Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda neft istehsalı və həyata keçirilən ekoloji siyasət
800-cü illərin sonundan etibarən bütün dünyada qara qızılın vətəni kimi şöhrət tapan Bakı neftlə bərabər bir sıra ekoloji problemlərin  də mənbəyinə çevrildi.

Azərbaycan dünyanın ən qədim neft ölkəsi sayılır və burada neftin sənaye üsulu ilə  çıxarılmasının 150 ilə yaxın tarixi vardır. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində   neftin çıxarılmasında, torpaq anbarlara yığılmasında, daşınmasında, emalında istifadə  olunan primitiv texnologiyalar, keçmiş  SSRİ  dövründə  isə  neft istehsalının  ətraf mühitin qorunmasından üstün tutulması  torpaqların neftlə, neftli sularla çirklənməsinə  səbəb olmuşdur. Torpaqlarla yanaşı bir çox təbii göllər və gölməçələr neft quyularının tullantı suları ilə  çirkləndirilərək “ölü” vəziyyətinə  salınmışdı. Həmçinin keçmişdə  quyuların  ətrafında torpaq bəndlərdən yaradılmış  neft anbarları kimi istifadə  olunan ərazilər bu günə qədər neft və lay suları ilə doldurulur. Neftin Xəzər dənizində “ açıq fontan” üsulu ilə  çıxarılması, dənizə  60 ilə  yaxın dövrdə  həm sahildən, həm də  açıq dənizdə fəaliyyət göstərən neft quyularından atılan çirkab suları, qazma şlamları, boru kəmərlərindən sızmalar, qəza hallarında dənizə atılan külli miqdarda neft onun ekoloji mühitinə  mənfi təsirlər göstərir. Köhnəlmiş  və  korroziyaya uğramış  metal konstruksiyalar həmçinin dənizin dibinə çökmüş ağır neft tullantıları təkrar çirklənmə  mənbəyinə çevrilib.

Xəzər dənizinin ölkəmiz, digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün əhəmiyyətini, onun ekosistemlərinin həssas və  relikt olmasını, bütün sahilyanı ölkələrin dənizdə  getdikcə  artan fəaliyyətlərinin (neft‐qaz yataqlarının istismarı, dəniz gəmi və  boru kəmərləri daşımaları və s.) aktivləşməsini nəzərə alaraq ARDNŞ öz Ekoloji Siyasətində  Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını ən prioritet vəzifə hesab edir. Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardığı Azəri‐ Çiraq‐Günəşli yataqları, dəniz boru kəmərləri sistemi və Səngəçal terminalı üçün “Neft dağılmaları üzrə  fəaliyyət Planları” vardır və  bu planlara uyğun real texniki sistem yaradılıb. Neft dağılmalarının qarşısının alınması, ballast sularının və  başqa tullantıların qarşısının alınması məqsədi ilə Xəzər dənizində fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmənistan şirkətləri də müvafiq planlara və tədbirlər sistemlərinə  malikdirlər.

Bütün dünyada neft‐qaz çıxarma sənayesi, həmçinin    onunla  əlaqəli emal, neft‐ kimya və başqa sənaye sahələri ətraf mühitə mənfi təsirlərinin miqyasına görə birinci yerdə dururlar. Bu təsirlər ətraf mühitin bütün elementlərini əhatə edir:

Neft istehsalı  Yerin təkində  geoloji suxurların strukturunun pozulması və  yeraltı suların   çirklənməsi;

yer səthində, relyefdə pozulmalar, torpağın məhsuldar qatının məhv edilməsi və  neft tullantıları ilə çirklənməsi və s;  bitki və heyvanat aləminin deqradasiyası;  su hövzələrinin çirklənməsi; atmosferin müxtəlif zərərli qazlarla çirklənməsi kimi mənfi təsirlər göstərir.

Azərbaycan Respublikasının qoşulduğu təbiətdən istifadə  və  ətraf mühitin mühafizəsi üzrə  Konvensiyalar, sazişlər, müqavilələr    milli ekoloji qanunvericiliyin   ayrılmaz hissəsi hesab olunurlar. Azərbaycan Respublikasının hər bir qanununda xüsusi fəsil və ya maddə vardır, orada bəyan edilir ki, əgər beynəlxalq müqavilələrdə  milli qanunvericilikdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, bu zaman beynəlxalq sənədlərin qaydaları tətbiq edilir.

