Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhməramlıların taleyini 2023-cü ildə keçirilən 1 günlük lokal antiterror əməliyyatları həll etdi"
"Sülhməramlıların taleyini 2023-cü ildə keçirilən 1 günlük lokal antiterror əməliyyatları həll etdi"

Bir neçə gündür ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycandan çıxır. Əslində fəaliyyət müddəti 2025-ci ildə bitəcək olan sülhməramlıların taleyini 2023-cü ildə keçirilən 1 günlük lokal antiterror əməliyyatları həll etdi. Torpaqlarımız təmizləndi və daha sülhməramlıların əslində bəlli olmayan məramına da ehtiyac qalmadı. Əvvəlcə onların postlarının sayı azaldı, daha sonra iki ölkə rəhbərliyinin danışıqları ilə sülhməramlılar Azərbaycandan çıxmağa başladı. Əslində etiraf etsək, Rusiyanın özünü bu gün həmin hərbçilərə ehiyacı var.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində bu tarixi hadisədir. Əhəd Məmmədli qeyd edib ki, Azərbaycan heç bir zaman Rusiyanın yanında olmayıb. Bu iddianı səsləndirən şəxslərin, sözün əsl mənasında siyasətdən xəbəri yoxdur.

Əhəd Məmmədli Əhəd Məmmədli

Politolqun fikrincə, Azərbaycan hər zaman Rusiyanın reallığını nəzərə alaraq, balanslı siyasət yürüdürdü. Bunu nəzərə almaq lazım idi, nəzərə almayanların aqibəti bəlldir. Ona görə Azərbaycanın siyasəti olub. Bu proseslər də, xarici siyasətimizin növbəti uğurudur. Rusiya sülhməramlıları ölkəmizi tərk edəndən sonra Rusiya ilə münasibətlərdə artıq bu məsələdə biz daha rahat danışa biləcək və siyasətimizi daha asan yürüdə biləcəyik.

“Heç kəs elə belə getmir, yəni kimləsə nəsə razılaşdırırsan. Əsas fakt odur ki, gedib. Nə razılaşdırılıb, nə razılaşdırılmayıb onu gələcəkdə görəcəyik. Hansısa razılaşma ola bilər, Rusiyanın maraqları Azərbaycan tərəfindən qarşılana bilər. Bu da normaldır. Bir müddət əvvəl Lavrov demişdi ki, "Azərbaycan xarici siyasəti ilə bağlı açıqlamalar verib və biz bu məsələdə rahatıq". Onun deməyindən belə çıxdı ki, Azərbaycan xarici siyasətdə Rusiyaya qarşı koalisiyaya birləşməyəcək. Yəni Qərb koalisiyasında yer almayacaq.

Niyə biz Qərb koalisiyasına yer almalıyıq Rusiyaya qarşı? Qərbdən bizə nə gəlib ki? Qərb 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycana qarşı ancaq əks və təxribatçı mövqedən çıxış edən dövlətlər toplusudur. Biz niyə Qərbə görə Rusiya ilə və yaxud İranla münasibətlərimizi korlamalıyıq? Bu, bizim nəyimizə lazımdır? Eynilə, Rusiya və İrana görə başqa dövlətlə niyə münasibətləri korlamalıyıq? Bizim də maraqlarımız olmalıdır”-deyə politoloq bildirib.

Əhəd Məmmədli vurğulayıb ki, Türkiyə müttəfiqimizdir və qardaş ölkəmizdir. Türkiyə həmişə bizim arxamızdadır, dayağımızdır. Digər ölkələrlə isə, maraqlarımız nisbətində çıxış etməliyik.

Əhəd Məmmədlinin fikrincə, Azərbaycan xarici siyasəti, təqdirə layiq olan xarici siyasətdir. Qərbin bu məsələyə reaksiyasına gəldikdə, Əhəd Məmmədli vurğulayıb ki, Amerika rus sülhməramlılarının Azərbaycandan çıxmasını təəssüflə qeyd edib.

“Fikir verin, Ukraynada bunlar ruslara işğalçı deyirlər, amma Azərbaycana gəldikdə işğalçı dediyi ölkə Azərbaycan ərazisini tərk edir və buna" təəssüf edirik" deyirlər. Amerika rəsmisi bunu deyir. Yəni bu da Qərbin mövqeyi. Biz də deyirik ki, gəlin Qərbə görə rusla düşmən olaq. Hansı Qərblə? Erməninin yanında olan Qərblə? Qərbin mövqeyi bizim maraqlandırmamalıdır. Reallıq var. Qarabağ, Azərbaycanındır. Rus sülhməramlıları Azərbaycanı tərk edir”-deyə Əhəd Məmmədli əlavə edib.

Əhəd Məmmədli bildirib ki, Azərbaycan regionun 3 ən önəmli ölkəsi Türkiyə, Rusiya və İranla düzgün siyasət qurub və bu siyasətin icrasına davam etməlidir. Türkiyə, Rusiya və İran bizim qonşuluqda olan ölkələrdir.

“Qərb min kilometrdən uzaqda olan, okeanın o tayında olan dövlətlər toplusudur. Avropa ölkələrini min kilometrlərlə ayırır, Amerikanı ümumiyyətlə okean ayırır. Amerikanın və Avropanın olduğu postsovet ölkələri hansı vəziyyətə düşüb, biz bunu da aydın görürük. Ona görə, bizə Qərb nə dedi, Makron nə dedi, nəbilim… Təbii ki, onu da nəzərə almalıyıq. Amma biz özümüzü “dəli oğlanlığa vurmalı” deyilik. Siyasətimizi də qətiyyən “Qərb nə deyər, Qərb neyləyər” düşüncəsinə uyğun olaraq da aparmamalıyıq”-deyən Əhəd Məmmədli əlavə edib ki, Azərbaycan qalib gəldiyi müharibədən sonra regionda güclü nüfuzu olan bir ölkəyə çevrilib və ona uyğun olaraq, öz nüfuzunu, öz gücünü eyforiyaya qapılmadan gücləndirməkdə davam etməlidir.

Qərbə gəldiksə, politoloqun fikrincə, ABŞ dövlət departamentinin sözcüsünün “Rusiya etibarlı tərəfdaş deyil” ifadəsinin çoxmənalı şərhi var. Yəni bu da o deməkdir ki, Rusiya etibarlı tərəfdaş olsaydı, pnlar Qarabağda qalardı, erməniləri Qarabağa gətirərdi və ümumiyyətlə, Azərbaycanın Qarabağı azad edilməsinin qarşısını alardı.

“Bu da ABŞ. Onun dövlət departamentinin rəsmisinin ifadəsinə siz baxın. Biz “gözü çıxan qardaşdan” nümunə götürməliyik. “Gözü çıxan qardaşımız” Ukraynadan nümunə götürməliyik. Xarici siyasətimiz uyğundur, doğrudur. Belə də davam etməlidir”-deyə Əhəd Məmmədli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »