Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bölgə, region futboluna ayrılıb "çatmayan" pullar ölkə çempionatını "Bakı çempionatı"na çevirib...
Bölgə, region futboluna ayrılıb "çatmayan" pullar ölkə çempionatını "Bakı çempionatı"na çevirib...

Ölkə futbolunun səviyyəsi bir çox amillərlə ölçülür. Uşaq futbolunun vəziyyəti, milli komandanın çıxışları, yerli çempionatın durumu vacib göstəricidir. İllərdir ölkə birinciliyi durğunluq dövrünü yaşayır. Azarkeş marağı çox aşağıdır. “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov burada gördüklərindən çox təəccüblənib. O, milli çempionata azarkeş marağının olmamasına görə məyusdur. Lunyov sanki hər dəfə yoldaşlıq görüşünə çıxdıqlarını deyib.

Bizimyol.info xəbər verir ki, yüksək liqada cəmi 10 klub mübarizə aparır. Məsələnin məyusedici tərəfi həm də əksər komandaların paytaxtı təmsil etməsidir. “Neftçi”, “Sabah”, “Səbail” və “Zirə” birbaşa paytaxt komandası sayılır. “Araz-Naxçıvan” adı sizə cəzbedici görünməsin. Bu komanda da oyunlarını paytaxtda keçirir. “Qarabağ” əvvəllər bir neçə dəfə Quzanlıda oyun keçirdi. Amma hiss olunur ki, Ağdam təmsilçisi Bakıya üstünlük verir. “Kəpəz”in də paytaxtdan yolu az keçməyib. “Sumqayıt” bölgə təmsilçisi deyil. Daha nə qaldı?! Yalnız “Turan Tovuz” və “Qəbələ” bölgə futboluna işarə vurur.

Futbol funksionerləri bir şeyi əvvəl-axır anlamalıdırlar ki, bölgə komandaları olmasa, milli çempionat həmişə belə sönük keçəcək. O boyda “Neftçi”nin ev oyunlarına 100 nəfər gəlir. Nə etmək olar, paytaxtda yaşayanlar milli çempionata maraq göstərmir. İnsanlar Abşeron yarımadasına daha çox bir parça çörək üçün toplaşıb. Bölgələrdə isə futbola maraq böyükdür. “Turan Tovuz” – “Qarabağ” qarşılaşması gözəl nümunədir. Oyunu 7 min nəfər izləmişdi.

Bir görəsiniz, Azərbaycanın ikinci liqasına necə azarkeş marağı var. Çünki klubların əksəri bölgəni təmsil edir. Şəkidə camaat pul toplayır ki, “Şəki Siti” yaşasın. Şəmkirdə yerli komandanın qənaətbəxş çıxış etməməsinə rəğmən, oyunlara xeyli azarkeş gəlir. “Göygöl”ün, “Lerik”in, “Ağdaş”ın oyunlarında tribunalara baxmaq adama zövq verir.

...Biz hələ Region Liqasından danışmırıq. Beyləqanda “Mil” ilə “Göyçay”ın qarşılaşmasının kadrlarını paylaşmışdılar. Yerli komanda qol vuranda tribunadakılar necə sevinirdilər.

Hanı yüksək liqada belə atmosfer? Yoxdur! Milli çempionatı Bakı birinciliyinə çeviriblər. Peşəkar Futbol Liqası bu haqda ciddi düşünməlidir. Kimə lazımdır belə çempionat?! Bölgə klublarını küsdürdülər. İnsanların gözü hələ də “Xəzər Lənkəran”ı axtarır. Belə komandalar oynamayacaqsa, onda ölkə futbolundan da danışmayaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »