Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün neftin kəskin bahalaşması gözlənilir

Neft nəhəngləri - Rusiya və Səudiyyə Ərəbistanı arasında başlanan neft çəkişmələri sona yaxınlaşmaqdadır.

Bizimyol.info xəbər verir ki, martın əvvəllərindən başlayan fikir ayrılıqları neftin bir barrelinin qiymətini 20 dollardan da aşağı salmaqla son 18 ilin antirekordunu yeniləyib. Ötən ayın əvvəllərində neftin ucuzlaşmasını əngəlləmək üçün OPEK (Neft ixrac edən ölkələrin təşkilatı) hasilatı ixtisar etmək qərarına gəlsə də, Rusiyanın bu tədbirə qoşulmaqdan boyun qaçırması planları pozmuşdu.

Məhəmməd bin Salman Məhəmməd bin Salman

Moskvanın davranışından qəzəblənən Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Rusiyanı cəzalandırmaq üçün hasilatı kəskin artırmaqla neftin qiymətini son 18 ildə ən aşağı səviyyəyə endirmişdi. Hər iki ölkənin təsdiqlənmiş neft ehtiyatları çox olsa da, Səudiyyədən fərqli olaraq Rusiya hasilatı kəskin artırmağa texnoloji cəhətdən hazır deyil. Bu çəkişmədə Rusiya milyardlarla dollar vəsait itirib.

Donald Tramp Donald Tramp

ABŞ prezidenti Donald Trampın tərəflərə göstərdiyi diplomatik təzyiqlərdən sonra nəhayət, bu gün OPEK və digər neft ixracatçıları videokonfrans yolu ilə bir araya gəlib hasilatı azaltmaqla bağlı razılığa gəlməyə çalışacaqlar.

Rusiyanın razılaşmaya meylli olduğunu göstərən açıqlamaları neft bazarında canlanmaya səbəb olub və artıq bir həftədir ki, neftin qiyməti artmaqda davam edir. Hazırda Brent markalı neftin bir barreli təqribən 33 dollara satılır. Halbuki bir həftə əvvəl 20 dollardan da aşağı idi.

Amma dünya bazarları hələ də razılaşmanın əldə olunacağına tam əmin deyil. Məsələ ondadır ki, Rusiya ABŞ-ın da hasilatı azaltmaq tədbirlərinə qoşulmasını, yəni öz daxilində hasilatı azaltmasını istəyir. Ağ Ev isə bildirib ki, ABŞ-da hasilat onsuz da azalıb. Amma Kreml hesab edir ki, bu azalma təbii faktorlardan irəli gələn məcburi azalmadır və ümumi ixtisar tədbirinin pir hissəsi deyil. O üzdən də fikir ayrılığı yaranıb və bu məsələ hələ də açıq qalır.

Bununla belə ehtimal olunur ki, ABŞ və Rusiya bu fikir ayrılığını öz aralarında həll edə biləcəklər.

Bu gün tərəflər ixtisarla bağlı yekdil rəyə gələ bilsələr, neftin barrelinin qiyməti 40-50 dollar aralığında qərarlaşa bilər.

Amma Azərbaycanın hasil etdiyi "Azeri Light" markalı neftin qiymətində problemlər yəqin ki, qalmaqda davam edəcək. Bu həm İtaliyada iqtisadi durğunluqla, həm də mülki aviasiyanın iflic vəziyyətə düşməsi ilə bağlıdır. Azərbaycanın neft ixracında başlıca tərəfdaşı İtaliyadır və "Azeri Light" neft markası əsasən tıyyarələr üçün benzin istehsalında istifadə olunur. Ona görə də yaxın vaxtlarda Azərbaycan neftinin zirvələr fəth edəcəyi inandırıcı deyil.

Son xəbərlər
Bütün xəbərlər »