Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Davamız qızların bir-birini qucaqlamasına görə oldu”
Sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verdi

“Birinci qadın öldü, Arzu öldü, yenə birini tapsa, o da öləcək”

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə davam edib. İttihama görə, qətl hadisəsi bu ilin iyununda Xətai rayonu NZS qəsəbəsində baş verib. Həmin gün Sergey Vorobyov barda tanış olduğun İlahə Şahbazova ilə birlikdə spirtli içki qəbul edib. İlahənin onun çox içməsinə irad tutması narazılıqla qarşılanıb. Mübahisə zamanı İlahə Şahbazova bıçaqla Sergeyə xəsarət yetirib. Sergey bıçağı alaraq qadının ürək nahiyyəsindən zərbə endirib. İlahə Şahbazova hadisə yerində dünyasını dəyişib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Sergey Vorobyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Bildirilib ki, S.Vorobyov həmin qadınla mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olublar. Həmin vaxtdan sonra onlar S.Vorobyovla NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorobyov deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistandan doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorobyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.

“İlahə Yuliyayla səmimi görüşməyimi mənə irad tutdu”

O qeyd edib ki, hadisə baş verən gün uşaqlıq dostu Yuliya ilə tanışı Viktor onlara qonaq gəlib. “Yuliyanın verdiyi 20 manat pulla marketdən araq və digər ərzaq məhsulları alıb gətirdik. Birlikdə yeyib-içdik. İlahə Yuliyayla səmimi görüşməyimi mənə irad tutdu. Dedim ki, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil”.

Sergey Vorobyov bildirib ki, qonaqları yola salandan sonra yenidən içməyə davam edib: “İlahə çox içməyimə irad bildirdi. Bıçaqla boğazımdan vurmaq istədi, başımı geri çəkdim, sinəmə zərbə vurdu. Əlini burdum, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm döşəmənin üstündəyəm. Köynəyim qan içindəydi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, meyiti xalçaya büküb və otaqda gizlədib: “Meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı”.

Zərərçəkmiş şəxs qismində dindirilən Telman Bağırov ifadəsində İlahənin ərindən ayrıldığını, bir övladı olduğunu göstərib: “Əxlaqsız hərəkətlərlə məşğul olduğuna görə əri ondan ayrılmışdı. Qardaşları onu evə gəlməyə qoymurdu. Oğlu da əmisinin yanında yaşayır. Onun nə işə məşğul olduğunu, harada yaşadığnı bilmirik, onunla heç kim maraqlanmırdı”.

“Qadınların arasında heç bir lesbiyanlıq halı olmayıb”

Şahid qismində Viktor Çikonov dindirilib. Məlum olub ki, şahid hazırda inzibati həbsdədir. Ona 20 sutka həbs verilib. Viktor Çikonov bildirib ki, sevgilisi olmuş Yulya ilə qətlə yetirilən Arzugilə qonaq gedib: "Həmin gün Yulya ilə görüşdük. Anası evdə oldu. Yeyib-içmək istədik. Lakin yer tapmırdıq. Mənə dedi ki, Arzugilə gedək. Getdik, çox kasıb yaşayırdılar. Evdə yeməyə heç nə yoxuydu. Yulya Arzuya 20 manat verdi. Gedib yemək, araq aldılar. Biz oturub yeyib-içdik. Gecə saat 2 olardı. Yulyaya dedim, gəl səni evə aparım. O da mənimlə çıxdı. Biz getdik".

Şahid onu qeyd edib ki, Vorobyovun bundan əvvəl yaşadığı qadın da ölüb: "Söhbət zamanı bildim ki, Arzudan əvvəl də Sergeyin yaşadığı qadın ölüb. Daha sonra o, Arzu ilə barda tanış olub və evə gətirərək birlikdə yaşamağa başlayıblar. İndi birinci qadın da öldü, Arzu da öldü, yenə birini tapsa, o da öləcək".

Hakimlərin suallarına cavab verən şahid bildirib ki, yeyib-içdikləri gün qadınların arasında heç bir lesbiyanlıq halı olmayıb: "Elə şey olmayıb. Kim deyirsə, səhv deyir. Allah haqqı, balamın canı, belə şey olmayıb".

“Sən Arzunu öldürmüsən, məni də bıçaqlamısan”

Təqsirləndirilən şəxs şahidin ifadəsinə etirazını bildirib: "Ay şərəfsiz, sən Arzunu öldürmüsən, məni də bıçaqlamısan. Bax (qarnını açaraq bıçaq yarasını göstərir). Bizim davamız məhz elə qızların bir-birini qucaqlamasına görə oldu. Bu, mənə xoş gəlmədi. Ona görə mübahisə yarandı. Sonrasını xatırlamıram. Gözümü açanda bıçaqlanmışdım. Arzu isə öldürülmüşdü".

Məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə noyabrın 2-də davam edəcək.

Hadisə iyunun 3-də Xətai rayonu ərazisində baş Verib. Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb. Araşdırmalar zamanı məlum olub ki, mayın 31-də həmin qadın S.Vorobyova bıçaqla yüngül xəsarət yetirib, S.Vorobyov isə onu öldürüb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »