Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"...lakin bir tərəfin ətəyindən yapışıb sədaqət nümayiş etdirməyin əvəzini hansı qurbanlar hesabına ödədiyimiz acı gerçəklikdir"

Erməni dövləti çox mesajlı kombinasiya qurub həm öz ərazisində, həm də Rusiya məkanında aktiv fəaliyyətə başlayıb. Ərazisindəki Rusiya hərbi bazasının hərbi sursatını saxlamaq niyyəti ilə rus hərbçilərinin ölkədən təxliyə edilməsinə hazırlıq, bu barədə ABŞ nümayəndələri ilə danışıqlar hakimiyyətin xarici siyasət kursunun konturları görüntüsü yaratmış olsa da, həm Rusiyaya, Türkiyəyə, həmçinin region dövlətlərinə mesajdır.

Erməni dövlətinin ABŞ oriyentasiyası müstəvisində siyasət görüntüsü ABŞ-İran, ABŞ-Rusiya və ABŞ-Türkiyə münasibətləri kontekstində erməni hakimiyyətinə nə qazandıra bilər? ABŞ-na münasibətdə hər üç dövləti ortaq məcraya yönəldən məsələlər olsa da, Türkiyə bir NATO dövləti olaraq ABŞ-la eyni hərbi düşərgədədir. Hərçənd bu amil Türkiyənin geopolitik fəaliyyətində müstəqil qərarlar verməsini əngəlləmir. Erməni hakimiyyətinin Türkiyəni ABŞ-la blok bağlantısı səbəbindən neytrallaşdıra biləcəyi ehtimalı cari mənzərədə mümkünsüz görünür.

Türkiyə variantında daha çox bu dövlətin Rusiya ilə münasibətlər çərçivəsində anlaşması realdır. Erməni hakimiyyətinin Türkiyəni neytrallaşdırmaq siyasəti Rusiyaya təzyiq vasitəsilə müşayiət oluna bilər. Hərçənd Rusiyaya asi çıxmağın ermənilər tərəfindən bir neçə yönlü mesajı var: Azərbaycana münasibətdə Rusiyanı ikitərəfli manevrlərdən bir mənalı erməni yönlü qərar qəbul etməyə vadar etmək; Rusiyanın Türkiyəni erməni dövlətinə münasibətdə neytrallaşdırmağına nail olmaq; erməni dövlətinə münasibətdə İran- Rusiya əlaqələri potensialından daha çox faydalanmaq; ərazi iddiaları məsələsində ABŞ-nın tam dəstəyinə nail olmaq.

Ermənilərin Rusiya məkanında separatçı ruhlu heykəl təxribatları da cari kombinasiyanın tərkib hissəsidir. Təzyiq, şantaj, terror yolu ilə ən azından 100 illik zəngin təcrübə sahibi olan ermənilik vaxtı ilə II Nikolayı öz qərarından dönməyə nail olduqları xəttlə XXI əsr Rusiyasını öz varlıqları ilə hesablaşmağa vadar etməyə səy göstərirlər.

Nəzərə alsaq ki, 100 il ərzində Rusiya sosial-siyasi-iqtisadi həyatında ermənilik toru kifayət qədər əhatəli hörülübdür, məsələni ciddiyə almaq olar. Ermənilərin anti-Rusiya əməllərinin əvəzi Azərbaycan maraqları hesabına ödənilməsin deyə asi erməni hakimiyyətinə qarşı Rusiya –Azərbaycan –Türkiyə işbirliyinin “əzəmətinə” inanmaq sadəlövhlükdür. Burada İran amilini də unutmaq olmaz. Bu həmin Rusiyadır ki, düz 100 il öncə, məhz bu günlərdə Rusiya –Azərbaycan –Türkiyə üçbucağında daşnak hakimiyyətini asılı salmaq üçün erməni hakimiyyətinə münasibətdə Türkiyəni neytrallaşdırmaqla Azərbaycan torpaqlarını ermənilərə peşkəş etmişdi.

Rusiya dövlətçiliyinin maraqları erməni dövlətini ayaqda saxlamışdır, ona görə də Rusiyanın öz maraqları ziddinə hərəkət edəcəyi mümkün deyildir. Xülasəsi budur ki, bir əsrdə eyni səhvləri bir neçə dəfə etmək olmaz. Diplomatik manevrlər etmək lazımdır, lakin bir tərəfin ətəyindən yapışıb sədaqət nümayiş etdirməyin əvəzini hansı qurbanlar hesabına ödədiyimiz acı gerçəklikdir.

Diplomatiyada əsas, dövlətlərin (hələ dövlətlər üstü qüvvələri demirəm) maraqlarının təminatıdır. Cari konyunkturada bizim vəzifəmiz digər dövlətlərin maraqları ilə öz maraqlarımızı uzlaşdıra bilməkdir. Maraqların qarşılıqlı təminatı uğurumuzun zəmini ola bilər, bu şərtlə ki, bu qarşılıqda güzəştə gedən biz, diktə edən başqası olmasın.

Firdovsiyyə Əhmədova Firdovsiyyə Əhmədova, Tarixçi professor
Son xəbərlər
Bütün xəbərlər »