Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: Tbilisinin mərkəzində keçirilən aksiyada 1 nəfər xəsarət alıb, 14 iştirakçı saxlanılıb - Video
DİN: Tbilisinin mərkəzində keçirilən aksiyada 1 nəfər xəsarət alıb, 14 iştirakçı saxlanılıb - Video

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin mərkəzində parlamentin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən etiraz aksiyasında bir polis əməkdaşının yaralandığı və 14 nəfərin isə saxlanıldığını bildirib.

Bizimyol.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etiraz səhər saatlarında parlamentin hüquq komitəsi “xarici agentlər” haqqında mübahisəli qanun layihəsinə baxdığı zaman parlament qarşısında başlayıb. 12 saatlıq müzakirələrdən sonra yerli vaxtla saat 22:00 radələrində komitə qanun layihəsini qəbul edib və iclas başa çatıb.

“Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin bir əməkdaşı xəsarət alıb, ona müvafiq tibbi yardım göstərilib”, deyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Orada da qeyd olunur ki, aksiya təşkilatçılarına və iştirakçılarına dəfələrlə Daxili İşlər Nazirliyi nümayəndələrinin sərbəst toplaşmaq və ifadə azadlığının qanunla icazə verilən hüdudlarından kənara çıxmamaq barədə qanuni tələblərinə əməl etməyə çağırsalar da, etirazçılar bu tələbləri nəzərə almayıblar. Bildirilir ki, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, onları təhqir ediblər.

Nəticədə xırda xuliqanlıq və polisə tabe olmadıqları üçün 14 nəfər inzibati qaydada saxlanılıb. Etirazçıların bəziləri dağılışmaq fikrində deyil. Hadisə yerinə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri səfərbər olunub. Bu arada aksiyanın təşəbbüskarları – müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş fəalları “Xarici təsirin şəffaflığı haqqında” qanunun əleyhinə olanları çərşənbə axşamı günorta saatlarında, plenar iclasın əvvəlində parlamentin qarşısına toplaşmağa çağırıblar.

2023-cü ilin martında kütləvi etirazlar fonunda geri çağırılan qanun layihəsini yenidən gündəmə gətirən səlahiyyətlilər, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorların Gürcüstandakı radikal qruplar və partiyalar üçün gizli maliyyəni artırdığını iddia edirlər.

Aparıcı müxalifət partiyaları və qeyri-hökumət təşkilatları iddia edirlər ki, “xarici agentlər” qanunu Gürcüstanın dost və düşmənlərini kateqoriyalara ayırır, QHT-lərə damğa vurur və ölkənin Aİ-yə inteqrasiyasına mane olur. Gürcüstan hakimiyyəti Avropa İttifaqını, o cümlədən Aİ-nin ayrı-ayrı ölkələri, ABŞ, BMT, NATO və Avropa Şurasını bu qanun layihəsindən imtina etməyə çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »