Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2027-ci ildə növbədənkənar seçkilər keçirilsə, müxalifətin namizədi böyük ehtimalla Əkrəm İmamoğlu olacaq"
"2027-ci ildə növbədənkənar seçkilər keçirilsə, müxalifətin namizədi böyük ehtimalla Əkrəm İmamoğlu olacaq"

“Türkiyədə 31 mart 2024-cü ildə keçirilən yerli seçkilərdə müxalifətin qalib gəlməsinin bir çox səbəbi var. Ən əsası odur ki, iqtisadi böhranla əlaqədar əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb və pensiyaçıların yaşaması çətinləşib. İkinci mühüm səbəb, ədliyyə sisteminin pozulmasıdır. Məsələn, işə qəbulda müsahibə sisteminin olması siyasi gücü olanların işə götürülməsinə səbəb olur, adi insanlar haqqı olsa belə işsiz qalırlar. Bu vəziyyət insanların reaksiyasına səbəb olub. Üçüncü səbəb kimi AK Partiya namizədlərinin təsirsizliyi və 22 ildir hakimiyyətdə olan AK Partiyanın yorğunluğu göstərilir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor bildirib ki, bu nəticələr Türkiyədə müəyyən inkişaflara səbəb ola bilər. Müxalifət partiyalarında dəyişikliklər ola bilər. Bəzi partiyalarda istefalar baş verir, yaxud liderlər dəyişir. Bu məğlubiyyəti kompensasiya etmək üçün hökumət həm iqtisadi, həm də ədalət məsələlərində nizamnamələr hazırlayır. Professorun fikrincə, nə olursa olsun, növbəti seçkilərdə iqtidarın uğur qazanması daha çətin olacaq.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Məsələn, 2027-ci ildə növbədənkənar ümumi seçkilər keçirilsə, müxalifətin namizədi böyük ehtimalla Əkrəm İmamoğlu olacaq. Əkrəm İmamoğlu indiyə qədər hökumətlə qarşılaşan bütün namizədlərin ən güclüsüdür. Bu səbəbdən 2027 və ya 2028-ci ildə keçiriləcək seçkilərdə Türkiyədə hakimiyyətin dəyişmə ehtimalı yüksəkdir. Digər tərəfdən, qalib gələn müxalifət bələdiyyələri yaxşı işləyə bilməsə və hakimiyyət səhvlərini kompensasiya etsə, Rəcəb Tayyib Ərdoğanın 2027 və ya 2028-ci il seçkilərində yenidən qalib gəlməsi mümkün olacaq. Bütün bu proseslər həm də dünyada və Türkiyədəki sosial-iqtisadi vəziyyətdən asılı olacaq”-deyən Kərəm Qarabulud qeyd edib ki, mövcud olan bir reallıq var. İstər iqtidar davam etsin, istər müxalifət qazansın Türkiyə-Azərbaycan münasibətləri eyni şəkildə davam edəcək. Heç bir dəyişiklik olmayacaq. Çünki Türkiyə-Azərbaycan münasibətləri siyasətdən kənardır və hər iki dövlətin dövlət və milli siyasətidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »