Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu il bütöv Azərbaycan üzrə keçiriləcək bələdiyyə seçkiləri həm siyasi, həm də ictimai dəyər daşıyacaq"
"Bu il bütöv Azərbaycan üzrə keçiriləcək bələdiyyə seçkiləri həm siyasi, həm də ictimai dəyər daşıyacaq"

Bu il azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Məzahir Pənahov əlavə edib ki, bu il həm də Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzuli rayonlarında, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. “Həmin vaxta qədər də o yerlərə vətəndaşların köçürülməsi prosesi davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”-deyə Məzahir Pənahov bildirib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda bu il bələdiyyələrin 25-ci ili tamam olur və dekabrda 6-cı dəfə Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Vüqar Tofiqli Vüqar Tofiqli

Ekspertin sözlərinə görə, bu il ərzində Azərbaycan bələdiyyəsinin bir çox problemləri olub və bu gün də mövcuddur. Bu problemlər qanunvericilik, icra-bələdiyyə münasibətlərində və mərkəzi icra orqanlarının bələdiyyə ilə münasibətində, eləcə də qanunvericiliyin icra mexanizmlərində mövcuddur. Bu, danılmazdır və bu problemlərin həlli ilə bağlı müvafiq orqanlar addımlar atmaqdadır.

“Xüsusən də bu işdə Azərbaycan Bələdiyyələrin Milli Assosiasiyası da ciddi şəkildə addım atır. Məhz administrasiya müvafiq sektorun dəstəyi ilə artıq ötən il müəyyən maliyyə istiqamətlərinin və maliyyə gəlirlərinin artırılması istiqamətində addımlar atılıb. Bunlardan da ən əsası, ən vacibi bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin əmlak məsələlərinin dövlət xidmətinin məlumat sisteminə qoşulması, inteqrasiya edilməsidir. Yəni bu inteqrasiya nəticəsində Azərbaycanda bələdiyyələrin büdcəsinə müəyyən mənada əlavə maliyyə vəsaitinin daxil olunması gözlənilir. Eyni zamanda elektron mobil notariat məsələsinin də BAMS proqramına inteqrasiya edilməsi nəzərdə tutulur. Yəni ədliyyə nazirliyinin bazası elektron bazasının da BAMS-a qoşulması nəzərdə tutulur. Bildiyim qədərilə bu istiqamətdə artıq iş gedir və yəqin ki, yaxın günlərdə bu da inteqrasiya edilsə bələdiyyələrin maliyyə gəlirlərinin müəyyən mənada artım olacaq”-deyə o bildirib.

Vüqar Tofiqli vurğulayıb ki, hazırda faktiki olaraq, 1606 bələdiyyə var və qarşıdan bələdiyyə seçkiləri gəlir.

“Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərinin tam şəkildə ölkə üzrə həyata keçirilməsi baş tutmayıb. Belə ki, Azərbaycan ərazilərinin 20%-dək hissəsinin erməni işğalı altında olması nəticə etibarilə bələdiyyələrin müəyyən mənada tam şəkildə yəni bütün ölkə ərazisində fəaliyyətinə problem yaradırdı. Azərbaycan əhalisinin 1 milyon nəfəri öz ərazilərindən didərgin düşmüşdü. Bələdiyyə seçkilərində bələdiyyələr tam formalaşdırılmadığı üçün iştirak etmirdilər. Bu da 1 milyonun 300 mini qədər seçici deməkdir. Kifayət qədər seçici sayı anlamına gəlir.

Cənab prezidentin və xalqımızın o cümlədən müzəffər ordumuzun sayəsində artıq müəyyən addımlar atılıb. Ərazi bütünlüyümüz tam şəkildə bərpa edilib. Bələdiyyə seçkilərinin Qarabağ ərazisində, o cümlədən Şərqi Zəngəzur ərazisində keçirilməsi çox müsbət addım olacaq. Bütövlükdə bələdiyyələrin cəmiyyətdə hörmətinin, nüfuzunun, çəkisinin artırılması üçün qarşılaşdıqları problemlərin həlli vacibdir. Bunların da içərisində xüsusən də bələdiyyələrin əmlakla bağlı olan məsələləri öz həllini tapmalıdır”-deyə Vüqar Tofiqli bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »