"Təhsilin səviyyəsi aşağı düşüb. Bu gün övladının təhsil almasını istəyən şəxsin mütləq pulu olmalıdır ki, əlavə repetitor tutsun və yaxud da kifayət qədər bahalı olan məktəblərə uşağını qoysun. Orta məktəblərdə təhsil demək olar ki, yoxdur. Təhsil olmayan cəmiyyətdə uşaqlar həmişə kriminal aləmə meylli olub. İnsan nə qədər ağıllıdırsa, dalaşmaqdan o qədər qaçır və hər hansı bir problemi sülh yolu ilə həll eləməyə çalışır".
Bu barədə Bizimyol.info xəbər portalına Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov müsahibəsində danışıb. Həkim qeyd edib ki, təhsilin aşağı düşməsi aqressiyanın güclənməsinə gətirib çıxarır və bu da cinayətlərə səbəb olur.
Qalib Əsədovun fikrincə, ikinci səbəb kütləvi informasiya vasitələridir.
“Psixologiyada verter fenomeni adlı bir fenomen var. Bir zamanlar "Gənc Verterin əzabları" adlı bir kitabı çıxmışdı. O kitabı oxuyandan sonra insanlar intihar etməyə başladılar.
Yadınızdadırsa bir ara bir mahnı dəbə düşmüşdü "bu axşam ölürəm, məni heçkim tuta bilməz". Bu mahnı çıxandan sonra klipdəki formada bir neçə intihar hadisəsi baş verdi.
İndiki dövrdə kimsə intihar edir, kimsə özünü haradansa atır və bunu edərkən sosial şəbəkələrdə yayımlayır. Bəzən də hadisə başqası tərəfindən çəkilir və "yayılır". Bu davranışın özü bir psixoloji problemdir”- deyən həkim vurğulayıb ki, kütləvi informasiya vasitələrində də belə xəbərlər mümkün qədər yazılmamalıdır.
Nevroloq son zamanlar gündəmi "işğal" edən önəmli bir mövzuya da toxunub: “Əhmədin anasını öldürməyinin şəkilləri və videoları sosial şəbəkələrdə yayıldı. Bunların hamısı aqresiyaya meylləndirir. Belə xəbərləri tirajlamaq lazım deyil”.
Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədovun mövzu ilə bağlı ətraflı müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz:
İradə Cəlil, Bizimyol.info