Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Strabon Azərbaycan haqda yazırdı ki….

Qədim yunan alimi Strabon öz “Coğrafiya” əsərində Cənubi Qafqazda 26 Alban tayfasının yaşadığını yazaraq, onların adlarını çəkirdi. Bu tayfaların əksəriyyəti sonrakı əsrlərdə assimilyasiyaya məruz qalaraq kimliklərini (identity) itirmişdilər. Amma bu tayfalardan Xınalıq hələ də öz adət-ənənəsini qoruyub saxlaya bilib.

Xınalıq kəndi Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Paytaxt Bakıdan 225 km uzaqlıqdadır. Kənd regionun dəniz səviyyəsindən ən yüksəkdə yerləşən yaşayış məskəni hesab olunur. Xınalıq sıldırımlı qayalar arasında yerləşdiyi üçün qışda digər yaşayış yerləri ilə əlaqəsi kəsilir.

Əvvəllər xınalıqlılar əsasən burada yaşasa da, Sovetlərin çöküşündən sonra bu kənddə yaşayış standartlarının aşağı düşməsi sakinlərinin kütləvi olaraq böyük şəhərlərə üz tutmasına səbəb oldu. 20 il əvvəl bu kənddə 18 min xınalıqlı yaşayırdısa, bu gün onların sayı cəmi 1837-dir. Qeyri-rəsmi hesablamalara görə, bu gün Azərbaycanda 30 minə yaxın xınalıqlı yaşayır. Və onlardan yalnız 5 mini Xınalıq dilində danışır və öz adət-ənənəsini qoruyub saxlayıblar.

Xınalıq kəndi qayaların üstündə salındığına görə burada əhalinin əkinçiliklə məşğul olması üçün şərait yoxdur. Buna görə Xınalıqlılar əsrlər boyu heyvandarlıqla məşğul olub. Qışda Xınalıq tamamilə qarın altında olduğundan heyvanlar yem qıtlığı çəkir. Buna görə də, hər il Xınalıq kəndinin əhalisinin 60 faizi noyabrda mal-qara sürülərini götürərək ailələri ilə birgə dağlara, Azərbaycanın Aran ərazilərinə, qışlağa köç edirlər. Onlar dağlarla 150 km-ə qədər yol gedirlər. Bu köç 12-15 gün çəkir. Yazın sonlarında isə Xınalıq əhalisi yenidən öz kəndlərinə qayıdır.

Xınalıq əhalisinin 60 faizi qış aylarında köç etdiyi üçün bir qayda olaraq dönüşdən sonrakı 2 ay (iyun – iyul) Xınalıqda “Toy ayları” hesab olunur. Yalnız köçdən sonra bu aylarda nişanlı gənclər ailə qurmağa vaxt tapırlar. Və məhz həmin aylarda Xınalıqlıların sosial durumunu, yaşayışını, oradakı təhsilin vəziyyətini, eləcə də onların toy ənənəsini görüntüləmək və tirajlamaq olar.

– Kənddə yalnız bir içməli su bulağı var və hamı bu sudan istifadə edir;

– Qışda havanın hərarəti -30 dərəcəyə düşür, ancaq kənddə qaz yoxdur;

– Kənd elektrik enerjisi ilə də normal təmin edilmir;

– Xınalıqda nəinki xəstəxana, heç aptek də yoxdur;

– Xəstəni ən yaxın xəstəxanaya təhlükəli dağ yolları ilə aparmaq lazım gəlir. Nəticədə ağır xəstələr yolda vəfat edirlər;

– Tibbi mərkəzlərin olmamasına görə Xınalıqda hamilə qadınların 80 faizi evlərində, ənənəvi köhnə üsullarla dünyaya uşaq gətirir. Doğuş zamanı ölüm hallarına tez-tez rast gəlinir.

Bütün bu səbəblərdən dolayı Xınalıq günü-gündən boşalır. Hər il kənddən orta hesabla 6 ailə köç edir. Bu hesabla yaxın onillikdə Xınalıq kəndi boşalacaq, məhv olacaq və Xınalıq tayfası assimilyasiyaya uğrayaraq tarixdən silinəcək.

seyahetchi.com

Son xəbərlər
Bütün xəbərlər »