Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çaya düşüb islanmayan" YAP deputatı: "Məni siyasətə qatmayın"
"Çaya düşüb islanmayan" YAP deputatı: "Məni siyasətə qatmayın"

Bu gün Milli Məclisin deputatı Siyavuş Novruzov gündəmə daha bir məzəli sitatı ilə düşdü. Bir neçə gün öncə vedrəni ölçü vahidi kimi deməklə dillərə düşmüş deputatımız, indi də jurnalistlərdən xahiş edib ki, onu siyasətə qatmasınlar.

Siyasət adamını siyasətə də qatmayıb nəyə və hara qatacağımız barədə dərindən düşünürük. Tapana Milli Məclisdən hədiyyə gələcək. Amma bu söhbət çaya batıb islanmamaq kimi qəribə görünür elə deyilmi? Sosial problemlərə? Bu günə qədər parlamentimizdən ürəyimizə su səpəcək, mənafeyimizi qoruyacaq hansı qərarları görmüşük? Ancaq gözləmə mövqeyi sərgiləməklə, tərifləməklə o etimadı, sevgini qazanmaq mümkünmü?

Siyavuş Novruzov Siyavuş Novruzov

Bir neçə il öncə bir ailə qalmaqalı barədə yazmalı olmuşduq. Toydan 3 gün sonra boşanan tərəflər bir- birini ittiham edirdi. Oğlan evi qız evinin onlara vurduğu ziyanın ödənilməsini istəyirdi. O boyda pul töküb toy eləmişdilər.

Boşanmaya gəlinin verdiyi “ bəyanat” səbəb olmuşdu. Toy günü gəlin bəyə elan eləmişdi ki, “bu evə qız gəlib, qız kimi də gedəcək. Onu “ belə- belə” işlərə qarışdırmasınlar” .

Söz yox ki, sonrakı araşdırmalarda gəlinin psixoloji problemilərinin olması üzə çıxmışdı, amma bu söhbət zəhər sifətli məhkəmə hakiminin də təbəssümünə səbəb olmuşdu. Nədənsə bu gün bu söhbəti xatırladım.

Amma Siyavuş müəllimin dediyi də bir az insafsızlıqdır axı. Xalqın səsini, sözünü deməli olduğu deputat məni qarışdırmayın deyirsə, biz dərdimiz kimə deyək, necə eləyək?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bu şəkildə bir bəyanat həmin fikri səsləndirən deputatın siyasi hazırlığının olmamasının bariz nümunəsidir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü

“Deputat olmaq, minlərlə insanın səsverməsi nəticəsində millət vəkili seçilmək siyasətlə məşğul olmaq deməkdir. Deputat qanun yaradıcılığı prosesilə, seçicilərin durumu ilə, o cümlədən ölkənin önəmli ictimai-siyasi proseslərilə, dünyada baş verən hadisələrlə həm maraqlanmalı, həm də onlarla bağlı zaman-zaman fikir və təkliflərini açıqlamalıdır. Belə nümunəvi fəaliyyət göstərən deputatlarımız var.

Hikmət Babaoğlu, Qənirə Paşayeva, Nizami Cəfərov, Soltan Məmmədov, Vüqar Bayramov və s. bir neçə nəfərin adını çəkə bilərik. Amma əksəriyyət deputatlar “məni siyasətə qatmayın” deyib ya ümumiyyətlə danışmır, ya da ki danışanda aləmi qatır bir-birinə. Belə deyib yaxasını kənara çəkmək istəyən deputatlar bilmirlər ki, onların tutduqları post siyasi postdur. Xüsusən partiya mənsubiyyəti olan deputatın belə açıqlama verməsi məntiqsizlikdir. Bu həmin deputatın siyasi hazırlığının hansı səviyyədə olmasının göstəricisidir. Daha doğrusu siyasi hazırlığının olmamasının bariz nümunəsidir. Bu bir problem.

Digər bir problem bəzi deputatların həftələrlə, bəzən də aylarla danışmamasıdır. Milli Məclisdə, ictimai-siyasi proseslərlə bağlı müzakirələrdə ağzına açıb bir kəlmə belə danışmayan, adını heç kimin bilmədiyi deputatlarımız var. İqtidar partiyasından seçilən, bitərəf seçilən deputatlarımız var ki, prezidentin yürütdüyü siyasəti, dövlətin gördüyü işləri təbliğ və izah etmək üçün, onu müdafiə etmək üçün heç bir çıxış etmir, fikir və təklif bildirmilər. Bildirsələr də bunu elə bir saytda edirlər ki, heç kimin xəbəri olmur. Belə deputatlar xalq arasına çıxmır, seçilərilə görüşmür, ya da görüşərkən icra hakimiyyətinin seçdiyi xüsusi adamlarla görüşüb işini bitmiş sayır. Bu deputatların varlığı ilə yoxluğu bilinmir. Bu ikinci problem. Bir də var müxalifət adı ilə çıxış edən, guya müxalifətçi olan deputatlar. Onların da bir çoxusu iqtidardan, iqtidar deputatlarından heç nəyilə fərqlənmirlər. Yalandan bir iki xırda-para məsələlərə fikir bildirib, populizimlə məşğul olub işlərini bitmiş sayırlar. Hansı məmur onların şəxsi problemlərinin həllində rol oynayırsa onu tərifləyir, diqqət göstərməyəni tənqid edirlər. Bu da olur onların “müxalifətçiliyi”. Siyasətlə məşğul olmaq istəməyənlərin, seçicilərilə maraqlanmayanların, dövlətin siyasətini aydın şəkildə ictimaiyyətə çatdıra bilməyənlərin, təbliğatı düzgün şəkildə aparmayanların parlament kimi mühüm bir yerdə, deputat kürsüsü kimi mühüm postda nə işi var? Təəssüf ki, belə deputatlarımız kifayət qədərdir. Bir ilini yenicə tamamlayan parlamentimiz bu deputatların ucbatından yenə də gözləntiləri doğrultmur. Ötən il parlament məhz prezidentin həyata keçirdiyi islahatlar siyasətinə adekvat cavab verə bilmədiyinə görə buraxılmışdı. Heç indiki də ona cavab verə bilmir. Ona görə də düşünürəm ki, bu parlament də buraxılmalı və yeni seçkilər keçirib çevik, bacarıqlı, xalqın problemlərini həll edə bilən şəxslər seçilməlidir”.

Molla Nəsrəddin bir gün çıxır minbərə, xeyli susandan sonra gözləyir, görür millət bunun ağzına baxır. Deyir vallah, heç bilmirəm nə deyim, Ağlıma heç nə gəlmir. Məscidə toplaşanlardan da biri qayıdır ki, ay Molla, ağlına minbərdən düşmək də gəlmir?...

Bir deputat ki, onu o mövqeyə seçən, arxasında dayanan xalqın mənafeyini qorumaqdansa, qabaqdakılardan qorxub susacaq, danışmayacaq, onun ağlına tutduğu yeri tərk eləmək gəlməlidir, gəlmirsə məcburuq yadına salaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »