Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kəlbəcəri işıqsız qoyub, Ağdabanda faciə törədən ermənilər qətliama hazırlaşmışdılar"
"Kəlbəcəri işıqsız qoyub, Ağdabanda faciə törədən ermənilər qətliama hazırlaşmışdılar"

Ağdaban faciəsi... Bu gün Ağdaban faciəsinin 32-ci ildönümüdür. Torpaqlarımız işğaldan azad edilsə də, ermənilərin bizə yaşatdığı faciələr, qətliamlar, işgəncələr bu gün də unudulmur.

Yazıçı, publisist Əlövsət Ağalarov Bizimyol.info xəbər portalına müharibənin yeni başladığı illərdən, Ağdaban faciəsindən danışıb.

Əlövsət Ağalarov

“O dövrlərdə bizim ordumuz nizamlı deyildi. Əli qana batmış ermənilər Xocalının qisasını almadığımızı görüb, harada zəif bölgə varsa o bölgələrə əl atmağa başladılar. Kəlbəcərin də zəif nöqtəsi Ağdaban idi...

1988-ci ilin axırı 1989-cu ilin əvvəlində Ağdərədən, Ağdamdan, Kəlbəcərə gedən yüksək elektrik xəttlərinin hamısını dağıtdılar. Kəlbəcər işıqsız qaldı. Təsəvvür edin ki, 123 kənd 60 min əhalisi olan rayon heç bir yerdən enerji almırdı. Əhali ibtidai icma quruluşu dövründə olduğu kimi lampa işığı ilə yaşayırdı. Buna baxmayaraq, Kəlbəcərin əhalisi Kəlbəcərdən köçmədi. Hətta 1992-ci ilin may ayının 18-də Laçın işğal olunanda biz yerli özünümüdafiə batalyonları Kəlbəcər düzündə, hər kəndin girişində postlar qurduq. İnsanlar panikada idi. Laçın işğal olunsa, Kəlbəcəri daha çox təhlükə gözləyirdi. Ona görə də Kəlbəcər camaatında ciddi ölçüdə təşviş var idi.

Kəlbəcər hər iki tərəfdən Ermənistan tərəfdən, Ağdərə tərəfdən mühasirədə idi. Ağdərədən Kəlbəcərə birbaşa yol bağlandı. 5 il biz Murov yolundan istifadə etdik. Mən o yoldan silah aparmışam, 3 sutka orada qalmışam”.

Əlövsət Ağalarov danışır ki, 1992-ci ildə ermənilər Kəlbəcəri aprelin 24-də "erməni soyqırımı" gününə işğal etməyi planlaşdırıbmışlar. Bu səbəbdən də ora silah daşınırmış.

“Ağdərənin Çaparaq kəndi tərəfindən ermənilər çox qəddarcasına gəldi. Aprelin 8-nə keçən gecə kənd yandırılmışdı. Kənddə 130-135 ev və 800 nəfərə yaxın əhalisi var idi. O əhaliyə işgəncə verdilər, qətlə yetirdilər. Orada rəhmətlik Dədə Şəmşirin məzarını dağıtdılar, onun evini hətta qardaşlarını da yandırdılar. Onun ailəsi, 12 nəfərə yaxın ailə şəhid oldu. Şair Əlqəmi var idi, onun oğlu şəhid oldu. Saşa var idi. Saşa rəhmətlik döyüşkən biri idi. Bu insanlar hamısı kəndin müdafiəsində fəal iştirak etmişdilər. Buna baxmayaraq, ermənilər gəldi 70-ə yaxın adamı qətlə yetirdilər. Tövlələri yandırdılar. Təsəvvür edin ki, ot tayalarının üstünü yandırır, üstünə atırdılar. Onlardan 1-2 nəfər də itkin düşdü, heç tapılmadı da. 20 nəfər də ağır yaralanmışdı”-deyə Əlövsət Ağalarov Ağdaban faciəsini yad edib.

Yazıçı qeyd edib ki, tarix unudulmur və ermənilərin Azərbaycan xalqına yaşatdıqlarını əsla unutmaq olmaz...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »