Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xaricdə yaşayan azərbaycanlılar azərbaycançılıq ideologiyasının təbliğində ön sırada getməlidirlər"
"Xaricdə yaşayan azərbaycanlılar azərbaycançılıq ideologiyasının təbliğində ön sırada getməlidirlər"

Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafını, uğurlarımızı Azərbaycanlıların birliyində bir məqsəd uğrunda mübarizədə görürdü. Bu səbəbdən də, sağlığında dəfələrlə xaricdə yaşayan azərbaycanlılara müraciət edib. Onları Azərbaycanın əbədiyyətinin, tarixinin, uğurlarının təbliğ edilməsində fəal rol oynamağa, eləcə də yaşadıqları ölkənin layiqli vətəndaşı kimi fəaliyyət göstərməyə səsləyirdi. Sözsüz ki, bu birliyin, bu həmrəyliyin uğurlarını biz bu gün görürük. Sözsüz ki, bu mübarizədə azərbaycançılıq ideologiyasının təbliği onun həyata keçirilməsi ilə sıx bağlıdır. Bu ideologiyanın banisi ulu öndər Heydər Əliyevdir.

Artıq azərbaycançılıq ideologiyası bir elm kimi formalaşır. Çünki bu yaradıcı bir ideologiyadır. Öyrənilir, təbliğ edilir və bu barədə çoxsaylı əsərlər, məqalələr, elmi əsərlər yazılıb həyata keçirilir. Azərbaycançılıq Azərbaycan xalqının bu gününə, gələcəyinə xidmət edən bir ideologiyadır. Dünya azərbaycanlılarının bir neçə qurultayının Bakıda keçirilməsi və bu qurultayların Azərbaycan xalqının həyatında eləcə də xaricdə yaşayan azərbaycanlıların birliyində müstəsna rolu vardır. Biz bunu həyatımızın bütün sahələrində hiss edirik. 44 günlük müharibə, eləcə də 23 saatlıq lokal antiterror tədbirlərində bu özünün bariz nümunəsini göstərdi. Xaricdə yaşayan azərbaycanlılar bir yumruq kimi birləşərək, Azərbaycanın suverenliyinin əldə olunması üçün özlərinin xalq səsini ucaltdılar və daimi olaraq müharibənin gedişini izlədilər qələbələrimizi dəstəklədilər. Sözsüz ki, bu birlik bir azərbaycanlı kimi hər birimizi sevindirir və qürurlandırır.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün dünyada yaşayan azərbaycanlılar arasında geniş bir təbliğat aparılır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının qurultayında dəfələrlə səsləndirmişdir ki, xaricdə yaşayan azərbaycanlılar mədəniyyətimizin, tariximizin, dinimizin, milli mənəvi dəyərlərimizin təbliğ edilməsi sahəsində avanqard olmalıdırlar, ön sırada getməlidirlər və Azərbaycan həqiqətlərini bütün dünyaya yaymalıdırlar.

Tahir Rzayev Tahir Rzayev

““Heydər Əliyev” fondunun prezidenti Mehriban xanım Əliyeva azərbaycançılıq ideologiyasının təbliğ edilməsində müstəsna rol oynayır. Dünyanın bir çox ölkələrində keçirilən mədəni kütləvi tədbirlər Azərbaycanın, azərbaycanlıların birliyinin bir nümunəsidir. Əlbəttə ki, bu sahədə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyətini də yüksək qiymətləndirmək lazımdır. Biz bir azərbaycanlı kimi öz kimliyimizi, nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə aparmağımızı dünyaya çatdırmaq və buna nail olmaq üçün mütləq birliyimizi həmrəyliyimizi təmin etməliyik”-deyən deputat bildirib ki, məhz azərbaycançılıq ideologiyası bu birliyə, bu vətənpərvərliyə, bu əməkdaşlığa, bu dostluğa əsaslanır.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan paytaxtında eləcə də ölkəmizdə çox möhtəşəm beynəlxalq tədbirlər keçirilir. Elə bu günlərdə Şuşada keçirilən 7-ci beynəlxalq musiqi festivalı göstərdi ki, Azərbaycan, Şuşa dünyanın mədəniyyət mərkəzlərindən biri kimi azərbaycanlıları öz ətrafında birləşdirməklə, Azərbaycan nailiyyətlərini dünyaya yaymaqla azərbaycanıları vahid bir amal üzərində birləşdirmək məqsədindədir. Bu festivalda dünyanın bir çox ölkələrindən sənət adamlarının iştirak etməsi, ölkəmizin rəhbəri cənab prezidentin bu tədbirdə iştirakı və çıxışı göstərdi ki, Azərbaycan artıq dünyada özünün qüdrəti, möhtəşəmliyi, uğurları ilə seçilən bir dövlətdir. Bu nailiyyətlər əlbəttə ki, dünya azərbaycanlılarını qürurlandırır və onları yeni uğurlar uğrunda mübarizəyə səfərbər edir.

“Bizim hər birimiz Azərbaycanın təbliğatçısı olmalıyıq. Ölkələmizdə gedən dinc, quruculuq, bərpa işləri, ictimai-siyasi sabitlik, həyata keçirilən mühüm tədbirlər geniş təbliğat mövzusu olmalıdır. Bu, nəinki Azərbaycanın vətəndaşları tərəfindən, eləcə də dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar tərəfindən geniş təbliğ edilməlidir. Çünki bu Azərbaycanın inkişafı üçün nailiyyətlərimizin artırılması üçün çox vacibdir.

Bu gün dünya ölkələri Azərbaycan ilə əməkdaşlığı möhkəmləndirilməkdə maraqlıdırlar. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrindən biridir. Alternativ enerji resurslarının axtarılması və bərpası bu gün diqqət mərkəzindədir. Azərbaycan bu sahədə böyük potensiala malikdir”-deyən Tahir Rzayev əlavə edib ki, buna görə də ölkəmizin paytaxtında keçirilən bir çox tədbirlərin istiqaməti, məhz bu resurslardan və potensialdan səmərəli istifadə edilməsinə yönəlmişdir. Əlbəttə ki, ölkə rəhbərliyinin keçirdiyi düşünülmüş siyasət və əldə olunan nailiyyətlər imkan verir ki, dünya azərbaycanlıları özlərinin haqlı mübarizəsini daha mütəşəkkil davam etdirsinlər. Azərbaycanın qüdrətini, Azərbaycanın mütəşəkkilliyini dünyaya çatdırmaq üçün onların əlində çox böyük imkanlar var və bu imkanlardan səmərəli istifadə edilməlidir.

Bu gün Türk Dövlətləri Təşkilatı ətrafında birləşən dövlətlər bilavasitə türklüyün və azərbaycançılığın təbliğatı ilə ciddi şəkildə məşğuldurlar. Bu təbliğat bu dövlətlərin gələcəyi üçün onların inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan Türk Dövlətləri Birliyində ən fəal rol oynayan respublikalardan biridir və qardaş Türkiyə ilə bərabər dövlətimiz bu təşkilatın möhkəmlənməsində qüdrətli olmasında maraqlıdır. Bu, türk dünyası üçün Azərbaycanın inkişafı üçün çox vacibdir. Türkçülüyü, Azərbaycançılığı təbliğ etmək bəşəriyyət və türk dövlətlərinin hər birinin gələcəyi üçün böyük rola malikdir. Bu səbəbdən də, Azərbaycançılıq ideologiyasının təbliğ olunması və dünyaya çatdırılması, hər bir Azərbaycan vətəndaşının, eləcə də xarici ölkələrdə yaşayan Azərbaycanlıların müqəddəs borcu və vəzifəsi olmalıdır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Son xəbərlər
Bütün xəbərlər »