Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni Orta Şərq, dünya nizamı və Azərbaycan

Qərb analitikləri ABŞ-ın sabiq dövlət katibi K.Raysın 2006-cı ilin iyununda Təl-Əvivdə «Yeni Orta Şərq» terminini ifadə etməsinin Bakı-Ceyhan neft terminalının Aralıq dənizinin şərqinə çatmasının tədqimatı ilə eyni vaxta düşməsini heç də təsadüfi hadisə hesab etmirlər.

K.Rays və İsrailin baş naziri E.Olmert «Yeni Orta Şərq» layihəsinin Livandan başladığını bəyan etdilər. Bu bəyanat bir neçə ildən bəri planlaşma mərhələsində olan Orta Şərqdə İngilis-amerikan-İsrail «şərti yol xəritəsinin» təsdiqi demək idi. Vaşinqton və Təl-Əviv güman edirdilər ki, Livan bütün Orta Şərqin yenidən «səhmana salınması» yolunda başlanğıc nöqtəsi olacaq və bununla da Orta Şərqdə «konstruktiv xaos» qüvvələrinin əl-qol açmasına imkan veriləcəkdir. Bütün region boyu zorakılıq və müharibə şəraiti yaradan «konstruktiv xaos» öz növbəsində ABŞ, Böyük Britaniya və İsrail tərəfindən elə istifadə ediləcəkdir ki, onlar Orta Şərqin xəritəsini öz geostrateji maraqlarına uyğun şəkildə yenidən çəkə bilsinlər.

İsrailin Livana hücumunun ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənməsi ABŞ, Britaniya və İsrailin regionda öz geo-strateji məqsədlərini həyata keçirmək planları olduğunu bir daha təsdiq etdi. Professor Mark Levayanın fikrincə, «neo-liberal qlobalistlər, neo-konservativlər və nəhayət Buş administrasiyası bu situasiyadan öz yeni dünya qaydalarını yaratmaq üçün istifadə etmək ümidindədirlər».

İngilis-amerikan işğalı altında olan İraq, xüsusilə İraq Kürdüstanı Yaxın Şərqin balkanlaşdırılması (parçalanması) və finlandlaşdırılması (sülh yaradılması) üçün ilki zəmindir. İraqın federativ dövlətə çevrilməsi üçün qanunvericilik bazasının – yeni konstitusiyanın qəbulu ölkənin üç federal əyalətə bölünməsini rəsmiləşdirir.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Z.Bjezinski «Böyük şahmat lövhəsi: ABŞ-ın liderliyi və onun geo-siyasi imperativləri» adlı kitabında müasir Orta Şərqi özünün Avrasiya Balkanları adlandırdığı ölkələr üzərində nəzarət zonası hesab edir. Avrasiya Balkanlarına o, Cənubi Qafqaz və Orta Asiya respublikalarını, habelə İran, Türkiyə və Əfqanıstanı aid edir.

Lakin Bzejinsknin bu yaxınlaşması son dövrlərdə dünya siyasətində baş verən bir çox hadisələrlə əsaslı şəkildə təkzib olunub. Yaxın Şərq və Cənubi Qafqaz bir-biri ilə bağlılığı olmayan ayrı-ayrı regionlar kimi qəbul edilməlidir. Çünki Azərbaycanın həyata keçirdiyi qlobal layihələr nəticəsində Cənubi Qafqaz Çin, Orta Asiya və Avropa arasında mühüm halqa olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyi məsələsində iştirak edərək Yaxın Şərqdə hazırda xaos, müharibə, silahlı münaqişələrdən uzaq sabit bir regiona çevrilib. Yaxın Şərqdə gedən proseslərin ümumiyyətlə Cənubi Qafqazda təkrarlanmasını və buradan Rusiyaya, İrana, Orta Asiyaya keçməsinin qarşısını alan ölkə məhz Azərbaycandır. Ərəb baharı kimi Gürcüstanda və Ermənistanda da baş verən xaos, dövlət çevrilişləri, məxməri inqilablar Azərbaycanda təkrar olunmayıb və bu, Yaxın Şərqdəki prosesləri yarusvari formada Rusiyaya ötürmək planlarının qarşısını alıb. Mərkəzi Asiya, Orta Şərqdən gələn mənfi impulsların, terror və təxribat fəaliyyətlərinin qarşısı məhz Azərbaycanda alınıb.

Yaxın Şərdə qeyri-sabitliyin mövcudluğu Livan və Suriyanın Şərqi Aralıq dənizi sahillərindən tutmuş Anadoluya (Kiçik Asiya), Ərəbistana, Fars körfəzinə və İran yaylasına qədər olan ərazinin xəritəsinin yenidən çəkilməsi uzunmüddətli ingilis-amerikan-israil planının tərkib hissəsidir. Bu sahədə müəyyən işlər artıq görülmüşdür. Bundan sonra isə proseslərin İran, Orta Asiya, Cənubi Qafqaz vasitəsilə Rusiyaya keçməsi labüddür. Məsələn, NATO qoşunlarının yerləşdirildiyi Əfqanıstan, Livan parçalanmaya məruz qalmaqdadır. Azərbaycan Əfqanıstandakı NATO kontingentinə yalnız humanitar və lojistik dəstək üçün öz ərazisindən istifadə etməyə imkan verir.

Şərqi Aralıq dənizi regionu NATO tərəfindən hərbiləşdirilmişdir. Qərb mətbuatında Suriyadan sonra İrana qarşı hərbi müdaxiləni leqallaşdırmaq üçün geniş təbliğat aparılır. Habelə, guya İraq əhalisinin dinc yanaşı yaşamaq istəmədiyi, ölkədəki şiə, sünni və kürdlər arasındakı müunaqişənin İraqın işğalı nəticəsində deyil, daxili səbəblərdən baş verdiyi təbliğ olunur.

«Daha böyük Orta Şərq» layihəsini irəli sürməkdə ABŞ-ın iki əsas məqsədinin olduğunu ehtimal edilir:

- Mərakeşdən Pakistana qədər olan ərazinin siyasi strukturunu yenidən müəyyənləşdirilmək;

- Öz müttəfiqlərinə nəzarət etmək üçün NATO-nun mövqelərini möhkəmlətmək, öz rəqiblərinə qarşı strateji üstünlük qazanmaq.

Təbii ki, Böyük Orta Şərq (BOŞ) layihəsinin əsas məqsədi ABŞ-ın Orta Şərqə nəzarət etmiək niyyətidir. Lakin proseslərin təkcə Orta Şərq regionu ilə yekunlaşacağı inandırıcı deyil. Strateqlərin qeyd etdiyi kimi dünyanın ən mühüm regionu Avrasiyadır, Avrasiyaya nəzarət edən dünyaya nəzarət edir. Lakin bunun üçün ilk növbədə Orta Şərqdə mövqeləri möhkəmləndirmək vacibdir. Şübhəsiz ki, ABŞ Orta Şərq regionu üzərində nəzarətə təkcə öz iqtisadiyyatını neftlə təmin etmək və regionda gedən əlverişli neft sövdələşmələrində iştirak etmək üçün yox, həm də rəqibləri üçün həyati əhəmiyyətli enerji resurslarına nəzarət etmək və bununla da strateji üstünlüyə nail olmaq istəyir.

Strateji üstünlüyü qoruyub-saxlamaq üçün ABŞ Orta Şərqdən başqa digər qonşuluqdakı regionlardakı alternativ enerji resurslarına və onların nəqli marqrutlarına nəzarəti öz əlində saxlamalıdır. Başqa sözlə desək, tək Orta Şərqin nəzarətdə saxlanılması kifayət deyil. Buna görə də, ABŞ həm də qonşuluqdakı regionları «Daha böyük Orta Şərq» layihəsinə daxil etmişdir. Layihəni adı da bununla əlaqədardır.

Lakin ölkəmizin daxil olduğu region da öz strateji mövqeyi və enerji resursları ilə Yaxın Şərqlə müqayisədə heç də daha az əhəmiyyətli deyil. Bu səbəbdən Ermənistanla Avropa Birliyinin Tərəfdaşlıq sazişi imzalaması, ABŞ-ın çevriliş yolu ilə özünə loyal qüvvələri hakimiyyətə gətirməsindən sonra Gürcüstanın NATO-ya daxil edilməsi planları Cənubi Qafqazı yeni dünya nizamının formalaşması prosesində aparıcı regiona çevirib. Lakin burada da proseslərin taleyi bir çox hallarda regionun lider ölkəsi olan Azərbaycandan asılı olacaqdır.

ABŞ-ın öz rəqibləri üzərində strateji üstünlüyə nail olmaq üçün Avrasiyanın bu mühüm hissəsində mütləq nəzarət əldə etmək planı birqütblü dünya modeli yaratmaq planı kimi dəyərləndirilə bilər. ABŞ-ın Yeni dünya nizamı yaratmaq cəhdlərini nəzərə alsaq Daha böyük Orta Şərq terminini Yeni Orta Şərq nizamı ilə əvəz etmək mümkündür.

Qeyd etdiyimiz kimi ABŞ təkqütblü dünya nizamı yaratmaq üçün öz müttəfiqləri və bütövlükdə dünya üzərində üstünlüyə nail olmalıdır. Hazırkı rəqiblərin bir çoxu II Dünya müharibəsindən sonra Soyuq müharibə dövründə ABŞ-ın yaxın müttəfiqləri olmuşdur. Müttəfiqliyi şərtləndirən əsas amillərdən biri şübhəsiz ki, kommunizm təhlükəsinin olması idi. Lakin SSRİ-nin süqutundan sonra bu təhlükənin aradan qalxması Soyuq müharibə dövrünün reallıqlarına yenidən baxmağı, o cümlədən həmin reallığın nəticələrindən biri olan NATO-nun saxlanıb-saxlanılmaması məsələsini gündəmə gətirdi. Ya yeni təhlükə mənbələri axtarılıb-tapılmalı, ya da bu təşkilat da rəqibi Varşava Müqaviləsi Təşkilatı kimi öz tarixi missiyasını başa vurmalı idi.

Almaniya və Fransanın Avropada öz çevik silahlı qüvvələrini yaratmaq planları ABŞ-ı Avropaya «ümumi düşmən» məfhumunu qəbul etdirməyə sövq edir. II Dünya müharibəsindən sonra «kommunizm» təhlükəsinin olduğu dövrdə Almaniya mümkün münaqişənin mərkəzində olacaq ölkə idi. Lakin indi mümkün xəyali təhlükə Şərqi Avropadan deyil, 22-25 İslam ölkəsini birləşdirən Orta Şərqdən gələ bilər. Burada mərkəzi ölkə isə Türkiyədir. Buna görə də, bəzi strateqlər Türkiyənin Orta Şərqdəki mövqeyini Soyuq müharibə dövründə Almaniyanın Avropadakı mövqeyi ilə müqayisə edirlər. Prezident C.Buş isə Türkiyəni «ön cəbhə» adlandırmışdı.

ABŞ-da real güc sahibi olan qüvvələr başa düşürlər ki, zorakı metodlarla BOŞ layihəsini həyata keçirmək çətindir. İraq nümunəsindən də göründüyü kimi, Orta Şərqdə bu cür dominantlıq istəyi ABŞ-a qarşı yerli və beynəlxalq müqavimət doğurmuşdur. Bu hətta bir növ ABŞ-ın köhnə düşmənlərinin birləşməsinə səbəb olmuşdur. «İraq modelinə» qarşı çıxan bu qüvvələr «Helsinki modelinə» daha çox üstünlük verirlər. Bu modelin əsas mahiyyəti bunlardan ibarətdir: Helsinki Yekun Aktı (1975) imzalanması ilə başlanan proseslər Şərq Blokunun süqutuna səbəb oldu. Varşava Müqaviləsi Təşkilatı bir güllə belə atmadan tarix səhnəsindən silindi. SSRİ və digər Şərqi Avropa ölkələrində rejim dəyişikliyi baş verdi. Hətta onların əksəriyyəti Avroatlantik, qərbyönümlü inteqrasiya yolunu tutdular. Eyni aqibəti BOŞ layihəsinin tətbiqi nəticəsində Orta Şərq regionu da yaşaya bilər. SSRİ-nin parçalanması, Çexoslovakiyanın dinc, Yuqoslaviyanın müharibə vasitəsilə bölünməsi, Mərkəzi və Şərqi Avropa ölkələrinin Avroatlantik sistemə inteqrasiyası kimi, BOŞ vasitəsilə Orta Şərqin Türkiyə, İran, Suriya, Misir və Səudiyyə Ərəbistanı kimi dövlətləri də güc və inandırma yolu ilə parçalanmaya məruz qala bilər. Yerdə qalan nisbətən kiçik ölkələr isə yeni sistemə inteqrasiya oluna bilər. Bu prosesin sonunda isə Orta Şərqin Birləşmiş Ştatlarını yaratmaq mümkündür.

Nəhayət, bütün bu proseslərin sonunda hazırkı milli dövlətlərin bölünməsi, onların kiçik etnik və dini şəhər-dövlət birliklərinə transformasiyası nəzərdə tutulur. Milli dövlətlərin parçalanmasına yönəlmiş sistemli iş siyasi, hərbi və iqtisadi mexanizmlər vasitəsilə, müəyyən mərhələlərlə həyata keçirilməlidir.

Təbii ki, bü tendensiya olduqca təhlükəlidir və bütün yaxın bölgələrə yayıla, dövlətləri zəiflədə , yeni xaos, anarxiya dalğasına təkan verə bilər.

Siyasi mərhələ ATƏT-ə bənzər OŞTƏT (Orta Şərqdə Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) təşkilatının yaradılmasından, hərbi mərhələ Orta Şərqdə NATO-ya bənzər kollektiv təhlükəsizlik təşkilatının – OŞMT-in (Orta Şərq Müqaviləsi Təşkilatı) yaradılmasından ibarətdir. İngilis dilində NATO abbreviaturasının ekvivalenti kimi METO (Middle East Treaty Organization) abbreviaturasını qəbul etmək mümkündür. şübhəsiz ki, ABŞ, Böyük Britaniya və İsrail təşkilatın təsisçi dövlətləri qismində çıxış edərək, Türkiyəni, habelə regionun irili-xırdalı bütün dövlətlərini bura daxil etməyə cəhd göstərəcəklər. NATO-nun İstanbul sammitində qəbul olunmuş «Aralıq dənizi dialoqu» bu böyük layihənin sub-layihəsi hesab oluna bilər.

Nəhayət, sonuncu iqtisadi mərhələdə Avropa Birliyinə bənzər təşkilatın, regional inkişaf banklarının geniş şəbəkəsinin yaradılması nəzərdə tutulur. Region ölkələrinin Ümumdünya Ticarət Təşkilatına qəbulu, ABŞ-la azad ticarət sazişləri imzalanması, regionda əsası qoyulmuş maliyyə təşkilatlarına üzv qəbul edilmələri məsələsi də bu mərhələdə reallaşa bilər.

Türkiyədə İngiltərə bankının filialının və Sinaqoqların partladılmasını Türkiyəni Yeni Orta Şərq layihəsində iştiraka təhrik cəhdi kimi qiymətləndirirlər. Lakin Gül-Ərdoğan hakimiyyətinin vaxtilə razılığına baxmayaraq, millətçi qüvvələrin Türkiyənin milli dövlət kimi parçalanmasına yönəlmiş bu layihədə iştirakına müsbət münasibət göstərmədiyi məlum oldu.

«Daha Böyük Orta Şərq» layihəsinin ABŞ-a Orta Şərqdə mütləq üstünlük qazandıracağından ehtiyat edən AB ölkələrinin liderləri də eyni mövqedən çıxış edərək etirazlarını bildirmişlər. Ən nəhayət, ABŞ-ın bu layihənin həyata keçirilməsində uğur qazanmasının perspektivlərini bu cür proqnozlaşdırmaq olar:

- Region ölkləri onların suverenliyini və mövcudluğunu birbaşa təhdid edən bu layihəni qəbul etməyəcəklər;

- ABŞ-la ciddi fikir ayrılıqları olan Avropa Birliyi ölkələri və Yaponiyanın, habelə Rusiya, Çin, Hindistan və digər Avrasiya ölkələrinin etirazı şübhəsizdir;

- Orta Şərqin «on cəbhəsi» sayılan Türkiyə bu layihəni qəbul etməklə öz ölüm hökmünü imzalamış olacaqdır. Qəbul etməməsi isə ABŞ-ın regiona yolunu bağlayacaqdır. Bunu isə tək regionun deyil, bütün dünyanın mənafeyi tələb edir. Son Afrin əməliyyatları da bunu təsdiq etdi. Azərbaycan isə Türkiyənin yaxın müttəfiqi kimi, eləcə də Rusiya və İranla tarixi bağları və yaxın qonşuluq əlaqələri olan ökə kimi bu cür planları dəstəkləmir.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »