Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz və Rusiya
Rusiya Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər Sovetlər Birliyinin süqutundan sonra iki müstəqil dövlət arasında daha şəfaf bir müstəvidə inkişaf edir. Biz Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə çox ciddi əməkdaşlıq edirik. Bu gün Azərbaycanda Sovetlər İttifaqı dövründə olduğu qədər də rus dilində təhsil ocaqları fəaliyyət göstərir. Biz Rusiya ilə bütün səviyyədən olan münasibətlərimizi bundan sonra da dərinləşdirməkdə davam etmək əhval-ruhiyyəsindəyik.

Bunun həqiqətən belə olduğunu göstərən bir misal göstərmək istəyirəm. Keçən ildən başlayaraq Bakı şəhərində apardığım bir müşahidə onu göstərdi ki, vətəndaşlarımız uşaq bağçalarında öz övladlarının daha çox rus bölməsində olmasını istəyirlər və bu səbəbdən də azərbaycan bölməsində sərbəst yerlər olduğu halda, tələbatın böyüklüyü səbəbindən rus bölməsində yer tapılmır. Heç kim vətəndaşı məcbur edə bilməz ki, sən övladını uşaq bağçasında rus bölməsinə qoymalısan. Deməli, bu, bizim öz seçimimizdir, bu bizim rus dilinə münasibətimizdir. Bir millətin dilinə hörmətlə yanaşırsansa, deməli, sən o milləti sevirsən. Bax, rus dilinə, rus xalqına və bütövlükdə Rusiyayya budur bizim münasibətimiz. Biz onu tam səmimi və aşikar bir şəkildə ortaya qoyuruq.

Rusların Cənubi Qafqazda yaratdıqları qondarma erməni dövlətində bu dediklərimizdən əsər-əlamət yoxdur, heç Sovetlər dönəmində də olmayıb. Əksinə bu gün Ermənistanda Rusiyanı işğalçı dövlət kimi təhqir edən qüvvələrin sayı artır. Nankor erməni unudub ki, başqalarının torpaqları hesabına ona dövlət bəxş edən və bu dövlətə nəfəs verib onu dövlətlər sırasına qoşan məhz Rusiya olub. Rusiya ermənilərin xəyanətkar olduğunu bilsə də, onların bu qədər nankor ola biləcəyini hesablamamışdı. Ancaq fakt faktlığında qalır. Bu gün Ermənistanın yeni hakimiyyəti Moskvaya meydan oxumağa başlayıb. Bunun nə ilə nəticələnəcəyi aydın məsələdir. Əgər “müstəqil” olan bir dövlət öz sərhədlərini qorumaq iqtidarında deyilsə və bu işi onun yerinə Rusiya görürsə, belə halda Rusiyaya qarşı bu nankorluq (əgər bu oyun deyilsə) öz layiqli cavabını alacaq. Bütün hallarda son illərin və xüsusilə də son ayların hadisələri erməni xislətinin iç üzünü daha qabarıq bir şəkildə rusların qabağına qoya bildi. Ruslar nəhayət ki, başa düşməlidirlər ki, onlarla dostluqda kim səmimidir və kim dost donuna girib məqam yetişərkən onların kürəyinə bıçaq saplamaq qədər xəyanətkar bir xislətə bürünübdür. Biz Rusiyadan bunu bilməsini istəyirik. Biz Rusiyanın bizimlə münasibətlərdə səmimi olmasını istəyirik. Bu səmimiyyət olarsa, onlar öz hərbi bazalarını da gətirib Azərbaycanda yenidən yerləşdirə bilərlər.

P.S.

Rusiyanın Sankt-Peterburq şəhərində bir neçə il bundan öncə böyük maliyyə imkanları olan bir erməni iş adamı ilə bir məclisdə görüşdüm. Onun nə qədər səmimi olduğunu deyə bilmərəm (ümumiyyətlə, həyat göstərir ki, erməni səmimi olmur), ancaq Ermənistanın keçmiş prezidenti S.Sarkisyanı cinayətkar adlandırıb, iki xalq arasında nifaq salan birisi kimi aşağılayırdı. Deyirdi ki, bu korrupsionerin üzündən Ermənistana yardım da göndərə bilmirik. Çünki göndərdiyimiz pullar korrupsiya yolu ilə onun özü və ailə üzvləri tərəfindən mənimsənilir. Sonda erməni iş adamının dediyi bu fikirləri isə olduğu kimi təkrar edirəm: “Yəqin Azərbaycanda 4-cü sinif şagirdi də Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilmədiyini bilir, sağlam düşünməyi bacaran hər bir erməni onun fərqindədir ki, Rusiya əlini 3 günlük Ermənistanın üzərindən çəksə, Azərbaycan təkcə Dağlıq Qarabağı qaytarmayacaq”.

Biz azərbaycanlılar Rusiya-Azərbaycan münasibətlərinin hara qədər lazımdırsa dərinləşməsini ürəkdən istəyirik və buna hazırıq. Yetər ki, bunun qarşılığında Rusiya bizimlə səmimi olsun və Cənubi Qafqazda onun əsil dostunun kim olduğunu etiraf etsin.

Fikrət Yusifov,

Iqtisad elmləri doktoru, professor

Son xəbərlər
Bütün xəbərlər »