Bu gün Başlıbel faciəsinin ildönümüdür.1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı zamanı Başlıbel kəndində törədilən qətliamdan 31 il ötür. Bu faciə zamanı kənd sakinləri, uşaqlar, qadınlar, əlillər, o cümlədən qocalar qətlə yetirilib, işgəncələrə məruz qalıb, bəziləri diri-diri yandırılıb. Faciə zamanı 62 nəfər dinc sakin qaçmaq üçün mağaraya sığınsa da, ermənilər onların yerini aşkar etdikdən sonra silahlı hücuma keçərək kütləvi qırğın törədiblər.
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Başlıbel faciəsi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorunun davamlı nəticələrindən biridir.
Ümumiyyətlə, 90-cı illərdə Qarabağın bir sıra bölgələrində bu tip hadisələr baş verib. Bu terror aktlarının arasında Başlıbel faciəsi çox qəddar şəkildə keçirilməsi ilə seçilir. Çünki həmin dövrdə həyata keçirilən soyqırım zamanı Başlıbeldə qadın, uşaq fərq qoyulmadan insanlar vəhşicəsinə qətliama məruz qaldı. Sonrakı dövrlərdə Kəlbəcərdə tapılan insan qalıqları da Ermənistanın hansı səviyyədə misilsiz cinayətlər törətdiyini və Ermənistanın real mahiyyətinin nə olduğunu bir daha ortaya qoymuş oldu.
Tural İsmayılov hesab edir ki, istənilən halda “Başlıbel faciəsi” öz beynəlxalq hüquqi qiymətini almamış faciələrdən biridir.
“Başlıbel faciəsi Ermənistanın terrorunun sistemləşdirilmiş şəkildə həyata keçirməsinin ağır fəsadlarının nəticələrini ortaya qoydu. Bu faciəyə həmin dövrdə səs çıxarılmadığı üçün indiki dövrlərdə Ermənistan daha da azğınlaşaraq Qarabağın digər bölgələrində də soyqırım aktları həyata keçirdi”-deyə Tural İsmayılov vurğulayıb.
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların dəfn olunduğu yer aşkar edilib.
Qeyd edək ki, Başlıbel faciəsi zamanı sakinlər arasında hələ də itkin düşmüş hesab edilən girovlar var.
İradə Cəlil, Bizimyol.info