Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mənə “çoxbilmiş” deyənlər də olur”
Avropanın ən gənc ensiklopediyaçısı keçmişindən, uğurlarından, xəyallarından danışdı

Bizim Yolda “Baş redaktorla Uğur hekayələri” rubrikasının bu günkü qonağı gənc yaşlarında öz yolunu özü cızmış və ilkə imza atmış Jalə Orucovadır. Bahəddin Həziyevin Azens.az - Azərbaycanın İlk Elektron Ensiklopediyası portalının qurucusu və baş direktoru Jalə Orucova ilə söhbətini oxucularımızla bölüşürük

- Jalə, Siz Avropanın ən gənc ensiklopediyaçısı adına layiq görülmüsünüz. Kim layiq gördü bu adı Sizə?.

- Xarici dövlətlərdə belə bir araşdırmalar olur. Nəinki ən gənc ensiklopediyaçı, hətta ən gənc yazıçı, ən gənc dramaturq, ən gənc rəssamı belə araşdırıb tapırlar. Bu prosesin həyata keçməsini də beynəlxalq universitetlər reallaşdırır. Ən gənc ensiklopediyaçı seçilməmişdən əvvəl xarici dillərdə yazılarım çıxmışdı, özüm haqda məlumatlar da var idi. Daha sonra Caroline adlı şəxs mənə emaillə müraciət etdi və: “Sizi “Ən Gənc Ensiklopediyaçılar” siyahısına əlavə etmişik”,- dedi. Və aydın oldu ki, həmin siyahıda yaş etibarı ilə ən gənc mən idim. Məndən sonra 2 yaş fərqi ilə Rusiya vətəndaşı oğlan gəlirdi.

- Hələ Sizdən gənci çıxmayıb ki ortaya? Yəni rekordsmensiniz hələ də?

- (Gülür) “Rekordsmen” deməyək. Son ilin siyahısı bilmirəm, amma, fikrimcə, məni qabaqlamış gənclər var.

- Belə olurmu ki, desinlər: "Bu Jalə nə çoxbilmişdir! Yerin altını da bilir, üstünü də". Çoxbilmiş bir az sanki mənfi çalarda səslənir. Ancaq çoxbilən deyərlər. Türklər “bilgin” deyir. Yəni çox bilmək insana niyə lazımdır? Nə qədər bilmək lazımdır?

- Bir insan hər şeyi bilə bilməz. Bir mövzuda çox şey bilə bilərsən, bir mövzuda az.

- Siz nəyi az bilirsiniz?

- Tibb mövzusunda bildiyim az şey var Ən çoxu 3 dənə dərman adı bilirəm. Və heç bir tibbi prosedurlar haqqında məlumatım yoxdur. Dəfələrlə olub mənə çoxbilmiş deyənlər (gülür). Ancaq özümü elə hesab etmirəm.

- Dərman adı bilməyin də zatən. Çox gəncsiniz

- Nə qədər öyrənməyə çalışsam da, bu dərman adları yadımda qalmır ki qalmır. Düzdür, gəncəm, amma bilmək yaxşı şeydir

- İnanmaq olmur ki, hansısa bir məlumat yadınızda qalmasın. Ancaq olurmuş Yadınızda olmayan hər şey onsuz da ensiklopediyanızda var. Yeri gəlmişkən, elektron ensiklopediya ideyası hardan gəldi ağlınıza?

- Elektron Ensiklopediyanı yaratmamışdan əvvəl facebookda öz yazılarımı, tərcümələrimi paylaşırdım. Çox da sevilirdi, hətta saytlar belə bu məlumatları paylaşırdı. O vaxtlar facebook Azərbaycanda yeni populyarlaşırdı, özünə görə auditoriyası var idi. Bu paylaşdığım yazılıların minlərlə oxucusu vardı və düşündüm, Azərbaycanda belə bir portala ehtiyac var. Düzdür, indi ensiklopedik xarakter daşıyan saytlar çoxdur. Ancaq bir neçə il bundan öncə biz ilk idik.

- İlkə imza atmaq necə duyğudur?

- Qürurverici və daha çox məsuliyətli. Saytımıza heç vaxt hardansa köçürülmə yazı yerləşdirmirik. İşləyirik,, tərcümələr edirik. Dilimizə tərcümə edilməmiş məlumatları çevirib saytımıza yerləşdiririk. Sayta yalnız işdən sonra vaxt ayıra bilirəm, bu da bəzən yuxusuz gecələrə səbəb olur.

