İran İslam Resıublikası Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti aprelin 5-də keçirilən Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşünü tənqid edib. Bu barədə Turan agentliyi məlumat yayıb.
Məlumatda deyilir: "Vilayəti Al-Mayadeen telekanalına müsahibəsində belə deyib: "Avropa İttifaqı və ABŞ NATO çərçivəsində Brüsseldə toplanıblar və guya sülhün bərqərar olunmasına yardım məqsədilə yeni hücum planı və Cənubi Qafqaz regionuna qanunsuz müdaxilə haqqında yeni qərar qəbul ediblər". Əslində Qərb "bu regionun ölkələrinin təhlükəsizliyini və müstəqilliyini məhv etmək bahasına hərbi iştirak üçün bəhanə axtarır".
"Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir, İran bu regionun bütün ölkələrinin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü hər zaman qoruyacaq və Aİ, NATO və ABŞ-ın Brüsseldə qəbul etdiyi son qərar heç bir halda həyata keçirilməyəcək".
Brüssel görüşündən bir həftə sonra Ali Dini Liderin beynəlxalq məsələlər üzrə müşaviri belə bir bəyanat verib. Əli Əkbər Vilayəti keçmiş xarici işlər naziridir. İndi isə faktik statusu xarici işlər nazirininkindən də yüksəkdir. Bu mövqeni Vilayəti və ya başqa bir yüksək səviyyəli İran diplomatiya məmuru bildirməmişdi. Vilayətini İran diplomatiyasında "köhnə qurd" hesab etmək olar. 1981-1997-ci illərdə - 16 il İranın xarici siyasət idarəsinə başçılıq edib. Qərbpərəst mövqeyi ilə tanınan Elçibəy hökumətinin devrilməsinə İranın siyasi-diplomatik dəstəyini məhz Vilayəti təşkil və təmsil edib. Antitürk mövqeyi ilə seçilir. Onun bu bəyanatı da İranın əsl siyasi xəttini pərdələmək üçündür. Eyni zamanda ölkəsinin daxili auditoriyasına hesablanıb. Çünki növbəti seçkilərdə İran prezidentliyinə real namizədlərdən sayılır. Ali Dini liderin xüsusi müşaviri olması onun şansını artırır.
Brüssel görüşünə rəsmi Tehranın müəmmalı susqunluğu bir daha göstərdi ki, əslində İranın antiamerika ritorikası da, sadəcə, görüntüdür. Ermənistana dayanmadan silah ötürən, rəsmi İrəvana hər cür dəstək verən İranı Paşinyanın Qərböyönümlü xətti niyə belə arxa tarixlə "narahat" edir. Burada "Cənubi Qafqaza kim gəlir-gəlsin, yetər ki, Türkiyə möhkəmlənməsin" düşüncəsidirmi bu?! Yoxsa başqa səbəb var?!
Seyid Əhmədli, Bizimyol.info