Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aşıq Əlinin yaxın qohumunu öldürən şəxsin atası: "Kaş mənim oğlum ölərdi"
Toyda spirtli içki qəbul edərək keçmişdə ədavəti olan idmançını qətlə yetirməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Vüsal Nemətov cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən Vüsal Neymətov özünü tam təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib.

Vüsal Neymətov bildirib ki, qətlə yetirdiyi Fəxri Kərimovla əvvəlcədən ədavəti olub: “Fəxrini qəsəbə sakini kimi tanıyırdım. Əvvəllər heç bir ədavətimiz olmayıb. 2013-cü il idi. Dostlarımla kafedə oturub deyib-gülürdük. Fəxri Kərimov da yan masada oturmuşdu. Bir müddət keçəndən sonra Fəxri bizə dedi ki, yavaş deyib-gülün. Mən də ona bildirdim ki, kafedə deyib gülərlər. Bu sözüm ona xoş gəlmədi. Üstümə gəldi, dedi, “ağıllı ol”. Heç nə demədim. Durub gedəndə təpiklə məni yerə yıxdı. Yumruq, təpik zərbələri ilə məni döyməyə başladı. Kafedə hamı ondan qorxduğu üçün heç kim məni onun əlindən almırdı. Dostlarım isə axıra yaxın zorla məni Fəxrinin əlindən aldılar. Burnum və dişim qırılmışcı, başımda şişlər var idi”.

Təqsirləndirilən şəxs bu barədə hüquq-mühafizə orqanlarına xəbər vermədiyini deyib: “Evə gəldim, heç kimə heç nə demədim. Atam gördü, döyülməyimlə bağlı ona dedim. Atam birbaşa getdi Fəxrinin atası Kamalın yanına. Kamal qəsəbədə çox hörmətli kişidir, hacıdır. Atamın məqsədi bizi barışdırmaq idi. Daha sonra qəsəbədə eşitdim ki, Fəxri deyib, onu haradan tutsam döyəcəm. 3 il çalışdım ki, Fəxri olan yerə getməyim. Onu görəndə yolumu dəyişirdim. Maşınla keçəndə mənə söz atırdı, fikir vermirdim”.

Hadisə günündən danışan 27 yaşlı gənc qeyd edib ki, həmin gün qəsəbədə tanışı Asif Əliyevin övladının kiçik toy mərasiminə gedib: “Toya getdim, bilmirdim ki, Fəxri də o toya gələcək. Onu görəndə toydan getmək istəsəm də, uşaqlar qoymadı. Daha sonra uşaqlarla spirtli içki içməyə başladım. Fəxri toyda da məni qıcıqlandırırdı. Sərxoşuydum. Birdən ağlıma girdi ki, Fəxridən qisasımı almalıyam. Peşəkar idmançı idi deyə, belə gücüm çatmayacaqdı. Bıçağı götürüb onun əyləşdiyi masaya tərəf getdim. Cibimdən bıçağı çıxarıb bir dəfə vurdum. Ayağa qalxdı. Yaxamdan tutdu, özüm də bilmədən bir dəfə də bıçaqla ona zərbə vurdum. Camaat ayırdı. Məni döyə-döyə restorandan çıxartdılar. Onu öldürmək məqsədim yoxuydu. Öldürmək kimi bir niyyətim olsaydı, bıçağı dəfələrlə ona sancardım. Həmin gün Fəxrinin ölməsindən məlumatım olmayıb. Dediyim kimi spirtli içkinin təsiri altındaydım. Heç öz evimizə də getmədim, nənəmgilə gedib rahat yatdım. Səhər duran kimi polisə gedib təslim oldum”.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, həmişə üstündə bıçaq olub: “Bıçağı qəsəbədə tapmışam. Özüm də qəsəbədə heyvan kəsimi ilə məşğul olduğum üçün bıçaq həmişə üstümdə olur. Həmin günü də işdən birbaşa toya getmişdim. Yenə deyirəm, belə hadisə olacağını bilmirdim. Dəfələrlə Fəxri ilə barışmaq niyyətim olsa da, bu barədə razılıq əldə olunmadı. Əməlimdən peşmanam”.

Hakim bildirib ki, bu, təqsirləndirilən şəxsin ilk cinayəti deyil: “2012-ci il Qaradağ rayon Məhkəməsinin hökmü ilə bu şəxs sağlamlığa yüngül zərbə vurmaqda təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilib”.

Prosesdə qətlə yetirilən Fəxri Kərimovun atası Kamal Kərimov da dindirilib: “ Mənim oğlum namaz qılan, oruc tutan uşaq olub. Ailəliklə ibadət əhliyik. 4 uşağı vardı. “Shacman” sürüb, ailəsini dolandırırdı. Özü də peşəkar idmançı idi. Qəsəbədə soruşsan, hamı mənim oğlumun tərbiyəsindən danışır. Bu cəlladın da necə tərbiyəyə malik olduğunu hamı bilir. Nəşə çəkən, “alkaş”lıq edən biridir. Öz atası həmişə deyirdi ki, oğlunun tərbiyəsi yoxdu. Dəfələrlə atasına, xəstə anasına yardım eləmişəm”.

Kamal Kərimov bildirib ki, oğlunun Vüsal Neymətovla ədavətindən xəbəri olub: “Bir gün evdə oturmuşdum. Qapı döyüldü, dedilər, Vəli gəlib. Vəli bunun atasıdır. Gəldi dedi ki, oğlum bunun oğlunun burnunu, dişini qırıb. Mən də tez Fəxrini yanıma çağırdım. Dedi, ata kafedə oturub, ağzına gələni danışırdı. Fəxri buna irad bildirəndə söyüş söyüb. Sözləri çəp gəlib. Bu, oğlumun üstünə bıçaq çəkib. Ona görə də Fəxri bıçağı alıb bunu döymüşdü. Vəli də gəlib yalvarırdı ki, bu barədə polisə məlumat verməyək. Çünki oğlunun polisdə başqa bıçaqlaşma işi vardı. Orda oğluma da tapşırdım ki, bir də o uşağı döyməsin. Polisə də verməyəcəyimi dedik. Vəli "sağol" deyib getdi”.

Ata məhkəmədə qeyd edib ki, oğlu dəfələrlə Vəli kişidən oğlunu döydüyü üçün üzr istəyib: “Qurban bayramında namazdan sonra da evlərinə gedib, yenidən Vəlidən üzr istəyib. Hadisə günü də evdə idim. Fəxri də toya getmişdi. Axşamcağı qardaşım zəng edib ki, Fəxrinin bıçaqlandığını dedi. Xəstəxanaya qaçdıq. Mən ora çatanda artıq oğlum dünyasını dəyişmişdi”.

Prosesdə Vüsal Neymətovun atası da dindirilib. O, ifadəsində oğlunun əməlinə görə vicdan əzabı çəkdiyini deyib: “Burda danışmağa bir üz qoymayıb. Fəxrinin atası Hacı Kamal çox hörmətli şəxsdir. Kaş o günü mənim oğlum ölərdi. Gedib dərdimi qıraqda çəkərdim. İndi ürəyim sızlayır. Hadisədən sonra Hacı Kamalının evinə gedə bilməmişəm. Üzünə baxmağa xəcalət çəkirəm”.

Məhkəmədə hadisəyə şahidlik etmiş Faiq Mehdiyev ifadə verib.

O bildirib ki, qətlə yetirilən Fəxri Kərimovla uzun müddət qonşu olublar: “Vüsalı heç tanımıram. Toya getmişdik. Fəxri ilə camaatı yerbəyər elədik. Təzə oturmuşduq. Yemək yeyirdik. Bu vaxt bir cavan oğlan Fəxrinin arxası ilə gəldi. Heç şübhələnmədim ki, belə bir şey olar. Dedim, toydu, yəqin, tanışıdır, səs-küy var deyə qulağına söz deyər. Vüsal gəlib Fəxriyə çatanda belindən nəsə vurdu. Onda da dedim, yəqin, zarafatları var. Fəxrinin reaksiyasını gözləyirdim. Bu vaxt Fəxri ayağa qalxıb, Vüsalın yaxasından yapışdı. Tutuşdular. Bıçağı görməmişdim. Ayırmağa cəhd etdim. Bu zaman gördüm ki, Fəxrini qan aparır. Camaat başımıza yığışdı. Hərə bir tərəfdən ayırmağa başladı. Bu vaxt bıçaq mənim əlimi kəsdi. Arxaya keçdim. Zorla bunları ayırdıq. Ayrılanda Vüsal bıçaqla bir zərbə vurdu. Fəxrini xəstəxanaya apardıq. Vüsalı da döyə-döyə çölə çıxartdılar”.

Məhkəmə prosesi iyulun 14-də davam edəcək.

Qeyd edək ki, qətl ötən il Qobustan rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Neymətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Bildirilib ki, Vüsal Neymətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olan Fəxri Kərimov Vüsal Neymətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Neymətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub.

Onu da qeyd edək ki, qətlə yetirilən F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Son xəbərlər
Bütün xəbərlər »