- Çox gəzən çox bilərmiş. Çox ölkə gəzirsiniz. “Dünyanın ən gənc səyyahı” demək olar Sizə?

- Həyatda qarşıma qoyduğum məqsədlərdən biri də dünyanın gözəl yerlərini görməkdir.

- Səfərlərinizin siyahısına baxsaq, az qalıb ekvatorun axırına çatmağa. Səyahət sevgisidir, yoxsa iş gərəyi?

- Bəzi ölkələrə istirahət üçün getmişəm, bəzilərində forum və konfranslarda iştirak etmişəm. Görmədiyim çox yerlər qalıb, onları da gələcək illərə planlaşdırıram. Əsas odur ki, sağlıq olsun.

- (Yarızarafat) Səfər planınzda Papua-Yeni Qvineya, Barbados və ya Trinidad və Tabaqo yoxdur yəqin ki. Daha çox haralara getmək istərdiniz?

- İnanın ki, onlar da var (gülür)

- Bu cavabı gözləmirdim.

- Mənə Afrika təbiəti , heyvanlar aləmi çox maraqlı gəlir. Getmək istədiyim yerlər çoxdur. Məsələn, Skandinav ölkələri məni cəlb edir. Ərzaqları o qədər təmiz məhsullardan hazırlanır ki, ona görə əhalisi uzun ömürlü olur. Daha sonra Hind-Çin yarımadasında yerləşən ölkələrə səfər etmək istərdim. Məsələn, Tailand və Malayziya kimi.

- Papua-Yeni Qvineya dedim yadıma düşdü. Məşhur lətifədir.Çox versiyaları da var. Bəlkə də bilirsiniz. Bir azərbaycanlı əcnəbi təyyarəçiyə deyir ki, məni elə bir yerə apar ki, orda azrbaycanlı olmasın. Pilot onu aparır, paraşütlə Papua-Yeni Qvineyada bir cəngəlliyə atır. Hannibal aborigenlər üstünə tökülüşürlər. Tutub aparırlar yeməyə. Azərbaycanlını bir ağaca bağlayıb ocağın üstündə asırlar. Azərbaycanlı alovun üstündə fırlanır, aborigenlər isə tonqalın ətrafında rəqs edirlər. Onlardan biri də davul çalır. Bədəninə isti keçən bəxtsiz adam qışqırır: "Yəni burda bir azərbaycanlı yoxdur ki, məni xilas etsin". Davul çalan ordan azərbaycanca səslənir: "Qardaş, azərbaycanlı var, amma imkan yoxdur"

- (Gülür) Allah uzaq eləsin.

-Onsuz da uzaqdır. Zənnimcə, planınızda dəyişiklik edərsiniz.

- (Gülür)…

- Bir az əvvəl təbiət gözəlliyindən danışdıq. İnsan da təbiətin bir parçasıdır və insanın da öz gözəllikləri var. Fransız estetiki Şarl Bodler deyirdi ki, gözəllik dünyanı xilas edəcək. (Yumorla) Siz kimisə xilas etmisiniz?

- (Pauza) Heç bayaqkı suallarınızda bu sualdakı qədər əziyyət çəkmədim (gülür)...

- Sizi xilasedici kimi təsəvvür etməyə çalışdım bir anlıq...

- Bilirsiniz, gözəllik çox vaxt yolları açır, bəzən də bağlayır.

- Hansı hallarda açır, hansı hallarda bağlayır?

- Bu suala cavab verməyim. Olarmı?

- Əlbəttə, olar.

- İnsanın bəxti gözəl olsun.

- Gözəl bəxtin göstərgəsi uğurdur. Uğurlarınızı ilk kiminlə bölüşürsünüz? Uğurlarınıza daha çox kimlər sevinir?

- Ətrafımda uğurlarıma sevinəcək dostlarım var. Təbii ki, uğurlarımı ilk ailəmlə bölüşürəm, amma bəzi yaxın dostlarım var ki, onları da ailəmdən ayırmıram. Dostlar sarıdan olduqca zənginəm.

- Uğurlarınızda bir anlamda rəqiblərinizin də payı var.. .

- Təbii ki. Rəqiblərim nə qədər güclü olsa, mən onlardan da güclü olmağa çalışacam. Rəqibin olması insanı ruhlandırır, daha çox əzm göstərirsən. Kəmiyyət deyil, keyfiyyət önəmlıdir. Özünü mənə rəqib görənlər çox ola bilər, amma rəqib adlandırdığım hələ ki yoxdur.

- Portalınızın xarici dillərdə versiyası varmı?

- Çox istərdim ingilis və fransız dillərində versiyası olsun, ancaq bu istəyin reallaşması üçün bir az zamana ehtiyacımız var. Saytımızda tariximizi əks etdirən yetərincə çox materiallar yerləşdirilir. Onların bəziləri azərbaycan dilinə ilk dəfə tərcümə edilib. Azərbaycan çiçəklənən və inkişafda olan bir dövlətdir bunun üçün də tariximiz, mədəniyyətimiz, incəsənətimiz haqda başqa xalqlar daha çox məlumatı olsa, yaxşıdır.

- Ensiklopediyanın print variantı da çıxdı. Mən dı aldım, baxıram. Bu layihə davam edəcəkmi?

- Bəli, ensiklopediya layihəmiz davam edəcək. Demək olar ki, artıq yeni ensiklopediya üzrə işə başlamışam. Bu ensiklopediya tam başqa mövzuları əhatə edəcək.

- Dövlət dəstəyi, yaxud sponsor dəstəyi varmı?

- Azərbaycan Respublikasının İlk Ensiklopedik Saytı 2012-ci ildə YAP Gənclər Təşkilatının tam dəstəyi ilə yaradılıbr. Daha sonra layihə çərçivəsində dəfələrlə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant qalibi oldum. Bundan əlavə, dövlətin dəstəyi ilə xaricdəə keçirilən bir sıra beynəlxalq forum və konfranslarda iştirak etmişəm. İndiyədək dövlətimə etdiyim bütün müraciət və təkliflərimə müsbət cavab almışam. Layihələrimiz davamlıdır, əminəm ki, bundan sonrakı bütün fəaliyyətimizdə də dövlətimiz həmişə yanımızda olacaq.

- Sizcə, hansı çətindir: özümüzü tanımaq, Dünyanı tanımaq, yoxsa Dünyada özümüzü tanıtmaq? Siz hər üçü ilə məşğulsunuz…

- Məncə, ən çətini özünü tanımaqdır. Gərək nə istədiyini, duyğularını, düşüncələrini, məqsədlərini, bacarıqlarını yaxşı biləsən və bunların fərqində olasan.Özlərini tanıyan insanlar hər zaman öz güclü və gücsüz tərəflərini, ətrafındakılardan üstün və əksik tərəflərini, nələrə qadir olub-olmamalarını çox yaxşı dərk edə bilirlər. Və bu özünütanıma insanlara cəmiyyətdə özlərini ifadə etməkdə rahatlıq yaradır. Özünü tanımadan dediyiniz başqa variantlar əlçatan deyil.

- Özünü ifadə etmək dediniz. Sosial şəbəkəərdə də fəalsınız. Sosial şəbəkələrdə, internetmediada özünü doğru yoldan ifadə etməyənlər də var. Və bü üzdən bəzən sosial şəbəkələrin yasaqlanması kimi çağırışlar da olur...

- Sosial şəbəkə hər şeydən əvvəl ünsiyyətdir. Bu, bizə uzun müddət görmədiyimiz dostumuzu, tanışımızı tapıb onunla əlaqə saxlamaqda, danışmaqda çox kömək olur. Önəmli günləri xatırladır, əlin çatmayan insanlarla səni yaxın edir. Sosial şəbəkə sənə zərər də vura bilər. Dəfələrlə ailələr arasında mübahisələr düşüb, bəzilərində sosial şəbəkədən asılılıq yaranıb. İstifadəçidən çox şey asılıdır, düzgün istifadə etsən, müsbət cəhətləri daha çoxdur.

- Ünsiyyət demiş, atlarla aranız yaxşıdır deyəsən…

- Sosial şəbəkədən atlara gəldik.

- Profilinizdə şəklinizi gördüm. Atla çox mehriban idiniz.

- Heyvanları sevirəm, onlara qəddarlıq edənləri də şiddətlə qınayıram. Bir insanın daxili mədəniyyəti onun heyvana davranışından bilinir.

- Heyvan saxlayırsınız?

- Uşaq vaxtı tutuquşumuz var idi, yayda onları eyvana qoyardıq. Bir gün güclü külək qalxdı və tutuquşuları qəfəslə birlikdə apardı. Quşların sonrakı aqibətində xəbərimiz olmadı, axtardıq tapa bilmədik. Bundan sonra heyvan saxlamadıq evdə.

- İnsanlar təkcə bir-biri ilə deyil, ətraf aləmlə - canlı, ya cansız, fərq etməz - təmasda olur. Bəzi insanlar biofildir - təbiətdən enerji alır. Sizin enerji qaynağınız hansıdır?

- Enerji mənbəyim - musiqidir. Bir musiqi və ya mahnı məni həm rühlandıra bilər, həm ruhdan sala bilər.

- Özünüz hansısa musiqi alətində ifa edə bilirsiniz? –

- Heyf ki, heç bir musiqi alətində ifa edə bilmirəm, amma musiqiyə qarşı həssasam.

- Musiqili ailədə böyümüsünüz. İntonasiya yaddaşı uşaqlıqdan formalaşır…

- Atam peşəkar musiqiçidir, hətta bəstələri də var.

- Sizdə intonasiya yaddaşı hansı janra köklənib - klassik musiqi, xalq musiqisi, yoxsa avanqard cərəyanlara?

- Uşaq vaxtı qardaşımla həmişə retro mahnılara qulaq asardıq, Demis Roussos, Joe Dassin kimi. Amma bu, o demək deyil ki, Azərbaycan musiqilərini sevmirəm. Tarixə adını yazmış önəmli incəsənət xadimlərimiz, sənətkarlarımız var. Gəlin, musiqini janrlara bölməyək, tək bir söz deyəcəm: repdən başqa bütün janrları sevirəm (gülür).

- Bədii gimnastika Sizi burdan çəkirmiş…

- Uşaqlıqdan arıq, cılız idim. İdmana meylim vardı. Əvvəl baletlə məşğul oldum, amma mənə maraqsız gəldi…

- Niyə maraqsız gəldi?

- Baletdə peşəkarlığa keçid olduqca gecdir, bəlkə də ondan. Baletdən çıxdıqdan sonra bədii gimnastikaya başladım. Mən balacaydım. Baletlə gimnastika eyni binada – Zabitlər Evində yerləşirdi. (Pauza) Sona qədər davam etdirmədiyimə görə bəzən peşman oluram. Davam etdirsəydim, bəlkə də daha yaxşı ola bilərdi.

- Keçib getmiş heç bir şeyə görə peşman olmayın. O Sən indiki Sən olmayacaqdı.

- Qismət. Yəqin belə olması məsləhər imiş. Hər şeydə bir xeyir var.

- Təbii ki xeyir var. Bu gün var. Uğurlarınız var. Hələ bəlkə mükafatlarınız da var. Ən böyük uğur isə özünüzü tanımağınız və öz yolunuzu özünüzün açmağınızdır.

- Hələ gələcək qarşıdadı. Əminəm ki, Azərbaycan daha böyük uğurlara imza atacaq. Biz də onun bu uğurlarının bir parçası olacağıq.

- Hər insan dünənin xoş xatirələri, bu günün qayğıları və sabahın arzuları ilə yaşayır. Sizə keçmişdən xoş olan nələr qalıb, bu günün əsas qayğıları nədir, sabaha nə düşünürsünüz? Xəyallarınız və planlarınız nədir?

- Hər birimiz xəyallarımızın arxasınca gedirik. O qədər xoş xəyallarım var ki... Onları desəm, heç kim belə uzun yazını oxumayacaq (gülür). Gələcək planlarım fəaliyyətimlə bağlıdır. Daha böyük uğurlara imza atıb Azərbaycana layiqli övlad olmaq istərdim.

- İnşallah. Söhbətə görə təşəkkür edirəm.

- Siz sağ olun.

Söhbəti Gülnarə ƏMİRQIZI yazdı

[gallery columns="1" size="full" ids="53047,53048">

Son xəbərlər
Bütün xəbərlər »