Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sökülən ərazilərin sakinlərinə verilən pul "yeni" ev almağa bəs etmir... Yeni binalarda qiymətlər bahalaşıb
Sökülən ərazilərin sakinlərinə verilən pul "yeni" ev almağa bəs etmir... Yeni binalarda qiymətlər bahalaşıb

Mənzil bazarında xüsusi canlanma hiss olunmur. Buna baxmayaraq, qiymətlər nəzərəçarpan dərəcədə artıb. Xüsusilə, paytaxtda bahalaşma müşahidə edilir. Hətta 2023-cü ilin sonları ilə müqayisədə də qiymətlərdə ciddi artım var.

Bizimyol.info xəbər verir ki, Bakıda mənzillərin qiyməti kəskin bahalaşıb. İndi 100 min manata ikiotaqlı mənzil almaq üçün şəhərətrafı ərazilərə üz tutmaq lazımdır. Metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Fransız” layihəli beşmərtəbəli binaların orta mərtəbələrində yerləşən ikiotaqlı mənzillər 110 min manatdan ucuz satılmır. 102-105 min manata birinci və beşinci mərtəbədə istəyə nail olmaq mümkündür.

“Şamaxinka” adlanan ərazidə, 9-cu mikrorayonda iki otaqlı mənzillər bir neçə min manat ucuzdur. Şəhərin bu istiqamətində doqquz mərtəbəli, “Leninqrad” və “Kiyev” layihəli sövet dövrünün binaları diqqət çəkir. Həmin binalarda iki otaqlı mənzillər 145 min manatdan baha təklif olunur. Üç otaqlı mənzillərin qiyməti 180-185 min manata çatır.

“Təzə bazar”, Qış parkı ərazilərində yeni çoxmərtəbəli binalar salınıb. Orada təmirsiz mənzillərin kvadratmetri 2700 manatdan başlayır. Yəni çoxmərtəbəli binada mənzil sahibi olmaq üçün azı 200 min manatla bazara gəlməlisən.

Mənzillərin qiyməti niyə kəskin bahalaşıb? Çünki paytaxt əhalisi dayanmadan artır. Bölgələrdə iş olmadığından, insanlar Bakıya üz tutur. Paytaxtda isə bina inşa etməyə daha yer qalmayıb. Mikrorayonlarda beşmərtəbəli köhnə binaların sökülməsi müzakirə predmetidir. Bu halda ucuzlaşmadan söhbət gedə bilməz.

Bahalaşma dalğası hələ pandemiya dövründə gəlmişdi. Rusiyadan, Ukraynadan vətənə qayıdan azərbaycanlılar daşınmaz əmlaka investisiya qoymaq qərarı vermişdi. İndi isə şəhərin müxtəlif yerlərindəki söküntülər, bazarı “canlı” saxlayır. Məsələn, paytaxtın “Kubinka” adlanan ərazisində böyük söküntü işləri aparılır. Sakinlərə evlərin hər kvadratmetri üçün 2000 manat təklif olunur. Halbuki bir neçə yüz metr o tərəfdə yeni binalarda mənzil almaq üçün azı bir dəfə yarım artıq xərcə düşmək lazım gəlir. Söküləcək evin əvəzində mənzil istəyənlərin arzusuna isti yanaşılmır. Çünki həmin ərazidə mənzillərə böyük tələbat hiss olunur. Söküntü işləri aparan şirkətlər üçün sakinlərə pul vermək sərf edir.

Yaxın gələcəkdə qiymətlərin aşağı düşməsini gözləmə dəyməz. Əksinə, bahalaşma sürətini azaltmayacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »