Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maaş artımı və ya gözdən pərdə asmaq... Orta aylıq məvacib nə az, nə çox 4 manat 40 qəpik artıb
Maaş artımı və ya gözdən pərdə asmaq... Orta aylıq məvacib nə az, nə çox 4 manat 40 qəpik artıb

Bir neçə gün əvvəl postsovet məkanında orta aylıq nominal əməkhaqqı ilə bağlı statistika yayılmışdı. Burada Azərbaycanın mövqeyinin çox da yaxşı olmaması diqqət çəkirdi. Keçmiş SSRİ respublikaları arasında xeyli ölkədən geri qalırıq. Azərbaycanda maaşlar, həqiqətən də, aşağıdır. Son illər inflyasiya daha aqressiv şəkildə özünü göstərir. Maaşların bununla ayaqlaşmaması vəziyyəti yalnız pisliyə doğru dəyişir. Əhalinin nominal qazancı artırsa da, real gəlirlər azalır.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsi orta aylıq nominal əməkhaqqının 4 manat 40 qəpik artdığını açıqlayıb. Yeni göstərici 946 manat 80 qəpikdir. Təsəvvür edin, artım 0,5 faizdən də aşağıdır.

Dövlət Statistika Komitəsi hər dəfə maliyyə müstəvisində statistika açıqlayanda həm də durumun necə pis olduğunu ortaya qoyur. Cüzi artım əhalinin çox əziyyət çəkdiyini göstərir. Elə bu komitənin açıqladığı aylıq inflyasiya faizi həmişə 0,5 faizdən yüksək olur. 4 manat 40 qəpik artımı açıqlamaq əhalini məşhur televiziya tamaşasında olduğu kimi, “dütdülü” ilə təbrik etmək deməkdir. Yəni ciddi mahiyyətdən söhbət gedə bilməz.

2023-cü il ərzində orta aylıq nominal əməkhaqqı 86 manatdan çox artıb. İndiki vəziyyət də həmin göstəriciyə çatmayacağımızı göstərir. Çünki hökumət 2024-cü ildə maliyyə istiqamətində vəd verməmək qərarı alıb. Pensiyalar və maaşlar artırılmır. Bazar və mağazalar od tutub yanır.

İşsizlik barədə yaxın günlərdə ətraflı danışarıq. Postsovet məkanında bu istiqamətdə vəziyyətin ağır olmasıyla bağlı xüsusi yer tuturuq. İnsanlar onsuz da iş tapa bilmir. Üstəlik, iş tapanlar da qəpik-quruşa işləməli olurlar. Hökumətin sosial siyasətinin zəif olması əhalinin güzəranında özünü aşkar göstərir.

Neft qiymətləri qalxır. Hökumət üçün yetərincə vacib xəbərdir. Çünki iqtisadiyyat tamamilə enerji resurslarından asılı qalıb. Ciddi iqtisadi konsepsiyanın olmaması ölkənin ümumi mənzərəsinə təsir göstərir. Neft insanların yaxşı yaşamasına xidmət etməlidir. Boş, ucadan deyilmiş ifadələrlə qarın doymur. Ölkə sərvətləri bu torpaqlarda başqa sosial mənzərə yaratmalıdır. Məvaciblər çox aşağıdır. Buna təcili əncam çəkilməlidir. Cüzi artımı da xüsusi açıqlamaq ölkəyə başucağılı gətirmir. Sözün əsl mənasında utanmalı vəziyyətdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »