Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müvəqqəti yerləşdirilən rus sülhməramlı hərbi kontingent yavaş-yavaş Azərbaycan ərazisindən çıxarılır"
"Müvəqqəti yerləşdirilən rus sülhməramlı hərbi kontingent yavaş-yavaş Azərbaycan ərazisindən çıxarılır"

Rus hərbi kontingentinin Azərbaycanın işğaldan azad etdiyi torpaqlarından çıxması istiqamətində sosial şəbəkələrdə və bir sıra media orqanlarında görüntülər yayılıb. Görüntülərdə çoxluğu "BTR" markalı zirehli texnika və "URAL" markalı hərbi avtomobillərdən ibarət texnikanın bir kolon şəklində azad edilmiş Qarabağ torpaqlarından çıxdığı əks olunur.

2025-ci ildə fəaliyyət müddəti bitən rus sülhməramlıları indidən Azərbaycan ərazilərini tərk edə bilərmi?

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verib.

Ədalət Verdiyev Ədalət Verdiyev

"Azərbaycan ərazisində Rusiya hərbi kontingenti müvəqqəti yerləşdirilmişdi və onların funksiyası münaqişə tərəfləri arasında atəşkəsə nəzarət etməkdən ibarət idi. Lakin Azərbaycan ordusunun keçən ilin sentyabr ayında uğurla həyata keçirdiyi 1 günlük lokal antiterror əməliyyatlarından sonra ərazilərimiz silahlılardan təmizləndi və "münaqişə tərəfi" anlayışı artıq qalmadı. Bununla da, Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində yerinə yetirə biləcək funksiyası demək olar ki, aradan qalxdı.

Digər tərəfdən, indi Rusiyanın Ukraynadakı müharibəsi davam edir. Eyni zamanda Rusiya öz qüvvələrini Afrika ətrafında da yerləşdirir. Belə olan halda bu kontingentin Azərbaycanda vəzifəsiz bir şəkildə qalması, təbii ki, Rusiyanın maraqlarına uyğun deyil. Buna görə də qoşunlar yavaş-yavaş Azərbaycan ərazisindən çıxarılır. Biz bu prosesləri daha əvvəl də müşahidə etmişik. Xudavəng monastrı istiqamətində yerləşən rus qoşunlarının bir hissəsi var idi, hansı ki, onlar da ərazini tərk edirlər. Lakin indi çıxan texnikaların sayı böyük miqyasdadır. Böyük ehtimalla, Xocalı ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingentinin texnikaları da Azərbaycan ərazilərindən çıxarılır və burada qeyri-adi heç nə yoxdur. Çıxarılma prosesi aktiv fazadadır, ancaq tam olaraq başa çatmayıb. Amma müddətin sonuna kimi, yəni 2025-ci ilin noyabr ayına qədər bu proseslər yekunlaşacaq" - deyə, hərbi ekspert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »