Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvanda 7,4 bal gücündə zəlzələ baş verib
Tayvanda 7,4 bal gücündə zəlzələ baş verib

Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti ("USGS") zəlzələnin episentrinin Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu bildirib.

34,8 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində rayondakı yaşayış məntəqələrinə ziyan dəyib, ilkin məlumata görə, 4 nəfər həlak olub, 90-dan çox insan xəsarət alıb.

Tayvan Mərkəzi Meteorologiya İdarəsi ("CWA") zəlzələnin maqnitudasının 7,2 olduğunu və Hualien şəhərindən 25 kilometr cənubda və 15 kilometr dərinlikdə qeydə alındığını bildirib.

"CWA" bunun son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olduğunu bildirib və adanın şimal bölgələri üçün nəhəng dalğa xəbərdarlığını edib.

Tayvan adasından başqa, materik Çin və ətraf ölkələrdə də sunami xəbərdarlığı edilib. Çin Sunami Xəbərdarlıq Mərkəzi 4 mərhələli xəbərdarlıq sisteminin ən yüksək səviyyəsi olan "qırmızı xəbərdarlıq" verib.

"USGS" Hualien şəhərindən 11 kilometr şimal-şərqdə, 12,6 kilometr dərinlikdə, birinci zəlzələdən 20 dəqiqə sonra 6,4 bal gücündə ikinci zəlzələnin qeydə alındığını açıqlayıb.

"USGS" məlumatlarına görə, 6,4 bal gücündə zəlzələdən əlavə, maqnitudası 4,7-5,7 olan daha 16 afterşok qeydə alınıb.

Tayvan Yanğından Mühafizə Agentliyi zəlzələnin vurduğu Hualiendə 4 nəfərin öldüyünü açıqlayıb. Hualien, Yilan, Taypei, New Taypei, Keelung və Taoyuan şəhərlərində ən azı 90 nəfərin yaralanması ilə bağlı xəbəri təsdiqləyib.

Tayvan mətbuatında yer alan xəbərlərə görə, Hualien şəhərində çoxlu binalar zərər görüb və dağılıb. Hualien şəhərinin şərq sahilində yerləşən Suhua Ekspres yolu çökmə səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb, Taoyuan Beynəlxalq Hava Limanının tavanının bir hissəsi çöküb.

Hualien ətrafındakı və adanın daxili hissəsindəki bir çox yol çökmələr və qayaların düşməsi səbəbindən nəqliyyata bağlanıb.

Kibertəhlükəsizlik və internetə nəzarət təşkilatı "NetBlocks"un məlumatına görə, zəlzələdən sonra Tayvanın bəzi bölgələrində elektrik enerjisinin və internetin verilməsi kəsilib. Tayvan Elektrik Şirkəti yerli vaxtla saat 10.30-a olan məlumata görə, kəsintilərin əksəriyyətinin aradan qaldırıldığını bildirib.

Tayvan lideri Tsai İnq-ven zəlzələnin vurduğu ziyandan narahat olduğunu bildirib və hərbçilərə Hualien və digər bölgələrdə xilasetmə işlərinə dəstək verməyi tapşırıb.

Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkənin cənub-qərbindəki Okinava və Miyako adaları üçün hündürlüyü 3 metrə çata biləcək sunami xəbərdarlığı edib. Yaponiyanın "Kyodo" xəbər agentliyi zəlzələdən sonra nəhəng dalğaların Okinava yaxınlığındakı Yonaquni və İşigaki adalarının sahillərinə çatdığını açıqlayıb.

Xatırladaq ki, 21 sentyabr 1999-cu ildə Tayvanda Taypeydən 150 kilometr cənubda baş verən 7,7 bal gücündə zəlzələdə təxminən 2400 adam həyatını itirmiş, 100 mindən çox insan yaralanmış, minlərlə bina dağılmışdı.

Qadiir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »