Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin öz vətəndaşlarına ABŞ-a səyahət etmələri barədə xəbərdarlıq edib
Çin öz vətəndaşlarına ABŞ-a səyahət etmələri barədə xəbərdarlıq edib

Çin ABŞ-a səfər edəcək vətəndaşlarına "gözlənilməz vəziyyətlərə hazır olmaq" barədə xəbərdarlıq edib.

Bizimyol.info "trthaber" ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin "WeChat" hesabında dərc edilən səyahət xəbərdarlığında, bəzi çinli tələbələrin, şirkət işçilərinin son vaxtlar ABŞ-dakı hava limanlarında “polis tərəfindən qeyri-qanuni sorğu-sual və təqiblərlə” qarşılaşdıqları xatırladılıb.

Açıqlamada Çin vətəndaşlarının baqajlarında olan telefon, kompüter və digər əşyaların bir-bir yoxlanıldığı, bəzilərinin ölkəyə girişinin qadağan edildiyini xatırladaraq, ABŞ-a səfər edənlərin də oxşar hallarla rastlaşa biləcəyi bildirilib. Bəyanatda qeyd olunub ki, Çin Xarici İşlər Nazirliyi, Vaşinqton səfirliyi və ölkədəki konsulluqlar bu məsələ ilə bağlı ABŞ hakimiyyətinə etiraz ediblər.

Yanvarın 29-da Çinin Vaşinqtondakı səfirliyi yaydığı bəyanatda bildirib ki, bəzi çinli tələbələr Vaşinqtondakı Dulles Beynəlxalq Hava Limanına gələrkən qarşılaşdıqları pis rəftara görə ABŞ-a etiraz ediblər. Açıqlamada hava limanında tələbələrin elektron cihazlarının yoxlanıldığı, onların valideynləri ilə əlaqə saxlamasının qarşısı alındığı, bəzi hallarda isə 10 saata qədər saxlanıldığı, sərhəd nəzarəti əməkdaşlarının davranışının çinli tələbələrə ciddi psixoloji ziyan vuraraq akademik işlərə mane olduğu bildirilib.

Açıqlamada bu təcrübənin ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinqin 2023-cü ilin noyabrında San-Fransiskoda keçirdikləri görüşdə iki ölkə arasında humanitar əlaqələri artırmaq üçün əldə etdikləri razılaşmaya zidd olduğu vurğulanıb.

Çinin Vaşinqtondakı səfiri Xie Fing pis rəftarın “qəbuledilməz” olduğunu bildirib və deyib: “Çinli tələbələr hava limanına enən zaman 8 saata qədər davam edən sorğu-suallarla üzləşirlər. Valideynləri ilə əlaqə saxlaya bilmirlər, onlara qarşı əsassız ittihamlar irəli sürülür, hətta deportasiya edilir və ölkəyə buraxılmasına mane olurlar”.

Səfirlik çinli tələbələrə "sözügedən hava limanına gələrkən diqqətli olmaları" barədə xəbərdarlıq edib. Çin Elmlər Akademiyasının nəşri olan "China Science Daily" yanvar ayında dərc etdiyi xəbərdə ABŞ-da biologiya elmləri üzrə doktorluq dərəcəsi alan çinli tələbənin Dulles hava limanında sorğu-sual edildiyini bildirib.

Xəbərdə qız tələbənin axtarıldığı, 8 saat sorğu-sual edildiyi və 12 saat təkadamlıq kamerada saxlandığı, daha 10 çinli tələbənin də oxşar rəftarla üzləşdiyi bildirilib. Qeyd edilir ki, sorğu-suallarda tələbələrin ABŞ-da təhsil aldıqları üçün Çin Təqaüd Şurasından aldıqları təqaüdlər və məxfi tədqiqatlarda rollarının olub-olmaması ilə bağlı olur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »