Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
«Leykemiyalı şəxslər dərmanlarla təmin olunmur»
«Leykemiyalı şəxslər dərmanlarla təmin olunmur»

Mehriban Bağırova: «Tədbirlər planı qəbul olunmasına baxmayaraq, yarım ildir icra edilmir»

«Donoru olmayan şəxlər ölümlə üzləşərək ya vəfat edir, ya da xaricə üz tuturlar»

Uşaqlar arasında rast gəlinən onkoloji xəstəliklər digər yaş qruplarından xeyli fərqlənir. Leykemiya uşaqlar arasında qeydə alınan bütün bədxassəli onkoloji xəstəliklərin 30 faizini təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Uşaq Xərçəng Xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Bu xəstəliklər nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5-1.5 faizini təşkil edir. Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

Bu gün ölkəmizdə də uşaqlar arasında leykemiyaya tez-tez rast gəlirik. Bizimyol.info portalının əməkdaşıilə əlaqə saxlayaraq ölkəmizdə leykemiyadan əziyyət çəkən uşaqların problemləri ilə maraqlanıb.

- Mehriban xanım, bu gün ölkəmizdə leykemiyalı uşaqların əsas problemləri nələrdir?

- Əvvəlcədən sizə təşəkkür edirəm ki, portalınız mütamadi olaraq bizim leykemiyalı xəstə uşaqlarla maraqlanırsınız. Bizim təşkilat yalnız uşaqlara yox, həmdə böyük leykemiyalı xəstələrə yardım edir. Dövlətin verdiyi statistikaya əsasən, Azərbaycanda 2500 yaxın leykemiyalı xəstə qeydiyyata alınıb. Əsas problemlərdən biri hələ də Azərbaycanda müasir tələblərə uyğun olan hematoloji mərkəzin yaradılmamasıdır. Uşaqlar və böyüklər pərakəndə şəkildə müalicə alırlar. Müalicə Milli Onkoloji mərkəzində, Hematologiya və Transfuziologiya İnstitutunda, Talassemiya Mərkəzində, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasında və Mərkəzi Klinikada aparılırr.

Hal-hazırda leykozlu uşaqlarla bağlı əsas problem kimi bu xəstəliyə düçar olmuş uşaqların bütün dərman perapatları ilə təmin olunmaması, Hemotologiya və Transfiziologiya İnstitutunda güclü kimya blokları üçün tam steril şəraitin yaradılmaması, Respublika Talessemiya Mərkəzinin donor bankına girişinin tam təmin edilməməsidir. Qeyd etmək istəyirəm ki, artıq 4 ildir ki, Azərbaycanda uşaqlar arasında bacı və qardaşdan sümük iliyin köçürülməsi mövcuddur. Lakin donoru olmayan şəxlər ölümlə üzləşərək ya vəfat edirlər, ya da xaricə üz tuturlar. Uşaqların reabilitasiyası üçün yay düşərgələrinin və ya sanatoriyalarının təşkil edilməməsini də problemlərin sırasında göstərmək olar.

- Xərçəngdən əziyyət çəkən xəstələrlə bağlı tədbirlər planı qəbul olunmuşdu. Bəs həmin plana əsasən hansı işlər görülməli idi?

- Nazirlər Kabinetinin 11 noyabr 2016-cı ildə №447 nömrəli qərarı ilə təsdiq etdiyi "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı"nda bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması nəzərdə tutulur. Bu məqsədə çatmaq üçün diaqnostikasının təkmilləşdirilməsi və dünya standartlarına çatdırılması, bu xəstəliyə düçar olmuş şəxslərin müalicəsinin müasir standartlara uyğun təşkil edilməsi, xəstələrin dərman preparatlarına olan tələbatının ödənilməsi, informasiya texnologiyalarından istifadə etməklə bu xəstəlik üzərində nəzarət sisteminin təşkili, xəstəliyin diaqnostikası və müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və onların peşəkarlığının artırılması nəzərdə tutulur.

- Bəs planda nəzərə tutulan tədbirlər yerinə yetirilirmi?

- Proqramın icrası 2017-ci ildə icrası nəzarətdə tutulsa da, üstündən yarım ilə yaxın vaxtın keçməsinə baxmayaraq hələ icra edilməyib. Səhiyyə Nazirliyindən bizə bildiriblər ki, hələlik bu məsələ nazirlikdə müzakirə olunur.

- Qeyd etdiniz ki, bu gün xəstələrin dərmanla təmin olunmasında problem var. Söhbət hansı dərman preparatlarından gedir?

- Kimyəvi müalicə üçün nəzərdə tutulan dərmanların, xroniki miyeloblast leykozlar üçün isə «dazatinib» və «nilotinib» dərmanlarının verilməsində problem mövcuddur.

- Bəs ailələr dərman vasitələrini necə əldə edirlər?

- Kimin imkanı varsa öz hesabına alır və ya qohumları yardım edir. Kimin də imkanı yoxdursa, özləri sosial şəbəkədə profil yaradaraq insanlara yardım üçün müraciət edirlər. Bizə müraciət edənlərə Birliyə daxil olan yardımlar hesabına dərmanların bir qismini alaraq dəstək göstəririk. Təəssüflər olsun ki, yardımlar az olduğundan hamıya yardım edə bilmirik. Daha çox ehtiyacı olanları seçirik və ilk öncə onlara yardım etməyə çalışırıq.

- Bəs dərmanların verilməməsi nə ilə bağlıdır?

- Bu haqda məlumatımız yoxdur. Fakt olaraq leykemiyalı şəxslər bütün dərmanlarla təmin edilmir.

Aysel isgəndərli

Son xəbərlər
Bütün xəbərlər »