Çərşənbə , 21 Noyabr, 2018
Baş səhifə / Bizim seçim / Xeyli mübahisə etdik, sonda qiymət kitabçamı tulladı auditoriyanın küncünə

Xeyli mübahisə etdik, sonda qiymət kitabçamı tulladı auditoriyanın küncünə

1 Views

Hələ şagird idim, atam tələbəlik illəri ilə bağlı xatirələrini danışanda dərs oxumaq da yadımdan çıxırdı, həvəslə atamın tələbəllik illəri ilə bağlı xatirələrini dinləyirdim. Anam da atamın tələbə yoldaşı olub. Hətta atam öz tələbə yoldaşı olan Rövşən Kəbirlinin adını mənə qoyub. O vaxtlardan tələbəçiliyin tamını dadmaq üçün dodağım 7 yerdən çatlayırdı.

Xırdalığa dalmayacam, nəhayət ki, zaman gəldi yetişdi, tələbə oldum. Atamın danışdıqları xatirələri beynimdə daim var-gəl edirdi. Düşünürdüm ki, mən də elə bir tələbəlik illəri yaşayacam. Təəssüflər, elə xəyal olaraq qaldı…

İctimai-Siyasi universitetdə oxudum. İlk altı ayda yaşadım tələbəliyi, müəllim auditoriyaya gəlir, tələbəyə nəsə öyrətmək istəyir. Hətta universitetə dəftər kitab da aparırdım, oxuyan tələbə kimi tanıyırdılar məni. İlk semestrdə bütün xəyallarım suya düşdü.

Elçin müəllim adında bir müəllimimiz vardı. Ekonometrika adlı fənn tədris edirdi. Yaman da içki düşkünü idi, həmişə spirt qoxuyurdu. Semestrdə auditoriyaya girdi, ilk kursda bir sinif nümayəndəmiz vardı, ona tapşırdı ki, qapını içəridən bağla, qiyməti 20 manata yazıram, pulu olanı burax içəri. Mən də bir az üzlülüyümə salıb girdim içəri. Aldı qiymət kitabçamı, arasını açdı ki, vəsait yoxdur, əsəbiləşdi. Xeyli mübahisə etdik, sonda qiymət kitabçamı tulladı auditoriyanın küncünə.

Çoxsaylı şikayətlər, nazirliyə müraciətlər və s. fonunda qiymət pulsuz yazıldı mənə.

Hələ rektorumuzun bizlərə etdiyi haqsızlıqlardan çox da söz açmaq istəmirəm. Qısaca bir olaydan bəhz edəcəm.

Universitetimizin bir qocaman müəllimi vardı. Səs-soraq yayıldı ki, bəs filankəs müəllim təzə kitab buraxıb, tələbələr almalıdır bu kitabı. Maraq boğdu məni, arayıb kitabı tapdım, nə olsa yaxşıdır? 55 vərəqli, şəkilli bir jurnal. Dekanımız gəldi, dedi ki, çox mühüm məlumatlar var kitabda, mütləq alınmalıdır, rəhbərliyin (rektoratlığın) tapşırığıdır, qiyməti də 10 manat idi.

Kitabı oxumaq üçün aldım dekanın əlindən, vərəqlədim. Dekan qəfil dedi ki, Əsədov bəlkə 50 manatın ola üstündə, bütöv pul lazımdı. Mən də 50 manatlığı uzatdım. Mənə bükələnmiş manatlıqlar, 10-luqlar verdi. Utandım sayam, basdım cibimə. Nədənsə jurnalı da almadı məndən, məndə qaldı. Sonradan anladım ki, sən demə adam jurnalı mənə mədəni formada satıbmış.

Həmin məsələ ilə bağlı o vaxtlar bir qəzetə yazı verdim, hərçənd ki, jurnalistika ilə əlaqəm də məhz o olaydan sonra başladı. Həmin məqalə dərc olunanın sabahısı universitetdə çaxnaşma oldu. Bütün jurnallar tələbələrdən yığıldı, hamının pulları qaytarıldı. Hətta mən jurnalı qaytarmamış belə pulumu qaytardılar.

Xülasə beləcə 4 illik atəşkəs rejimi şəraitində bitirə bildim universiteti, əsgər getdim.

Xidmətdən sonra ixtisasım üzrə xeyli sayda idarəyə, müəssisəyə imtahan verdim. İmtahandan keçdim, pul istədilər, vermədim, işsiz qaldım və başladım yazmağa…

Bunları xatırlatmaqda məqsədim yenicə tələbə adını qazanan gəncləri qorxutmaq deyil, əsla! Sadəcə tələbə adını qazanan, sevincinin həddi-hüdudu olmayan gənclərin bir neçə ay sonra ruh düşkünlüyü yaşamaması üçün qısaca xatırlatma etdim, tədbirli olsunlar deyə.

Bu arada tələbə adını qazanmış gələcəyimizi səmimi qəlbdən təbrik edir, onlara zehin açıqlığı, uğur və müvəffəqiyyətlər arzu edirəm.

Rövşən Əsədov