Ətraf Mühitin Mühafizəsi Qanunu, 1999‐cu ildə  qəbul olunub (son düzəlişlər 30 mart 2000‐ci ildə edilib). Qanunda təbiəti mühafizənin əsas prinsipləri, dövlətin, ictimai təşkilatların və  vətəndaşların bu sahədə  hüquq və  vəzifələri göstərilmiş, təbiət istifadəçiləri tərəfindən  ətraf mühitin, istehsalat monitorinqinin aparılması vəzifələri müəyyən edilmiş, təhlükəli fəaliyyət növləri üçün «ekoloji sığorta» termini, habelə  təsərrüfat fəaliyyətinin könüllü və  məcburi ekoloji auditi daxil edilmişdir. Həmçinin qanunda onun tələblərinin pozulmasına görə  məsuliyyətin  əsasları müəyyən edilib.

ARDNŞ‐nin istehsalat sahələri Xəzər    dənizi akvatoriyasında və  onun sahil sularında, Abşeron yarımadasında, Kür‐Araz ovalığında, Qobustanda, Samur‐Dəvəçi düzənliyində  yerləşir. Regional və  transmilli neft və  qaz kəmərləri Qara və  Aralıq dənizləri sahillərinə çatır.         ARDNŞ‐nin idarəetmə strukturunda ətraf mühitə təsir edə biləcək neft‐qaz çıxarma,   qazma, neft kəmərləri, neft‐qaz tikinti idarələri, Xəzərdənizneftdonanma, neft‐qaz emalı, dərin özüllər zavodu və yardımçı təşkilatlar fəaliyyət göstərirlər.

Dövlət  Neft Şirkətinin Ekoloji Siyasəti Sənədinin hazırlanmasından ötrü onun fəaliyyət sahələrində  mövcud olan ekoloji problemlər,  ətraf mühiti idarəetmə  sistemi araşdırılmış; milli və beynəlxalq qanunvericilik (Konvensiyalar, Protokollar, Sazişlər və  rəhbər sənədlər), tənzimləyici qaydalar; AYİB‐ın və Dünya Bankının, Ətraf Mühit üzrə  Neft Sənayesi Nümayəndələrinin Beynəlxalq Assosiasiyasının (IPIECA)  ətraf mühitin idarə  olunması sahəsində  siyasətini  əks etdirən rəhbər sənədləri və  hesabatları; dünyanın iri neft şirkətlərinin təcrübəsi; milli və regional ekoloji proqramlar, layihələr öyrənilmiş və təhlil edilmişdir.

ARDNŞ‐nin Ekoloji Siyasətinin  əsas məqsədi  ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və  təbii ehtiyatlardan səmərəli istifadə  sahəsində  onun praktiki fəaliyyətinin ümumi istiqamətlərini müəyyən etməkdir:Keçmişdən miras qalmış  ekoloji problemlərin    mərhələlərlə  həlli yollarını müəyyən etmək və onların nəticələrini aradan qaldırmaq;

Ətraf mühitin qorunması və  ekoloji təhlükəsizliyin təmin olunmasını  əsas fəaliyyətin bütün istiqamətlərinə yönəltmək;Ekoloji qaydaların və standartların tətbiqinə nail olmaq;

ARDNŞ‐nin obyektlərində, müştərək müəssisələrdə və çoxtərəfli müqavilələrdə  yeni layihələri həyata keçirərkən  ətraf mühitin qorunması və  ekoloji təhlükəsizliyin    təmin olunması məsələlərinin Ekoloji Siyasətə,  ən yaxşı təcrübəyə əsaslanmasını təmin etmək; • Əsas strateji vəzifə  kimi yüksək ekoloji və  sosial nəticələrə  gətirən layihələrin dəstəklənməsini yerinə yetirmək.

Yuxarıda göstərilən məqsədlərə çatmaq üçün ARDNŞ aşağıdakı təşkilati, texniki və  texnoloji vəzifələrin həllini vacib sayır:

Neft‐qaz çıxarma və emal sənayesi tullantıları ilə çirklənmiş ərazilərin ekoloji problemlərinin həllini və istehsalatda ekoloji təhlükəsizliyi təmin etməkdən ötrü cari əməliyyat  tədbirləri sisteminin işlənilməsi;

Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin idarə olunması sisteminin təkmilləşdirilməsi, onun mərhələlərlə  beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olunması;

Mövcud ekoloji problemlərin həllinə,  ətraf mühitə  təsirlərin azaldılmasına yönələn tədbirləri özündə  birləşdirən fəaliyyət planlarının hazırlanması və  yerinə yetirilməsi;

Ekoloji monitorinq, ətraf təbii mühitə və insanların sağlamlığına təsir edəcək ekoloji risklərin proqnozlaşdırılması, qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi;

Ətraf    mühitin qorunması,  əhalinin sağlamlığı, təbii ehtiyatlardan səmərəli istifadə  sahəsində  dövlət, hökumət orqanları və  ictimai təşkilatlarla   əlaqələrin genişləndirilməsinin həyata keçirilməsi;

Ekologiya və təbii ehtiyatlardan səmərəli istifadə sahələrində elmi‐texniki və  beynəlxalq  iqtisadi əlaqələrin inkişaf etdirilməsi ;İstehsalat müəssisələrində  və  idarələrdə  kadrların hazırlanması, biliklərin təkmilləşdirilməsi sisteminin inkişaf etdirilməsi, personalın ümumi ekoloji mədəniyyətinin yüksəldilməsi;Ekoloji problemlərin həlli və  Siyasətin müddəalarının icrası ilə  bağlı geniş  informasiya – təbliğat tədbirlərinin yerinə yetirməsi, ictimai fikirlərin inkişaf etdirilməsi, ekoloji məsələlərin həllində  ictimaiyyətin köməyindən istifadə  olunması.

Neft‐qaz çıxarma və emal sənayesinin ekoloji problemləri ilə əlaqəli mövcud regional orqan “Xəzər Ekoloji Proqramı”dır. Proqram 1998‐ci ildə  Xəzəryanı ölkələr və  ətraf mühit sahəsində  beynəlxalq təşkilatlar (TASİS, UNDP, QEF, UNEP) tərəfindən birgə  təsis edilmişdir. Proqramın fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilir. Proqramın məqsədi Xəzər dənizinin və  onun sahilyanı ekosistemlərinin vəziyyətinin yaxşılaşdırılması sahəsində  sahil dövlətlərinin birgə  səylərinin və  əməkdaşlıqlarının inkişaf etdirilməsidir. Proqram çərçivəsində  neft‐qaz sənayesinin Xəzər dənizinin ekologiyasına təsirlərinin araşdırılması,  ətraf mühitin monitorinqi və  neft dağılmaları üzrə fəaliyyət planları, çoxlu layihələr, o cümlədən neftlə çirklənmiş  torpaqların təmizlənməsi üzrə lokal layihələr yerinə yetirilmişdir.

Neftqazçıxarma və  emal sənayesində  istixana effekti yaradan qazların azaldılması potensialı böyükdür və neft‐qaz çıxarma artdıqca bu potensial  da artır. Bu vaxta qədər bir çox enerji effektivliyi layihələri yerinə  yetirilmiş, lakin onlar Təmiz İnkişaf Mexanizmi (TİM ) layihələri kimi beynəlxalq səviyyəyə  çıxarılmamışdır. TİM layihələri  ən müasir texnologiyaların, investisiyaların ARDNŞ‐nin istehsalat sahələrinə  gətirilməsinə  imkan verə  bilər. Bundan ötrü beynəlxalq standartlara cavab verən layihələrin işlənilməsi lazımdır.

Ümumən  ətraf mühitin qorunması    sahəsində  strategiya   iqlim dəyişmələri sahəsində  fəaliyyət  strategiyaları və planları,  neft dağılmalarının və ekoloji risklərin azaldılması planları;  bioloji müxtəlifliyin qorunması strategiyası, çoxsəviyyəli və hərtərəfli monitorinq planları, sağlamlığın və təhlükəsizliyin qorunması planları istiqamətlərdə qurulub.

Ölkədə fəaliyyət göstərən  yerli və xarici neft şirkətlərinin həyata keçirdiyi ekoloji siyasətin digər sənaye sahələrinə nisbətən daha yaxşı təşkil olunduğu nəzərə çarpır. İnkişaf etməkdə olan ölkəmizdə hər bir sənaye müəssisəsi  ekologiya və ətraf mühitin  mühafizəsinə bu qədər diqqət yetirsə bu gələcəyimiz üçün böyük investisiyalar yatırmışıq deməkdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »