Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DTX rəisi: “Qalıqları tapılan 107 nəfərdən 34-ü ailələrinə təhvil verilib, yaxın günlərdə daha 73 nəfərin adı açıqlanacaq”
DTX rəisi: “Qalıqları tapılan 107 nəfərdən 34-ü ailələrinə təhvil verilib, yaxın günlərdə daha 73 nəfərin adı açıqlanacaq”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işinə rəhbərliyi həyata keçirir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində bu vaxtadək mütəxəssislər tərəfindən itkin düşmüş 107 nəfərin (onlardan 95 nəfərin DTX-nin Hərbi-Tibb Baş Idarəsinin genetik laboratoriyasında, 12 nəfərin isə Daxili İşlər Nazirliyinin müvafiq struktur bölməsində) eyniləşdirilməsi həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, DTX rəisi, general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbirdə çıxışında bu barədə danışıb.

“Onlardan 34 nəfərin qalıqları ailələrə təhvil verilib. Bununla da onların 30 ildən artıq davam edən iztirab və nigarançılığına son qoyulub. Yaxın günlərdə eyniləşdirilməsi təmin olunmuş 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”, - Əli Nağıyev bildirib.

DTX sədri vurğulayıb ki, Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qələbənin əldə olunmasına digər hərbi strukturlar kimi, rəhbərlik etdiyi qurumun şəxsi heyəti də öz töhfəsini verib. Hazırda DTX-da “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş 7 əməkdaş xidmət edir.

Əli Nağıyev xatırladıb ki, 2023-cü ildə DTX-nın əldə etdiyi ən böyük uğurlardan biri Qarabağda uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq, cinayət məsuliyyətinə cəlb edilməsi olub.

DTX rəisinin sözlərinə görə, rəhbərlik etdiyi qurumun hazırda dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə milli maraqlara və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləri var. Bu da xaricdən qaynaqlanan təhdidlərin neytrallaşdırılması - beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir.

“İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqları, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əldə olunan razılaşmanı həzm edə bilməyən Fransa və bəzi qərb dövlətlərinin bu dəfə başqa taktika seçdiyi müşahidə olunur. Hazırda rəsmi Paris tərəfindən Ermənistanda yeni hərbi missiya yaradılması açıq şəkildə Ermənistanı yeni müharibəyə təhriketmə niyyətlərindən xəbər verir”, - deyə Əli Nağıyev çıxışında bildirib.

Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə DTX-nın bir qrup əməkdaşı ali hərbi rütbələr və yüksək dövlət mükafatlarına layiq görülüb. Əli Nağıyev çıxışında bu barədə də danışaraq bildirib ki, eyni zamanda, dövlət başçısının tapşırığı ilə DTX əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atılıb: “Fürsətdən istifadə edərək, Xidmətimizə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentə şəxsi heyətimiz adından dərin minnətdarlığımızı bildirirəm. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyasına sadiq, möhtərəm Prezident cənab İlham Əliyevin əmr və göstərişlərinin icrasına hər an hazır olan Xidmətin hər bir əməkdaşı Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcək”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »