı 60 manat ödəyirsinizsə və qalib olsanız, sizin bütün sənədləriniz, ABŞ- da qarşılanma, qalacaq yeriniz və iş yerinin tapılması və təyyarə bileti ödənişsiz təqdim olunur. Əgər qeydiyyatdan keçərkən heç bir ödəniş etmirsinizsə, sığortasız qeydiyyatdan keçirsinizsə və qalib olsanız, həmin sadaladığım xidmətlərə görə şirkətə 2200$ ödəyirsiniz. Və eyni bənddə qeyd olunur ki, əgər siz o sadalanan xidmətlərdən imtina edirsizsə, bu prosedurları özünüz edəcəksinizsə, təkcə sənədləşmə işlərini şirkətlə etməyə görə, 800$ bank vasitəsilə ödəniş edirsiz və bununla da qeydiyyatdan keçirsiniz”.

R.Piriyev bildirib ki, hər il müştərilərlə əlaqə saxlanılır, sığortalı və ya sığortasız qeydiyyat barədə məlumat verilir. Qeydiyyatın formasını isə şəxs özü seçir. Sığortalı olaraq davam edirsə, 60 manat ödəniş edir, sığortasız olaraq davam edirsə, qalib olacağı halda 2200$ xərci olacağı şəxsə bildirilir.

“Əgər şəxs qalibdirsə və qaliblikdən imtina edirsə, biz ona heç nə deyə bilmərik. Əgər davam edirsə, sənədləşmə və digər işləri bizimlə görməyə məcburdur. Çünki qeydiyyatdan keçərkən şərtlərlə razılaşıb və təsdiqləyib keçib. Bunun da dəyəri 800$-dır. Bunu bəzi işbaz şəxslər və sosial şəbəkədəki qruplar “kod satmaq” adı altında qələmə verirlər. Əgər biz qeydiyyatdan keçən şəxslərin kodlarını qalib olduqdan sonra özlərinə təqdim etsək və şirkət olaraq ödəniş tələb etməsək, o zaman biz xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərmiş olarıq. Şirkətin daxili xərcləri, işçilərin əmək haqları və s. bu kimi xərclər var. Ona görə də biz sənədləşmə işlərini bizimlə görməyi tələb edirik”,- deyə Piriyev bildirib.

O, əlavə edib ki, əgər şəxs səfirlikdə müsahibədə imtina cavabı alarsa və bu icraçıdan və digər səbəblərdən qaynaqlanırsa, ödədiyi məbləğ heç bir komissiya tutulmadan geri qaytarılır. Sosial şəbəkədə yayılan məlumatlar əsassızdır. R.Piriyev həmçinin bildirib ki, prosesdən narazı olan şəxslər ofisə müraciət edib, məsələyə aydınlıq gətirə bilər.

Qeyd edək ki, "Amerika Birləşmiş Ştatları dövləti tərəfindən hər il "müxtəliflik vizası" (diversity visa) və ya digər adı ilə "green card" lotereyası keçirilir. Lotereya qalibləri ABŞ-da müddətsiz olaraq yaşamaq, təhsil almaq və işləmək şansı əldə edirlər. Lotereyada iştirak üçün qeydiyyat hər ilin oktyabr ayında açılır. Növbəti ilin may-iyun aylarında isə qaliblər müəyyənləşir. Qeydiyyat prosesi çox sadədir və ABŞ Dövlət Departamentinin rəsmi veb səhifəsi olan dvprogram.state.gov saytından həyata keçirilir. Lotereya iştirakçısı şəxsi məlumatlarını (ad, soyad, doğum tarixi və s.) qeyd etdikdən sonra hər bir iştirakçıya sadəcə ona məxsus olan "təsdiq nömrəsi" (confirmation number) verilir. Bu nömrə olmadığı halda iştirakçı hətta qalib olsa belə, növbəti mərhələyə keçə bilmir, yəni sənədlərini hazırlayaraq səfirlikdən viza alması mümkünsüz olur. Azərbaycanda isə, “Greencard Azərbaycan” şirkəti bu istiqamətdə fəaliyyət göstərir.

Şirkətin vətəndaşları aldatdığını deyən bir qrup şəxs sosial şəbəkə vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »