Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qədim diyarda çağdaş məkan
“Shamakhi Palace Sharadil” oteli fəaliyyətə başladı

“Biz bahalı deyilik” deyən oteldə qiymətlər 250 manatdan 2500 manata qədər artır

Dağlıq Şirvan bölgəsinin ən böyük və elit mehmanxana kompleksi – “Shamakhi Palace Sharadil”-in otel rəhbərliyi xüsusi olaraq media nümayəndələri üçün press -tur təşkil etdi. Səfər zamanı bir sıra KİV nümayəndələri və bloggerlər üçün mətbuat konfransı təşkil olundu.

Tədbirdə “Shamakhi Palace Sharadil”-in açılışı ilə bağlı otelin baş meneceri Namiq Sirafilov, satış və marketinq meneceri Firuz Süleymanov jurnalistləri məlumatlandırdı. Firuz Süleymanov otelin təqdimatında qeyd etdi ki, turizm sektorunun son illər çox intensiv inkişaf etməsini nəzərə alaraq, xüsusulə də regional turizm sistemində “Shamakhi Palace Sharadil” otelinin xüsusi mühüm yeri var. Ona görə də bu otelin yenidən açılışını müştərilərimiz səbirsizlikə gözləyirdilər. “1 illik təmir tənəffüsü ərzində dünyanın bir çox yerlərində turizm sahəsində təcrübə qazanmış sırf azərbaycanlı kadrların bir yerə yığılması bizim nailliyyətimizdir və biz bununla qürüq duyuruq. Otelin binası 43370 kv.m.-dən artıq və ümumi ərazisi 18 hektara yaxındır. Həmçinin, daxili və xarici görünüşü memarlıq həlli ilə xüsusilə seçilir. Oteldə klassikliyin və müasirliyin vəhdət təşkil etməsi hər kəsin diqqətini cəlb edir. “Shamakhi Palace Sharadil” qonaqlara dağların başına açılan heyranedici görüntüyə malik 6 mərtəbəli əsas binada yerləşən 102 möhtəşəm və olduqca rahat otaq və 18 kotec təklif edir. Otelin standart kateqoriyalı otaqları dağlara və meşələrə açılan valehedici görüntüyə malik “Deluxe Garden” və “Deluxe Pool” apartamentləridir. Klassik və ekspansiv üslubda hazırlanmış 215 kv.m. lyuks “King Panorama Suite” isə öz genişliyi və gözəl təbiətə açılan 180 dərəcə panoraması ilə seçilir”. “Shamakhi Palace Sharadil” məşhur qonaqların qəbulu üçün isə qüsursuz bəzədilmiş üç “Presidential Suite” otağı təklif edir. 265 kv.m-lik bu nömrələr iri və geniş qonaq otaqları, iki yataq otağı, qarderob və barı ilə ən tələbkar müştərilərin tələblərinə belə cavab verir”.

Cənab Süleymanov dedi ki, oteldə qonaqlara gün boyu rahat və gümrahlıq hiss etməyə imkan verən “Nərgiz“ SPA mərkəzi fəaliyyət göstərir. Burada qapalı və açıq hovuz, cakuzi, türk hamamı, sauna və ən əsası məşhur dünya brendlərindən, akkreditə olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən xüsusi SPA prosedurlar təklif olunur. Həmçinin, qonaqlara otelin yüksək xidmət və rahatlığından istifadə etmək imkanı yaradılıb. Otelin maraqlı məkanlarından biri olan “Pegasus Night Club”da müasir musiqili tədbirlər, eksklüziv ziyafətlər və xüsusi bayramlar üçün mükəmməl şərait yaradılıb. “B&B Bar” isə bilyard və boulinq həvəskarlarına yüngül qəlyanaltılar və təravətləndirici içkilər təklif edir. “Shamakhi Palace Sharadil”da həmçinin korporativ və ya irimiqyaslı konfransların keçirilməsi üçün 200 nəfəri yerləşdirəcək “Shamakhi Hall” var. 350 nəfəri yerləşdirəcək “Baku Ballroom” isə qala gecələrin və toyların keçirilməsi üçün ideal bir məkandır”.

Qonaqların qidalanmasına toxunan marketinq meneceri bildirdi ki , “Shamakhi Palace Sharadil”in əsas restoranı olan “White Diamond”da səhərdən nahar vaxtına qədər İsveç masası açıq olur. 5-ci mərtəbədə 80 nəfərlik tutumu olan “D`oro” restoranında isə müstəsna bir xidmət keyfiyyəti ilə italyan mətbəxindən fərqli yeməklər təqdim olunur. Otel binasına yaxın meşəlikdə yerləşən 2 mərtəbəli “Sharadil” restoranında isə Azərbaycan milli ət yeməklərinin və kababların zərif təamları təklif olunur. Baş aşbazımız Azərbaycan mətbəxini beynəlxalq sərgilərdə və yarışlarda təmsil edən Əliheydər Məmmədovun təqdimatında qidalanma təqdim olunur”.

Təqdimatdan sonra jurnalistlərin sualları cavablandırıldı.

Namiq Sirafilov qiymətlərlə bağlı suala belə cavab verdi: ” Sözsüz ki, qiymətlər otaq kateqoriyalarına görə dəyişir. Burda bütün həftə boyunca qonaqları qarşılayacaq gücümüz var. Eləcə də, yerləşdirə və əyləndirə bilərik. Qiymət strategiyasına gəlincə isə, qiymətlərimiz göstərdiyimiz xidmətin səviyyəsi kateqoriyasındadır. Yəni ətrafdan bahalı deyilik. Əslində otelin xüsusiliyinə əsaslanaraq, biz çox da yarışmaq məqsədində deyilik. Ödənilən məbləğə və xərclənən məbləğə uyğun strategiya qurmuşuq. Və belə də davam edirik. Qiymətlər 240 AZN –dən başlayıb, otaqların kateqoriyasına uyğun olaraq 2500 AZN- qədər qalxır. Həmçinin, biz 200- dən çox tur şirkətlərlə işləyirik. Otel iyunun-1 dən yenidən fəaliyyətə başlayıb. İstənilən halda həm Ramazan bayramı, həm də istirahətlə bağlı təkliflərimiz var. Otelimiz tam mərkəzdə yerləşir. Otelin görüntüsü birbaşa dağa açılır. Gözəl təbiəti var. Paytaxtdan cəmi 1 saatlıq ərazidə yerləşir. Dünya səviyyəli çəkilmiş magistral yolla gəlinir. Biz əminik ki, maksimum keyfiyyət təqdim edə bilirik. Bizim 20 nəfərə yaxın əyləncə kollektivimiz var. Həm amfiteatr, həm açıq hava şoularımız var. Həmçinin, canlı musiqi təqdim olunacaq”.

“İnsanlar burdan keçəndə ucuz və keyfiyyətli yeməklərin verildiyi yer axtarırlar. Həmişə şikayət edirlər. Maraqlıdır ki, sizin bu otel rayondan gələn və yaxud Bakıdan gələn insanlar üçün də belə bir restoran qurmağı planlaşdırırmı?” sualına cənab Sirafilov belə cavab verdi: “Bizim nə otel otaqları qiymətlərimiz, nə də restoranlarda qiymətlərimiz - bu strategiya bahalı olmaq üçün qurulmayıb. Sadəcə, xidmətə görə qiymət nümayiş edilir. Və heç də bahalıı otel deyilik. 3 mərtəbə restoranımız var və bütün qonaqlar üçün açıqdır. Otelin terkibində, ümumiyyətlə, 2- 3 restoran fəaliyyət göstərir. Milli və dünya mətbəxini tərrənnüm edirik. Əminik ki, siz burda nahar etsəniz, tam keyfiyyətin qiyməti ilə üst –üstə düşməsini görəcəksiniz. İstəmirik ki, bizi bahalı otel və ya bahalı restoran kimi tanısınlar. İkinci suala cavab olaraq , oteldə 2 nəfərin qonaqlama qiymətlərinə gəlincə 240 AZN-dir və bura səhər yeməyi daxildir. Otelin ərazisində qonaqlar SPA-dan, hovuzlardan istifadə edə bilər. Əyləncə vasitələrindən də bir çoxundan yararlana bilir.

Bizim Yol-un müxbiri də otelin rəhbərliyinə belə bir sualla müraciət etdi: “Mən belə başa düşdüm ki, yenə bizim vətəndaşlar istirahət üçün xarici ölkələrə getməyə məcbur olacaq. Yəni bizim vətəndaşların gəliri ilə sizin dediyiniz qiymətlər uzlaşmır. Mən özüm də istirahət üçün bizim rayonların bir neçəsində araşdırma aparmışam. Əksər otellərdə adambaşına qiymətlər səhər yeməyi daxil olmaqla 140 - 160 AZN-dən başlayır. 5 gün qalmaq üçün 1000 AZN pul lazımdır. Bu yaxınlarda turizm forumu keçirildi. Və orda da bu məsələ müzakirə olundu. Elə qiymətlər olmalıdı ki, bizim əhali Gürcüstana, Türkiyəyə üz tutmasın, öz istirahət mərkəzlərimizdə dincələ bilsin. Bu haqda Sizin fikriniz necədir?”.

Cənab Sirafilov əslində bu sualdan yayınaraq belə “cavab” verdi: ”Bizim şirkətin və rəhbərliyin ən əsas məqsədi Azərbaycanda regionlarda turizmin inkişafıdır. Xidmətlərə uyğun qiymətlər müəyyənləşdirilib. Qiymət daxilində çox gözəl xidmət, çox gözəl səhər yeməyi, İsveç masası sizi gözləyir . Heç də təyyarə gözləyib, ordan xaricə gedib, orda istirahət etməyə ehtiyac qalmaz. Bizim hesablamalarımız təqdim etdiyimiz xidmətlərə gətirib çıxarır”.

Tədbirdən sonra 5 ulduzlu otel ilə yaxından tanış olmaq üçün gəzinti təşkil olundu. Otel və otel ətrafı tikilən komplekslərlə , qonaqlar üçün hər çür şəraitin yaradılmasının şahidi olduq.

Otellə tanışlq başladı. Hər tərəf çox səliqəli və təmizdir və çox bahalı mebellər və aksesuarlarla bəzədilib. Oteldə həmçinin qonaqlar üçün əyləncə mərkəzi də yaradılıb. Burada qonaqları animasiya şouları, idman yarışları, canlı tamaşalar, eləcə də, bir çox başqa əyləncəli proqramlar gözləyir. Açıq havada əyləncəni sevənləri otel ərazisindəki meşə massivində maraqlı yürüşlər, dağ velosipedi ilə səfərlər və stend atışları gözləyir. Uşaqlar üçün isə yeni uşaq meydançası qurulub.

P.S. Bəli, doğrudur, “Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində -Şamaxı şəhərində, yəni gözəl məkanda yerləşir. Ancaq başqa oxşar turistik məkanlarımızda olduğu kimi burda da qiymətlər çox bahalıdır. Əlbəttə, bu, daha çox varlı xarici turistlər üçün nəzərdə tutulub. Bununla belə yenə də əsaslandırlmamış bahalıq var. Şamaxı da paytaxta ən yaxın turistik bölgələrimizdən biridir. Burda təkcə varlılar üçün deyil, maddi imkanları baxımından aşağı təbəqədən olan vətəndaşlarımıza, gənclərə, məktəblilərə əlçatan qiymətə xidmət göstərən məkanlar da olmalıdır. Di gəl, əksi baş verir – otel açan ən bahalısını, Azərbaycan insanının imkanlarına uyğun gəlməyəni açır. Hə, o başqa məsələdir ki, bahalı otellərdə varlı xarici turistlərə xidmət göstərirsən, əldə etdiyin gəlirdən sosial proqramlara da xərcləyirsən ki, cəmiyyətdə maddi harmoniyaya dəstək verəsən, ədalət olsun. Yox, bu da deyil. Təkcə elə onu demək bəs edir ki, “Shamakhi Palace Sharadil” də daxil olmaqla bütün belə turistik qurumlar, sadəcə, hər media orqanından bir nəfəri (bu şəxs mən özüm də belə olsam, düzünü yazacam) avtobuslarla aparır, öz otellərini nümayiş etdirir, bununla da işini bitmiş sayır. Reklama gələndə, nədənsə xarici KİV-lərdən fərqli olaraq, yerli media yada düşmür. Belə infoturların əleyhinə deyilik, iştirak da edəcəyik. Ancaq biznes qurumları, otellər ciddi reklam kampaniyaları keçirməli, büdcəsində reklama, o cümlədən, yerli mediada reklama önəmli məbləğdə büdcə ayırmalıdır. Hələlik bu, bizdə, demək olar ki, yoxdur.

Gülnarə ƏMİRQIZI

Bakı-Şamaxı-Bakı

Son xəbərlər
Bütün xəbərlər »